Accessibility links

“Azərbaycan Hava Yolları” ” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakı-Antalya-Bakı, Bakı-İstanbul-Bakı, Bakı-Moskva-Bakı və Bakı-Dubay-Bakı istiqamətləri üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini yaradacaq. Bakı-Antalya-Bakı reysi bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə, Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar bu ilin sentyabrından etibarən hər gün 1 dəfə, Bakı-Moskva-Bakı istiqamətində uçuşlar bu ilin oktyabrından hər gün 2 dəfə, Bakı-Dubay-Bakı istiqamətində uçuşlar isə oktyabrdan başlayaraq hər gün 1 dəfə həyata keçiriləcək.

Bu barədə AZAL rəhbərlərinin iyulun 22-də keçirilən mətbuat konfransında bildirilib.

“Lou-kost” uçuşları (aşağı büdcəli sərnişindaşıma xətti) “Embraer” təyyarəsi ilə həyata keçiriləcək və bu aviareyslər birtərəfli 2,5 saatlıq uçuşlarda müəyyən edilmiş istiqamətlər üzrə təşkil olunacaq.

Şirkətin Sərnişin Aviaşirkətinin direktoru Eldar Hacıyev deyib ki, AZAL 2006-cı ildən avrozonaya daxil edildiyindən qiymətlər avro ilə hesablanır.

“Buna görə, “lou-kost” uçuşlar üçün qiymətlər avro ilə hesablanacaq. 99 avroluq qiymət 2 saat yarım gəliş və 2 saat gediş olan uçuşlar üçündür. Turoperatorlar da avqustun 1-dən bu sistemdən istifadə edə biləcək”.

E.Hacıyevin sözlərinə görə, “lou-kost” uçuşlardan istifadə edən sərnişinlər 5 kiloqram əl yükü götürə biləcəklər.

“İyirmi üç kiloqrama qədər olan baqajlar üçün 50 manat ödəniləcək. Türkiyədən Bakıya uçan sərnişinlər isə baqaj üçün 50 ABŞ dolları ödəməli olacaqlar”, o qeyd edib.

Direktor bildirib ki, hər bir aviareysin maya dəyəri var, maya dəyərindən aşağı uçuş həyata keçirməyin mənası yoxdur.

“Son illərdə bir çox marşrutlar açmışıq, amma AZAL hazırda həyata keçirdiyi 20%-lik endirimlərə görə ola bilsin ki, bəzi istiqamətlərə olan uçuşları bağlamalı olacaq. Çünki ziyanla işləyəcək".

Eldar Hacıyev şirkətin müxtəlif digər xərclərinin olduğunu da diqqətə çatdırıb.

"Bu xərclər tək burda deyil, xaricdə də çəkilir. Xaricdə avro-dollar fərqini kompensasiya etmək, hava məkanından istifadəyə görə ödəniş, yəni ümumilikdə bütün bu və digər xərcləri ödəmək üçün qiymətlər müvafiq olmalıdır. Endirimlər İqtisadiyyat və Sənaye Nazirliyinə də təqdim edilib".

Onun sözlərinə görə, ümumilikdə 99 avrodan aşağı qiymət hava yolu ilə bir şəhərdən başqa şəhərə getmək xərclərini qarşılamır.

“106 yerlik tutuma malik olan "Embraer" təyyarəsində 100 nəfərdən aşağı sərnişin olarsa, həmin təyyarənin xərclərini belə ödəmir, amma bu gün belə bir tələbin olduğunu nəzərə alaraq biz bunu etdik”, o qeyd edib.

AZAL-ın bu qiymət endirimi sosial şəbəkələrdə və mediada geniş tənqidlə qarşılanıb. Belə ki, insanlar hesab edir ki, AZAL-ın qiymət endirimi sərfəli deyil. Qiymət endirlib, amma 5 kiloqram əl yükündən başqa hər 23 kiloqramadək hər baqaj üçün 50 manat ödənilməlidir. Bununla yanaşı yolda yemək və başqa heç bir içki verilmir. Yalnız su pulsuzdur. Bu əlavə xərclər ödəniləndə isə faktiki əvvəlki qiymətlərlə eyni durum alınır.

XS
SM
MD
LG