Accessibility links

AzadlıqRadiosunun əməkdaşları ifadə verir [Videolar]


Radionun əməkdaşlarının ifadə verdirkdən sonra Amerikanın Səsinə dedikləri

Vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib ki, müdafiəçi kimi icraatdan uzaqlaşdırılıb. O bu gün şahid kimi ifadə verib.

“Baş prokurorun birinci müavini Rüstəm Usubovun məni müdafiədən uzalqaşdırması barədə qərarını qanunsuz hesb edirəm. Bunu AzadlıqRadisounun Bakı bürosunun müdafiəsiz qoyulması cəhdi kimi qiymətləndirirəm”.

Onun fikrincə, AzadlıqRadiosunun əməkdaşları artıq iki gündür ki, təqib və təzyiqə məruz qalırlar. “Hətta əməkdaşlardan birini yataqdan götürüb gətirmişdilər. O idman formasında idi və ayaqlarında çəkələk var idi”.

İmanov deyib ki, QHT-lərlə bağlı cinayət işi üzrə AzadlıqRadiosunun ətrafında aparılan əməliyyat-axtarış tədbirlərinin heç bir hüquqi bağlılığı yoxdur. “Bu AzadlıqRadiosunun müstəqil, balanslı, qərəzsiz xəbər siyasətinə təzyiq kimi qiymətləndirilməlidir. Həm axtarış, həm axtarışdan dərhal sonra ofisin möhürlənməsi, həm əməkdaşların işləməkdən məhrum edilməsi, həm radionun vəkilinin cinayət prosesi üzrə iştirakdan kənarlaşdırlması və radiounun əməkdaşlarının müdafiəçisiz dindirilməsi təzyiq kampaniyasıdır”.

***

AzadlıqRadiosunun əməkdaşı İslam Şıxəli prokurorluqda dindirildikdən sonra Amerikanın Səsinə deyib ki, onu istintaqa dəvət etməyiblər. “Polis evimə getmişdi. Mən polislə 28 May metro stansiyasının qarşısında görüşüdüm və istintaq idarəsinə gətirdilər”, o qeyd edib.

***

AzadlıqRadiosunun əməkdaşı Çingiz Sultansoy Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra Amerikanın Səsinə deyib ki, onu mülki geyimli polis zabiti prokurorluğa gətirib.

“Mənə çağırış vərəqəsi göndərməmişdilər. Dedilər Yasamal polis rəisi söhbətə dəvət edir. Sonra polisə yox, prokurorluğa gətirdilər”.

O gətirilmə və dindirilmə zamanı təzyiqə məruz qalmadığını bildirib. “Rəftar nəzakətli idi. Amma cinayət işinin özü mənə qəribə gəlir”, o qeyd edib

***

Bazar günü - dekabrın 28-də AzadlıqRadiosunun azı 12 əməkdaşı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi üzrə şahid qismində dindirlib.

AzadlıqRadiosunun baş redaktoru Zeynal Məmmədli Amerikanın Səsinə bildirib ki, azı 12 nəfər əməkdaş dindirilir. “Belə bir qəribə hay-küylə, xof yaratmaqla, çağırış olmadan, vəkil xidmətindən yararlanmaqlarına imkan verilmədən çağırılırlar. Biz jurnalist işimizi görürük. Jurnalistin də işi hər şeyi gizlətmək yox, hər şeyi açıqlamaqdır”.

Baş redaktor əməkdaşlardan nigarandır. “Onların əmək haqqı alması, dolanışığı, kimisinin ipoteka krediti var, onun ödənilməsi, - borcun ödənilməməsi cərimələr gətirə bilər. Belə məişət səviyyəsində də narahatlıq var”.

Məmmədli radionun dünən möhürlənən ofisinin açılması ilə bağlı məsələnin gündəlikdə olmadığını deyib. “Hərçənd ki, axtarışa başlayanda dedilər ki, disklər, sənədlər götürüləcək. Sizin fəaliyyətinizə heç bir maneə olmayacaq. Amma sonradan möhürləndi və hazırda ofisin açılmasından söhbət getmir”.

Onin sözlərinə görə ofisdən qapı sındırılaraq əsasən maliyyə sənədləri, yaddaş diskləri götürülüb. “Əməkdaşlar nəyin əsasında dindirlir, - QHT-lər. Məsələn, mən AzadlıqRadiosu ilə QHT bağlantısını tapa bilmirəm. Özümü inandırmağa çalışıram ki, yəqin burada xarici ölkələrin nümayəndəlikləri də QHT statusunda qavranılır”, baş redaktor qeyd edib.

XS
SM
MD
LG