Accessibility links

Azərbaycan və İran ikitərəfli münasibətlərdən razıdır


Ilham Əliyev və Həsən Ruhani

Ilham Əliyev və Həsən Ruhani

"Son bir neçə ildə İran-Azərbaycan əlaqələrinin inkişafında çox böyük irəliləyiş var. Azərbaycan İrana qarşı tətbiq edilən sanksiyaların həmişə əleyhinə olub. Bu sanksiyaların ləğvindən sonra əməkdaşlıq üçün yeni imkanlar yaranıb". Bu barədə Azərbaycan prezidenti İlham Əliyev avqustun 7-də Azərbaycanda səfərdə olan İran prezidenti Həsən Ruhani ilə danışıqlar başa çatdıqdan sonra birgə mətbuat konfransında bildirib.

İ.Əliyev İranın Ermənistan-Azərbaycan münaqişəsilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsindən razılığını qeyd edib.

İqtisadi əlaqələrə toxunan dövlət başçısı deyib ki, bu il ticarət dövriyyəsi 66 faiz artıb.

Ötən gün Neftçala şəhərində “İran Khodro” şirkətinin istehsal edəcəyi avtomobil zavodunun təməl daşı qoyulub. Burada hər il 10 mindən çox avtomobil istehsal ediləcək.

Yaxın zamanlarda Azərbaycanda İran texnologiyası ilə çalışacaq dərman preparatları zavodunun tikintisi də nəzərdə tutulur.

“Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində də çox önəmli addımlar atılıb. Bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq.

Azərbaycan tərəfi bu layihənin gələcək maliyyələşməsində iştirak edəcək.

Ilham Əliyev və Həsən Ruhani

Ilham Əliyev və Həsən Ruhani

Bu məsələlər Azərbaycan, İran və Rusiya prezidenlərinin üçtərərfli görüşündə də müzakirə ediləcək. “Şimal-Cənub” nəqliyyat dəhlizi böyük əhəmiyyət daşıyan layihədir və bu layihənin gələcək icrası ilə bağlı çox önəmli addımlar atılacaq.

Öz növbəsində İran prezident bildirib ki, hökumətlərarası müştərək komissiyanın rüsumların azaldılması istiqamətindəki fəaliyyəti müvafiq sazişin bağlanmasına gətirib çıxarmalıdır. Əsas məqsəd iki ölkə arasında azad ticarətin bərqərar olmasıdır.

“Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar belə nəticəyə gəldik ki, həmin məsələ ilə bağlı razılıq əldə edilməsi üçün iki ölkə bu müstəvidə ciddi çalışmalıdır. Xəzər dənizində qarşılıqlı fəaliyyətin genişlənməsi, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişafı ilə bağlı, ümumilikdə, belə razılığa gəldik ki, bu sahələrə diqqət artırılsın”, - o bildirib.

Turizm sahəsinə toxunan Ruhani Bakını vizaların verilməsi prosedurunun asanlaşdırılmasına çağırıb.

“Şimal-Cənub” tranzit dəhlizindən danışan Ruhani deyib ki, bu dəhlizin reallaşması üçün ilk addım Astara-Astara dəmir yolunun birləşdirilməsi və bu məsələ ilə əlaqədar İranda inşa ediləcək terminal olacaq.

İkinci məsələ, Astara-Rəşt dəmir yolunun bir-birinə bağlanmasıdır ki, Azərbaycanın Fars körfəzinə çıxışı təmin olunacaq.

Nəhayət, Qafqaz ölkələrinin, Rusiyanın, Şimali və Şərqi Avropanın Fars körfəzinə və Hindistana çıxışını təmin edəcək bu dəhliz böyük iqtisadi dividentlər verəcək.

Qarabağ münaqişəsinə toxunan Ruhani deyib: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinədir.Ümidvarıq ki, regiondakı problemlər danışıqlar yolu və başqa ölkələrin səyləri ilə həll ediləcək və nəticədə sülh, sabitlik və təhlükəsizlik bərqərar olacaq”.

XS
SM
MD
LG