Accessibility links

Mayın 6-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinin müstəntiqi Sənan Paşayev AzadlıqRadiosunun Bakı bürosunun qapısına vurulan möhürü açıb. Bu barədə AzadlıqRadiosu məlumat yayıb.

Təhvil-təslimdə AzadlıqRadiosunun Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli iştirak edib.

Prokurorluq əməkdaşları ötən il dekabrın 26-da AzadlıqRadiosunun Bakı ofisində axtarış aparıb, elə həmin gün də ofisi möhürləyiblər.

AzadlıqRadiosunun Bakı bürosunun ofisi son 10 ilə yaxın müddətdə C.Cabbarlı, 44 ünvanında – “Caspian Plaza” Biznes Mərkəzində yerləşib.

“Caspian Plaza”nın rəhbərliyi aprelin 30-da icarə müqaviləsinə xitam verildiyini bildirib və ofisdən əşyaların çıxarılmasını xahiş edib.

Ötən il dekabrın 26-da Baş Prokurorluğun əməkdaşları AzadlıqRadiosunun Bakı bürosunda axtarış aparıb, yekunda da əməkdaşları ofisdən çıxarıb, büronun vacib sənədlərini və kompyuterlərini götürüb. Həmin axtarış zamanı götürülən sənədlər, avadanlıqlar və radionun rəsmi möhürü hələ də qaytarılmayıb.

Respublika Prokurorluğu büronun fəaliyyətində hansısa maliyyə pozuntularına dair istintaq aparıldığını bildirir.

AzadlıqRadiosu bəyan edib ki, bu ittihamların heç bir əsası yoxdur.

Azad Avropa və Azadlıq Radioları Korporasiyasının baş redaktoru Nenad Pejic bildirib ki, radionun Azərbaycandakı fəaliyyəti, yayımı qanunidir, bununla bağlı dövlət orqanları tərəfindən verilmiş sənədlər var, radionun vergi, maliyyə sənədləri qaydasındadır, hüquq mühafizə orqanları bunu ört-basdır etməyə çalışırlar:

“Bütün ittihamlar ləğv edilməli və Xədicə dərhal azad edilməlidir.”

Radionun Bakıdakı ofisdən çıxarılmasından bir qədər öncə əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl həbs edilib. Xədicə İsmayıl Azərbaycan prezidenti və onun ailə üzvlərinin adı hallanana qalmaqallı korrupsiya araşdırmalarının müəllifidir.

XS
SM
MD
LG