Accessibility links

Azad Avropa AzadlıqRadiosunun rəhbəri Nenad Pejic: Ölkə rəhbərliyinin əmri ilə həyata keçirilən bu addım qisas cəhdidir [Video]


Azadlıq radiosu
Azadlıq radiosu

Bu gün 10.30 radələrində AzadlıqRadiosunun Bakı bürosunda axtarışa başlayan Baş Prokurorluğun əməkdaşları daha sonra ofisi möhürləyərək bağlayıb

Azad Avrop AzadlıqRadiosunun rəhbəri Nenad Pejic (Nenad Peyc) Bakı bürosuna hücumu pisləyərək, Azərbaycan hakimiyyətini radiodan qisas almaqda ittiham edib.

- AzadliqRadiosunun Bakı bürosuna olan hücum Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin kobudcasına pozulmasıdır. Ölkə rəhbərliyinin əmri ilə həyata keçirilən bu addım AzadliqRadiosunun susdurulmasına yönələn quldurluğun tərkib hissəsi, mustəqil jurnalistikaya görə radiodan qisas almaq cəhdidir. Azərbaycan rejimi dəfələrlə bizi susdurmağa çalışıb. Lakin Azərbaycan xalqının azad informasiya almaq hüququnun təmin olunması üçün yaradılan AzadliqRadiosu öz işini heç vaxt dayandırmayıb və bundan sonra da Azərbaycan xalqının azad informasiyaya çıxışını təmin etmək, auditoriyanının tələbatı olan xəbərləri yaymaq üçün öz işini davam etdirəcək", Nenad Pejic bildirib

***

Ölkənin vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri “Azadlıq” radiosunun Bakı ofisində prokurorluq orqanlarının apardığı axtarışla bağlı Turan-a şərhlər veriblər.

Bütün şərhləri birləşdirən yeganə meyar axtarışın aparılmasına olan mənfi münasibətdir. Bundan əlavə, axtarışın belə kobud şəkildə aparılmasının ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsiri də şərhlərdə yer alıb.

Jurnalist Şahvələd Çobanoğlu bu axtarışı ölkədə çoxdan başlanmış azad mətbuatın və alternativ informasiya qaynaqlarının sıaradan çıxarılması dalğasının növbəti addımı kimi dəyərləndirib. Ç.Çobanoğlu müstəqil hüquq müdafiəçilərinin, müstəqil QHT-lərin, müstəqil vəkillərin sıradan çıxarıldığını xatırladaraq, artıq növbənin “Azadlıq” radiosnun bağlanmasına çatdığını vurğulayıb. “Bu, rəsmi Bakının müstəqil düşüncəli insanları, alternativ informasiya mənbələrini bütünlüklə yox etmək cəhdidir”, Çobanoğlu deyib.

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu axtarışı jurnalist Xədicə İsmayılın həbsindən doğan məsələ kimi dəyərləndirib. Radionun xarici ölkə qurumu olmasını xatırladan ADP rəhbəri axtarışın qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacibliyinə diqqət çəkib. Radionun ABŞ Konqresi tərəfindən maliyyələşdirilməsinə diqqət çəkən S.Cəlaloğlu bu məsələnin iki dövlət arasında münasibətləri korlaya biləcəyi xəbərdarlığı edib.

Fəaliyyəti dayandırılan “Ayna-Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlı bu axtarışı vaxtilə qəzetin əməkdaşı Rauf Mirqədirovun həbsindən sonra ofislərində aparılan axtarışla müqayisə edib. E.Şıxlı radionun ABŞ Konqresi tərəfindən maliyyələşdirilməsini xatırladaraq, bu haqda radionun baş ofisini xəbərdar etməklə sivil qaydada axtarış aparmaq gərəkdiyini vurğulayıb. “Ola bilsin ki, bu axtarışın mahiyyətində elə bir ciddi şey yoxdur, amma bunun “səs-küyü” çox olacaq”, deyə E.Şıxlı axtarışın ABŞ-Azərbaycan arasında qalmaqala səbəb olacağına işarə edib.

Politoloq Zərdüşt Əlizadəyə görə axtarış rəsmi Bakının fərqli düşünənləri, fərqli xəbər mənbələrini sıradan çıxarmaq siyasətinə bağlıdır. “Bunlar öz düşüncələrini, öz xəbər qaynaqlarını xalqa sırımaqla xalqı öz istədikləri virtual “ədalətli” məkanlarına aparmaq istəyirlər”, deyə Z.Əlizadə münasibət ifadə edib.

Z.Əlizadə vaxtilə indiki iqtidar müxalifətdə olanda onları müdafiə edən azsaylı informasiya qurumlarından birinin “Azadlıq” radiosu olduğunu və mərhum dövlət başçısı Heydər Əliyevin radionun fəaliyyətinə yüksək qiymət verdiyini xatırladıb. “Elə həmin radiodur və həmin prinsiplərlə fəaliyyət göstərir, o zaman yaxşı idi, indi pis?”, deyə Z.Əlizadə rəsmi Bakıya yaxın keçmişini xatırladıb.

Hüquq müdafiəçisi Arzu Abdulla birmənalı olaraq bu axtarışı pisləyib. Ölkədə durumun müsbətə doğru dəyişməsini gözlərkən daha da mürəkkəbləşdiyini nəzərə çatdırıb. Onun fikrincə, bu axtarış artıq rəsmi Bakının Vaşinqtonla münasibətləri birbaşa pisləşdirmək yolu tutmasıdır.

