Accessibility links

Müxbirləri Nəqliyyat Departamentinin müfəttişləri döyüb

Aprelin 27-də “Azadlıq” qəzetinin əməkdaşları Xaliq Qarayev və Seymur Həziyev Nəqliyyat Nazirliyi Departamentinin müfəttişlərinin fiziki təzyiqlərinə məruz qalıb. İnsident Bakıda metronun “20 yanvar” stansiyasının yaxınlığında baş verib.

X.Qarayev Nəqliyyat Departamentinin müfəttişlərinin taksi sürücüsünə güc tətbiq etdiklərini görüb. Jurnalist reportaj hazırlamaq üçün hadisəni kameraya çəkmək istəyib. Lakin müfəttişlər onun kamerasını alaraq döyüblər.

Təsadüfən yaxınlıqdan keçən “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həziyev həmkarını müdafiə etməyə və onu müfəttişlərin əlindən almağa çalışıb. Lakin S.Həziyev də fiziki təzyiqlərə məruz qalıb.
Müfəttişlər “Azadlıq” qəzetinə qarşı təhqiramiz ifadələr işlədiblər.

Media Hüququ İnstitutu (MHİ) “Azadlıq” qəzetinin əməkdaşlarına hücumu qəti şəkildə pisləyib.

MHİ öz bəyanatında xatırladır ki, jurnalistin peşə fəaliyyətinə maneçilik törətmək cinayət məsuliyyətinə cəlb olunmanı (CM-in 163-cü maddəsi) nəzərdə tutur.

MHİ bildirir ki, 2012-2013-cü illərdə jurnalistlərə təzyiqlərlə bağlı 50-dən çox fakt qeydə alınıb. Bu faktlar ədalətli şəkildə araşdırılmayıb, heç kim cəzalandırılmayıb.

Jurnalistlərə fiziki təzyiqlər cəmiyyətdə vətəndaşların informasiya əldə etmək və yaymaq hüququna təhlükə törədir.

MHİ hüquq-mühafizə orqanlarını günahkarları taparaq cəzalandırmağa çağırıb.

Öz növbəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası baş verənləri 2013-cü il oktyabrın 16-da keçiriləcək prezident seçkiləri ərəfəsində qəzeti susdurmaq üçün hakimiyyətin məqsədyönlü kampaniyasının tərkib hissəsi kimi qiymətləndirir.

Rəsmi orqanlar hadisə ilə bağlı münasibət bildirməyib. Amerikanın Səsinin müxbirinin sualına cavab verən olmayıb.

Belə ki, Nəqliyyat nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etməyi məsləhət biliblər. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Qaynar Xəttə müraciətin vacib olduğun deyiblər. Qaynar Xətt Xidməti öz növbəsində Bakı Sərnişin Nəqliyyatı Xidmətinə müraciəti tövsiyə edib. Bakı Sərnişin Nəqliyyatı Xidmətində isə sualı dinləyən kimi telefonu qapayıblar.

“Azadlıq”qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə deyib ki,Nəqliyyat Nazirliyi müfəttişlərinin zorakılığı ilə bağlı məhkəməyə müraciət olunacaq.
XS
SM
MD
LG