Accessibility links

Azay Quliyev: Dağlıq Qarabağın erməni əsilli QHT rəhbərləri qrant layihələrində iştirak etmək istəyir [Audio]


Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev

Şura sədri hər il demokratiya, insan haqları və seçki hüququ ilə məşğul olan 50 QHT-yə qrantlar ayrıldığını deyib

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə QHT sektorundakı mövcud durumdan, onların layihələrinin dəstəklənməsindən danışıb. Şura sədri Azərbaycanın Dağlıq Qarabağ regionundan olan QHT-lərin erməni əsilli rəhbərlərinin maliyyə dəstəyi üçün Dövlət Dəstəyi Şurasına müraciət etdiyini bildirib.

Azay Quliyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:05:41 0:00
Direct link

Cənab Quliyev bu ilin iyulunadək Azərbaycanda 2800 QHT-nin dövlət qeydiyyatına alındığını deyib. “Hazırda onlarla QHT-nin qeydiyyat məsələsinə isə Ədliyyə nazirliyində baxılır. Qeydiyyat prosesi davam edir”.

Onun sözlərinə görə, 40-dək QHT qeydiyyatsız olaraq fəaliyyət göstərir.

“QHT-lər qeydiyyatı olmadan da fəaliyyət göstərə bilər və bu qanunsuz deyil. Qeydiyyatı olmayan QHT-lərə hər hansı formada təzyiq və ya təsir qeydə alınmayıb”.

Hazırda Azərbaycanda 190-dan çox beynəlxalq humanitar QHT fəaliyyət göstərir. “Son on ildə Azərbaycan QHT-lərinin beynəlxalq QHT-lərlə çox müsbət əməkdaşlıq təcrübəsi yaranıb. Bu gün onu demək olar ki, bir çox xarici təşkilatların, beynəlxalq qurumların dəstəyi ilə Azərbaycanda vətəndaş cəmiyyəti institutları inkişaf edib, möhkəmlənib. Ötən əsrin 90-cı illərində xarici təşkilatların dəstəyi olmasa idi Azərbaycan QHT sektoru bu qədər inkişaf edə bilməzdi”.

Cənab Quliyevin sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ regionundan olan bir neçə qeyri-hökumət təşkilatının erməni əsilli rəhbəri beynəlxalq konfranslar zamanı Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəsmi şəxslərinə kömək üçün müraciət edib. “Biz millətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının təsis etdiyi bütün QHT-lərin layihələrini Azərbaycan qanunvericiliyinə uyğun olaraq dəstəkləməyə hazırıq”.

O, Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunun erməni əsilli qeyri-hökumət təşkilatının rəhbərlərini Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına rəsmi olaraq layihələrdə iştirak üçün müraciət etməyə çağırıb. “Millətindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı, o cümlədən Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız maliyyə dəstəyi ilə bağlı keçirilən müsabiqələrdə iştirak edə bilər. Hazırda bizim layihələrdə ölkədə yaşayan bütün millətlər iştirak edir”, - deyə o qeyd edib.

Bununla yanaşı, A.Quliyev Dağlıq Qarabağ regionundan onlara müraciət edən QHT-lərin adlarını açıqlamayıb. “Biz vətəndaşlarımızın təhlükəsizliyi baxımından onların adlarını açıqlaya bilmərik. Hətta, həmin təşkilatları maliyyələşdirdikdən sonra da onların adlarını açıqlamayacağıq”, - deyə şura sədri bildirib.

O son beş ildə orta hesabla hər il demokratiya, insan haqları və seçki hüququ ilə məşğul olan 50 QHT-yə qrantlar ayrıldığını deyib.
XS
SM
MD
LG