A.Abdullaya görə, hansısa qüvvələr sanki ölkəni ABŞ-la qarşıdurmaya sürükləyir. “Azərbaycanın ABŞ-la belə qarşıdurmaya getməsi bizi qorxudur, beynəlxalq aləmdə çəkingən duruma salır”, deyə hüquq müdafiəçisi prosesə münasibət bildirib.

***

Müsavat Partiyasının Məclisi AzadlıqRadiosunda aparılan axtarışı pisləyən bəyanatla çıxış edib. Sənəddə deyilir:

“Azadlıq” radiosunun Bakı ofisində həyata keçirilən axtarışı KİV-ə qarşı təqiblərin davamı kimi dəyərləndirir, axtarışın əsl səbəbləri barədə Baş Prokurorluğun təcili olaraq məlumat verməsini və azad mətbuat üzərinə basqılara sonqoyulmasını tələb edir".

***

“Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu radionun Bakı bürosunun ofisində aparılan axtarışa münasibət bildirib.

“Azadlıq” radiosunun Azərbaycan xidmətinin mərkəzi ofisi Çexiya paytaxtı Praqada yerləşir.

Praqadan “Media forum” saytına telefonla verdiyi açıqlamasında Kənan Kazımoğlu bildirib ki, Baş Prokurorluq onları radionun Bakı ofisində axtarış aparılacağı haqda əvvəlcədən məlumatlandırmamışdı: “Qəfildən gəliblər büroya, radionun əməkdaşlarını bir otağa yığıblar, iş dayanıb. Nə axtardıqlarını bilmirik. Fakt odur ki, büronun işinə müdaxilə ediblər, media qurumunun normal fəaliyyətini pozublar, problem yaradıblar.

Biz bu hadisəni məhz “Azadlıq” radiosuna qarşı təxribat hesab edirik və Bakı bürosunun işinin pozulması istiqamətində atılmış addım kimi qiymətləndiririk. Axtarış üçün dekabrın 26-nın seçilməsi təsadüfi deyil. Bu gün ABŞ-da və Avropa ölkələrində Milad bayramına görə istirahət günüdür, dövlət qurumları işləmir. Amma hamı bilməlidir ki, “Azadlıq” radiosu belə təzyiqləri çox görüb. Bakı bürosu fəaliyyətini davam etdirir və etdirəcək. Heç bir halda işimizi dayandırmaq fikrimiz yoxdur”.

Kənan Kazımoğlu deyib ki, “Azad Avropa/Azadlıq” radiosunun rəhbərliyi Bakı bürosunda aparılan axtarış barədə məlumatlıdır: “Həm Vaşinqton, həm də Praqada oturan rəhbərlik axtarışla bağlı məlumatlandırılıb. Baş Prokurorluğun bu addımına müvafiq reaksiya veriləcək”.

“Baş Prokurorluq bəyan edib ki, Bakı bürosunda aparılan axtarış Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır. Bu cinayət işinin mahiyyəti haqda məlumatınız varmı” sualına Kənan Kazımoğlu belə cavab verib: “Ola bilər ki, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan hansısa cinayət işi var. Prokurorluğun işi cinayət işi qaldırıb onun istintaqını aparmaqdır. Bunun “Azadlıq” radiosuna nə aidiyyəti olduğunu öyrənmək istəyirik. Bütün addımlara hüquqi qiymət verilməlidir”.

“Azadlıq” radiosu ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır.

***

AzadliqRadiosu Bakı ofisinin işinə müdaxilə edən şəxslər radionun möhürünü müsadirə ediblər. Bunu həyata keçirən şəxslərin radionun adından istənilən saxta sənəd hazırlamaq imkanı yaranıb.

AzadliqRadiosu xəbərdarlıq edir ki, radionun adından yayılan hər hansı sənəd və məktubun saxta olmaq ehtimalı var.

***

Bu gün səhər saatlarından AzadlıqRadiosunun Bakı ofisində prokurorluq tərəfindən aparılan axtarış saat 16-dan sonra da davam edir.

Radionun məlumatına görə prokurorluq orqanlarının əməkdaşları AzadlıqRadiosunun Bakı Bürosunda seyfi sındıraraq oradan radionun sənədlərini, möhür və blanklarını götürüblər.

Bundan başqa ofisdən radioya məxsus yaddaş kartları, server kompyuteri, 2 notebook, fotoaparatlar və videokameralar müsadirə edilib.

***

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsinə məlumatı təsdiqləyib.

E.Sultanov bildirib ki, ofisdə axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayəti işi ilə bağlıdır.

***

Dekabrın 26-da 10.30 radələrində Baş prokurorluğun əməkdaşları AzadlıqRadiosunun Bakı bürosunda axtarışa başlayıblar.

Radionun məlumatına görə axtarış haqda məhkəmə qərarı təqdim olunub.

RFE/RL's Baku bureau staff held as office raided by Azerbaijani prosecutors, Dec. 26, 2014.
RFE/RL's Baku bureau staff held as office raided by Azerbaijani prosecutors, Dec. 26, 2014.

Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda iki radio əməkdaşının da iştirakı qoşulub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG