Accessibility links

Azadlıq qəzetinə dəstək, “Siqareti at - Azadlıq al” [Video-reportaj](yenilənib - daha 3 min cərimə)


Yasamal məhkəməsi bu saatda Azadlıq qəzetini daha 3 min cərimə edib. Azadlıq qəzetinə dəstək məqsədi ilə toplantı keçirilib. Müxalif liderləri, ictimai xadimlər, QHT rəhbərləri xalqı qəzeti dəstəkləməyə çağırıb

Bu gün Yasamal rayon Məhkəməsi Azadlıq qəzetini 3 min manat cərimə edib.
Qəzetin baç redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə bildirib ki, məhkəmə qərarını Yasamal rayon məhkəmə qərarlarının icra şöbəsinin iddiası əsasında qəbul edib. İcra şöbəsi Binə Ticarət Mərkəzinin direktoru Kəbirə Məmmədovun iddiası üzrə məhkəmə qərarını qəzetin yerinə yetirməməsindən məhkəməyə şikayət edib.

Məhkəmə həmçinin oktyabrın 24-də qəzetin bank hesabına həbs qoyub.

*****

Hakimiyyətin seçkidən sonra əsas məqsədi “Azadlıq” qəzetini susdurmaqdır. “Azadlıq” qəzetinin nəşrinin dayandırılması üçün lazım olan bütün addımları atırlar. Qəzetin nəşrini davam etdirməsi üçün siyasi, hüquqi, maliyyə dəstəyinə ciddi ehtiyacı var.

Oktyabrın 29-da Müsavat Partiyasının qərargahında “Azadlıq” qəzetinin müdafiəsi məqsədi ilə keçirilən toplantıda səslənən əsas fikirlər bununla bağlı olub.
Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, prezident seçkilərindən dərhal sonra qəzetə qarşı təzyiqlər işə düşüb.

Qəzet “Binə” Ticarət Mərkəzindəki qanunsuzluqlarla bağlı iyulda çap etdiyi yazıya görə 32 min manat cərimə edilib. Məhkəmə cərimənin ödənilməsi haqda qərar verib və qəzetin bank hesabına həbs qoyulub.

Digər tərəfdən “Azərbaycan” nəşriyyatı qəzetin borcunun ödənilməsini tələb edir. Əks halda qəzetin nəşrinin dayandırılacağı xəbərdarlığı edilib.

Azadlıq qəzetinə dəstək konfransı

Azadlıq qəzetinə dəstək konfransı

Bundan əlavə, “Qasid” Yayım Firması qəzetə olan 47 min manat borcunu ödəmir. Metro stansiyalarında qəzetin səyyar satışına imkan verilmir.

Hacıyev demokratik qüvvələrin, ictimai təşkilatların, söz azadlığını vacib sayanların dəstəklərinə və yardımlarına ehtiyacı olduğunu deyib.

Vəkil Aslan İsmayılov deyib ki, “Azadlıq” qəzeti ölkədə demokratiyanın son qalasıdır.
“Azadlıq” bağlanandan sonra azad fikrin tribunası qalmayacaq. Bu son dayanacaqdır. “Azadlıq” qəzetinin hakimiyyətdə olarkən sərt tənqid edənlər belə həbsə düşəndən sonra bu qəzeti özlərinə tribuna seçiblər. Qəzeti qorumaq hər bir vətəndaşın borcudur. Çünki, bu nəşr hər bir vətəndaşın təmənnasız tribunasıdır”, o qeyd edib.

“Azadlıq” qəzetinin qapanması azad sözün deyil, həm də qulaqların qapanması deməkdir.

“Azad söz demokratiyanın əsasıdır. Azad söz cəmiyyətin ehtiyacıdır. Bu ehtiyacımızı müdafiə etməliyik”, jurnalist Şahvələd Çobanoğlu bildirib.

Vəkillər qəzetin hökumət orqanlarına qarşı cavab addımı atmasını vacib sayır.
“Qəzet də “Qasid” firmasını, metro rəisini, Binə Ticarət Mərkəzinin rəhbərini, məhkəmə qərarlarının icrası şöbəsini məhkəməyə verməlidir. Yüzlərlə insanın evləri qanunsuz uçurulub. Bununla bağlı rəsmi şəxslərə qarşı yüzlərlə məhkəmə qərarları var. Məhkəmə qərarlarının icrası şöbəsi bu qərarların birini belə icra etmir, ancaq “Azadlıq” qəzetinə qarşı olan məhkəmə qərarını yubanmadan icraya yönəldir”, vəkil Fuad Ağayev sual edib.

Milli Məclisin keçmiş deputatı Gültəkin Hacıbəyli hesab edir ki, azad medianın susdurulması cəmiyyətin etiraz enerjisinin sosial partlayışa yönəldilməsi deməkdir.
“Azadlıq” qəzeti etiraz elektoratının səsidir. Bu tribuna vasitəsi ilə elektorat öz etiraz enerjisini sərf edir. Mən azad sözü, ədaləti “Azadlıq” qədər mütəşəkkil müdafiə edən nəşr tanımıram. “Azadlıq” birinci olaraq cəmiyyətin ehtiyacıdır”, o qeyd edib.

AXCP sədri Əli Kərimli qəzetin müdafiəsinin vacibliyini bildirib. O həmçinin “Azadlıq” qəzetinə qarşı kampaniya aparan qurumlara və şəxslərə qarşı əks kampaniya aparmağın vacibliyini deyib.

“Bu əks məhkəmə işlərini həm də haqsızlığa qarşı mübarizənin bir nümunəsinə çevirmək olar. Məhkəmələrdə ölkənin tanınmış hüquqşünasları hökumətin ədalətsizlikləri ilə bağlı hesabatlar tələb edə bilərlər”.

O Turanın analizlərinə istinadən deyib ki, hələ 1998-ci ildə Azərbaycanda medianın 55 faizi müxalifət və müstəqil yönümlü idi.

“Senzuranın ləğvindən sonra medianın kütləvi şəkildə ələ alınması başladı. Hazırda İlham Əliyev də daxil olmaqla hökuməti tənqid edən yeganə nəşr “Azadlıq” qalıb”, o qeyd edib.

Qəzetə dəstək çıxışlarının birində maraqlı təklif səsləndirilib.

“Demokratiyanı sevən şəxslər “Siqaretdən imtina - Azadlğa dəstək“ kampaniyasına başlamalıdır. Mən bu gündən siqaret çəkməkdən imtina edirəm, əvəzində “Azadlıq” qəzetinə abunə yazılıram. Bütün demokratları bu kampaniyaya qoşulmağa səsləyirəm. Bu həm sağlamlığa, həm vəsaitin qənaətinə, həm də azad sözün dəstəklənməsinə yönəlmiş bir kampaniyadır”, deyə qəzetin oxucu Elburus Məmmədov qeyd edib.

Toplantıda ölkə əhalisi qəzetə abunə yazılmağa çağırılıb, beynəlxalq və yerli ictimaiyyətin qəzetə yardım etməsi vacib sayılıb. Eyni zamanda qəzetin ölkənin bütün regionlarında könüllülər, müxalif təşkilatlar və QHT-lər tərəfindən yayılması barədə çağırışlar səslənib.
XS
SM
MD
LG