Accessibility links

“Azadlıq” qəzeti çapını dayandırmaq təhlükəsi qarşısındadır. Bu barədə qəzetin müraciətində deyilir.

“Redaksiyanın ağır maliyyə vəziyyəti artıq gələn həftə qəzetin nəşrini davam etdirməsini sual altında qoyur. Iş o həddə çatıb ki, kağız, çap və kommunal xərclər üzrə faktiki ödəniş etmək imkanı yoxdur. Ən qısa müddət ərzində bu problemlərin aradan qaldırılmaması “Azadlıq”ın nəşrini mümkünsüz edəcək”, qəzet yazır.

Redaksiya kömək üçün demokratik ictimaiyyətə müraciət ünvanlayıb.

“Biz bir daha “Azadlıq”sevərləri - Azərbaycanda söz azadlığını səmimi şəkildə müdafiə edənləri qəzetin xilası kampaniyasında yaxından iştiraka çağırırıq! Hesab edirik ki, Azərbaycanın ictimai-siyasi həyatının misilsiz fenomeninə çevrilmiş “Azadlıq” qəzetini xilas etmək demokratik düşüncəli bütün vətəndaşların mühüm işinə çevrilməlidir!” redaksiya qeyd edir.

“Azadlıq”a qarşı təzyiqlərə gəlincə, qəzet xatırladır ki, YAP-çı deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid” yayım firması “Azadlıq”ın satılmış nüsxələrinin pulu olan 69 min manatı mənimsəyərək, redaksiyaya ödəməkdən imtina edir.

“KIV-ə Dəstək Fondu “Azadlıq”la əməkdaşlığı dayandırdı. Metro stansiyalarında qəzet və jurnal satışının dayandırılması məhz “Azadlıq”ın yayımının qarşısını almaq üçün atılmış addım idi. Üstəlik, paytaxtda əldə qəzet satışı da qadağan edildi. Bundan başqa, hakimiyyətin “Azadlıq”a qarşı aqressiv kampaniyası iş adamlarını bu qəzetə reklam verməməyə məcbur edir. Son aylarda hakimiyyətin nəzarətində olan KIV-lər “Azadlıq” qəzetinə qarşı səlib yürüşünə yenidən start veriblər. Demək olar ki, hər gün siyasi sifarişlə “Azadlıq”a qarşı əsassız, heç bir məntiqə sığmayan, qarayaxma xarakterli ittihamlar irəli sürülür. Bütün bunlar hakimiyyətin qəzetlə bağlı ciddi narahatlığının göstəricisi kimi qiymətləndirilməlidir”, qəzet qeyd edir.

Xatırladaq ki, “Azadlıq” qəzeti əməkdaşları son illər borcun ödənilməsi tələbi ilə dəfələrlə “Qasid” firmasının ofisi qarşısında etiraz aksiyaları keçirib. Amma firma qəzetin satışından əldə edilən vəsaiti redaksiyaya ödəməkdən müxtəlif vasitələrlə boyun qaçırır.

Redaksiya həmçinin bir neçə dəfə ictimaiyyətə müraciət edib və ictimaiyyət qəzetin çapını dəstəkləyib.

XS
SM
MD
LG