Accessibility links

Azər Mehdiyev: Avropadan baxanda Azərbaycanda 90 faiz əhali yoxsuldur [Audio-müsahibə]


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev

Ən aşağı kasıblaşma üçün gündəlik gəlirlər 1,2 dollar götürülür. Avropada isə yoxsulluq ayda 1000-1500 dollardır

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev Amerikanın Səsinə müsahibəsində ehtiyac meyarı, yaşayış minimumu və qiymətlərdən danışıb.


Sual: Azərbaycan hökuməti bu gün ehtiyac meyarını və yaşayış minimumunu artırıb. Bu əhaliyə nə verəcək?

Beləliklə ehtiyac meyarı, yaşayış minimumunda artımlar qiymət artımını kompensasiya üçün bəs etmir.
Cavab: Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı daha çox ünvanlı sosial yardım prosesində istifadə olunur. Əhaliyə veriləcək ünvanlı sosial yardımı müəyyənləşdirmək üçün ehtiyac müəyyən olunur. Adambaşına düşən ehtiyac minimumu əsasında onların əldə etdikləri gəlirlər tutuşdurulur və bunun əsasında ünvanlı sosial yardımın məbləği müəyyən edilir.

Bu gün önəmli ehtiyac meyarının və minimum istehlak büdcəsinin həlli ilə bağlı məsələdir. Minimum istehlak büdcəsi Azərbaycanda əhali qrupları üzrə, - yəni işləyənlər, pensiyaçılar, uşaqlar üçün fərqləndirilir. İşləyənlər üçün məbləğ digər kateqoriyalardan təxminən 15 manat yüksək müəyyən edilir.

Bu gün Azərbaycanda istehlak minimumu tibbi nöqteyi-nəzərdən real qiymətləndirilmiş minimum istehlak büdcəsinin 60-70 faizini təşkil edir. Bu isə bir insanın ay ərzində sərf etdiyi fiziki və əqli qüvvənin tam deyil, qismən bərpa etməyə imkan verir.

İndiki artım da ciddi bir dəyişikliyə gətirib çıxarmayacaq. Nəzərə alsaq ki, Tarif Şurası bundan öncə neft məhsullarının qiymətlərini artırıb, gələn ildən elektrik enerjisi və kommunal xidmətlərin də qiymətlərində artım gözlənilir. Artıq ərzaq bazarında ciddi qiymət artımları müşahidə olunur.

Beləliklə ehtiyac meyarı, yaşayış minimumunda artımlar qiymət artımını kompensasiya üçün bəs etmir. Bu əksinə bazardakı qiymətlərlə müqayisədə daha az gəlir deməkdir.

Sual: Azərbaycanın yüksək vəzifəli rəsmiləri ölkədə yoxsulluq səviyyəsinin dəfələrlə aşağı endiyini bildirir. Hətta Azərbaycan yoxsulluq səviyyəsinə görə Avropa ölkələrini belə qabaqlayır. Ehtiyac minimumunun belə aşağı olması yoxsulluq həddi demək deyilmi?

Avropada yoxsulluq ayda 1000-1500 dollar səviyyəsində olur.
Cavab: Bizdə yoxsulluq həddi göstərilərkən bu meyarlardan istifadə olunur. Rəsmi elan olunan məlumatlara baxsaq, Azərbaycanda yoxsulluq səviyyəsi 5,5 faiz qiymətləndirilir. Amma, bu gün Avropada yoxsulluq səviyyəsi 20-25 faiz elan olunur. Onu qeyd etmək lazımdır ki, yoxsulluq səviyyəsi ölkələr üzrə fərqlənir. Dünya Bankı yoxsulluq səviyyəsinin müəyyən edilməsi üçün ən azı beş müxtəlif göstəricidən istifadə edir.

Ən aşağı kasıblaşma üçün gündəlik gəlirlər 1,2 dollar səviyyəsində götürülür. Bu da dolların 2003-cü ilin alıcılıq qabiliyyətində qiymətləndirilir. Avropada isə yoxsulluq ayda 1000-1500 dollar səviyyəsində olur. Hətta evi, maşını olan şəxslər yoxsul hesab olunur. Avropada yoxsulluq kriteriyasından Azərbaycana baxsaq əhalinin 90 faizindən çoxu yoxsul hesab edilə bilər.

Azərbaycanda çox azaldılmış, süni şəkildə azaldılmış göstəricilər əsas götürülür. Hətta yoxsulluq səviyyəsi hesablanarkən tibbi meyarlarla hesablanan minimum istehlak səviyyəsi də əsas götürülmür.

Sual: Bu günkü yaşayış minimumu ümumi əhali üçün 125 manatdır. Buna ay ərzində nə qədər ərzaq almaq mümkündür?

Avropada yoxsulluq kriteriyasından Azərbaycana baxsaq əhalinin 90 faizindən çoxu yoxsul hesab edilə bilər.
Cavab: 125 manat yaşayış minimumu təyin olunmuş bir göstəricidir. Nazirlər Kabinetinin yaşayış minimumunun hesablanması ilə bağlı normaları çox gülüş doğurur. Hansı ki, həmin normalar əsasında heç kim yaşaya bilməz. insanın mövcudluğunu saxlamaq xeyli çətindir. Ən azı bu günkü qiymətlər səviyyəsində minimum istehlak büdcəsini adam başına 200 manat cuvarında olduğunu görərik.
XS
SM
MD
LG