Accessibility links

Rahim Hacıyev: Azadlıq qəzeti nəşrini dayandırmaq təhlükəsi ilə üzləşib [Video-Müsahibə]


Baş redaktorun birinci müavininin dediyinə görə, qəzetin hesabına apreldə həbs qoyulacaq və bu nəşrin dayandırılması deməkdir

Ölkənin aparıcı müxalif qəzeti – “Azadlıq” nəşrinin dayandırılmasına səbəb ola biləcək son məhkəmə cərimələrindən sonra dəstək üçün ictimaiyyətə müraciət edib.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, iqtidar yüksək məhkəmə cərimələri ilə hakimiyyəti prinsipial və ardıcıl tənqidə görə qəzeti boğmağa çalışır.

O qeyd edib ki, mətbuat üzərində total nəzarət şəraitində hakimiyyət qəzetin, xüsusən onun oxucularının sayı 200 mindən çox olan İnternet versiyasının getdikcə məşhurlaşmasından narahatdır.

Hacıyev qəzetin bank hesabına aprel ayında həbs qoyulacağını deyib. “Bu qəzetin fəaliyyətinin dayandırılması deməkdir. Bir tərəfdən məhkəmə cərimələri, digər tərəfdən isə Qasid Firması satdığı qəzetlərin pulunu vermir”.

Redaktor müavini bildirib ki, qəzet aprel-may aylarında nəşrini dayandırmaq təhlükəsi ilə üzləşib.

O həmçinin beynəlxalq demokratik ictimaiyyəti qəzetin mövqeyini dəstəkləməyə çağırıb

“Yeni Nəsil” Jurnalist Birliyinin sədri Arif Əliyev də hesab edir ki, “Azadlıq” qəzetinə qarşı məhkəmə cərimələri, İnternetdə hazırlanan məhdudiyyətlər qarşıda duran prezident seçkiləri və cəmiyyətin fəallığının artması ilə bağlıdır.
Xatırladaq ki, fevralın 15-də ölkənin Ali Məhkəməsi qəzetin Bakı Metropoliteninin rəisi Tağı Əhmədova 30 min manat məbləğində cərimə ödəmək öhdəliyi barədə hökmü qüvvədə saxlayıb.

Fevralın 19-da Apellyasiya Məhkəməsi “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovaya da analoji cərimə ödənilməsi haqqında qərarı qüvvədə saxlayıb.
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı hədsiz dərəcədə böyük cərimələr haqqında bu qərarları ədalətsiz və qanunsuz kimi qiymətləndirərək, onları qəzetin məhvi planının bir hissəsi adlandırıb.

Müşahidəçilər hesab edirlər ki, “Azadlıq” qəzetinin keçmiş redaktoru Qənimət Zahidin rəhbərlik etdiyi media.tv peyk telekanalını dəstəkləməsi də qəzetə qarşı təzyiqlərin artmasına səbəb olur. Müxalif kanal Türkiyədən həftədə iki gün və gündə cəmi bir saat yayımlanır, lakin Azərbaycanda kifayət qədər məşhurdur.
XS
SM
MD
LG