Accessibility links

REAL Hərəkatı İdarə Heyətinin üzvü Azər Qasımlının ölkədən çıxışına icazə verilməyib və sentyabrın 28-də Azərbaycanın Gürcüstanla sərhədində yerləşən Böyük Kəsik keçid məntəqəsində saxlanılıb. Bu barədə Amerikanın Səsinə Azər Qasımlının özü bildirib.

“Gürcüstana gedirdim. Böyük Kəsik keçid məntəqəsində mənə bildirdilər ki, ölkədən çıxışıma qadağa qoyulub. Amma ölkədən çıxışa qadağa qoyulması barədə mənə əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib”, o bildirib.

A.Qasımlı hesab edir ki, bu qadağa Baş Prokurorluq tərəfindən qoyula bilər.

“Hərəkatın həbsdə olan sədri İlqar Məmmədovla bağlı hazırlanan flayerlərlə əlaqədar İdarə Heyətinin bütün üzvlərini o vaxt dindirdilər. Müstəntiqlə də danışdım, mənə dedi ki, işə gəlib araşdıraraq cavab verəcək”.

Qasımlı bildirib ki, bir neçə saatdan sonra yenidən müstəntiqə zəng edib və müstrəntiq REAL fəalının sərhəddən buraxılmamasının səbəblərini bildirməyib.

“Müstəntiq dedi ki, Bakıya qayıdım və Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə baş çəkim. Hazırda Bakıya qayıdıram və bu gün həmin idarəyə gedəcəm”, o qeyd edib.

Qasımlı həmçinin deyib ki, bu gün qeydiyyatda olduğu mənzilə Özəlləşdirmə İdarəsindən zəng edərək həyat yoldaşından orada qeydiyyatda olub-olmaması, mənzilin özəlləşdirilməsində iştirakı ilə maraqlanıblar.

“Bununla yanaşı, bu gün həm də Vergilər İdarəsindən zəng ediblər, həyat yoldaşımdan sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmadığımla maraqlanıblar, yaşadığımız mənzildə qeydiyyatımı öyrəniblər”, o qeyd edib.

“Hansı səbəbdən ölkədən çıxışıma qadağa qoymasını, evimə zəng edildiyini deyə bilmərəm. Lakin bu qərarın qeyri-qanuni olduğu, şəxsən mənə və təmsil olunduğum Respublikaçı Alternativ təşkilatına qarşı təzyiq olduğu aydındır”, o qeyd edib.

REAL Hərəkatı bu ilin iyununda qurumun sədri İlqar Məmmədovla bağlı flayerlər (plakatlar) hazırlanmasını şifariş verib. İlk sifariş “Qanun” nəşriyyatına verilib. Plakatlar hazır olduqda “binada bomba olması” adıyla polisin axtarış apardığı və plakatları müsadirə etdiyi deyilir. Yayda ikinci dəfə o qədər də tanınmayan bir mətbəyə referendumla bağlı flayer sifariş verilib. Hərəkatın iki üzvü plakatları gətirməyə getdikdə saxlanılıb. Bundan sonra REAL-ın icra katibi Natiq Cəfərli saxlanılıb, İdarə Heyətinin üzvləri plakatların hazırlanması ilə bağlı Baş Prokurorluğun Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsində dindirilib.

XS
SM
MD
LG