Accessibility links

Azərbaycan qəzeti: Avropa liderlərinin heç birində İlham Əliyev qədər cəsarət və prinsipiallıq yoxdur!


Azərbaycan qəzeti

Azərbaycan qəzeti

Azərbaycanın rəsmi mediası yenidən Amerika əleyhinə məqalələrin dərcini bərpa edib. Rəsmi dövlət qəzeti “Azərbaycan” iyunun 17-də “Nulandın dirijor çubuğu ilə idarə olunan Avropa” adlı redaksiya məqaləsi dərc edib.

Məqalədə Avropa Oyunları öncəsi Azərbsaycana qarşı yazılan məqalələr, QHT-lərin fəaliyyəti, Misir, Ukraynada inqilablar və Azərbaycanda çeviriliş planları barədə mülahizələr irəli sürülür. ABŞ rəsmiləri, QHT-ləri, ölkədəki qərb yönümlü QHT-lər, Avropa liderləri kəskin tənqid edilir. ABŞ Azərbaycan və digər ölkələrdə dövlət çevirilişlərində ittiham olunur. Azərbaycan bütün bu təzyiq və təsirlərdən qalib çıxıb.

“Son il yarım ərzində bəlli xarici dairələr tərəfindən sistemli şəkildə həyata keçirilən antiazərbaycan kampaniyası iflasa uğradı. İyunun 12-də Bakıda I Avropa Oyunlarının açılış mərasimi yüksək səviyyədə baş tutdu”, məqalədə qeyd edilir.

Rəsmi dövlət qəzeti yazır ki, Avropa Oyunlarını geosiyasi çəkişmə müstəvisinə keçirməyə, siyasiləşdirməyə çalışan məlum xarici güc mərkəzinin iradəsinin ziddinə olaraq, heç bir ölkənin idman komandası Azərbaycana gəlməkdən imtina etməyib.

Hətta onun Azərbaycandakı “5-ci kolon” üzvlərini - milli xəyanətkar ünsürləri hüquqi məsuliyyətdən yayındırmaq cəhdləri baş tutmadı.

“Heç bir ölkənin Milli Olimpiya Komitəsi siyasi bəyanat vermədi, yarışlara qatılmaqdan yayınmadı, siyasi oyunların iştirakçısına çevrilmədi. Bu isə o deməkdir ki, həmin mərkəzin bütün resurslarının cəlb edildiyi antiazərbaycan kampaniyası dəhşətli çat verdi, bütün planlar alt-üst oldu. Hətta onun Azərbaycandakı “5-ci kolon” üzvlərini - milli xəyanətkar ünsürləri hüquqi məsuliyyətdən yayındırmaq cəhdləri baş tutmadı”.

Məqalədə deyilir ki, bütün vasitələrdən istifadə olunmasına baxmayaraq, nə Azərbaycanı öz iradəsinin əksinə olan siyasi proseslərə qoşmaq, nə də “çərçivədən çıxan” bu ölkəni cəzalandırmaq üçün onu Ukraynanın halına salmaq planları baş tutmayıb.

Müəllifin firkincə, Misirdə, Ukraynada, Sudanda baş verəmnləri ABŞ idarə edib.

Misirdə bilavasitə çevrilişdə Vaşinqtondan maliyyələşdirilən qeyri-hökumət təşkilatları və ABŞ-ın müvafiq qurumları ilə əlaqəli olan “Müsəlman qardaşları” əsas rol oynadılar.

“Şok terapiyasından ayılan Misirin təhlükəsizlik qüvvələri ABŞ vətəndaşlarının iştirakı ilə fəaliyyət göstərən QHT-lərin ofislərində axtarış apardıqdan sonra 21 nəfər Amerika vətəndaşını həbs etməli oldular. Bu ofislərdən hərbi əməliyyatlara xas formada inqilabın hazırlanması planları, əmək və vəzifə bölgüsü və hətta Misirin gələcəyinə dair maraqlı sənədlər çıxdı”.

Qəzet xatırladır ki, həm Ukraynada, həm də Azərbaycanda çevriliş planının həyata keçirilməsinə eyni vaxtda başlanılıbmış.

“İcra olunan proqram, prosesləri idarə edən mərkəz və ona rəhbərlik edən şəxs də eyni idi - ABŞ Dövlət Departamenti və dövlət katibinin müavini Viktoriya Nuland. 2014-cü ilin yanvarında xanım Nulandın ABŞ-ın Ukraynadakı səfiri Cefferi Payettlə məlum söhbəti ictimailəşdirildi. Bəlli oldu ki, Ukraynadakı gərgin durumu müzakirə edən Dövlət Departamentinin rəsmisi səfirdən bu ölkədə ABŞ-ın maraqlarının təmsilçisi olan Arseni Yasenyukun yeni hakimiyyət quruculuğu prosesinə cəlb olunmasını tələb edib. ABŞ-ın planlarına əsasən, Yasenyuk yeni hakimiyyətin formalaşmasına rəhbərlik etməli və bütün imkanlar bu iş üçün səfərbər olunmalıydı. Nuland səfirin “Maydan hərəkatı”nın rəhbərlərindən olan boksçu Vitali Kliçkonun kütləyə təsir imkanları və Avropanın maraqları barədə əks arqumentinə məşhur “...EU” ifadəsi ilə reaksiya verməklə ABŞ-ın Avropa məkanı və bu qitənin ayrı-ayrı ölkələri barədə gerçək düşüncələrini nümayiş etdirdi”.

Məqalədə deyilir ki, Ukraynadakı ilə eyni proseslərin Azərbaycanda icrası üçün vaxtilə “Böyük xalq günü”, “Xalq üsyanları” adlı kampaniyaların icrasına başlanılıb.

Azərbaycan dövlətinin çevik tədbirləri bu şəxslərin əməllərinin və əsl niyyətlərinin tez bir zamanda ifşa edilməsinə, Viktoriya Nulandın koordinatoru olduğu layihənin iflasa uğramasına gətirib çıxardı.

“2012-ci ilin martında Qubada, 2013-cü ilin yanvarında İsmayıllıda təşkil olunan hadisələrin alovlanaraq bütün ölkəni əhatə etməsi, hakimiyyət çevrilişi ilə nəticələnməsi istiqamətində ciddi planların reallaşdırılmasına cəhd edilmişdi. 2013-cü ilin yanvarında isə “Əsgər ölümlərinə son” kampaniyası başladı. Bu ssenari üzərində daha ciddi işlənildiyini təsdiq edən fakt odur ki, ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevs öz səxavət kisəsindən layihəyə 2 milyon dollar pul ayırmışdı. Azərbaycan dövlətinin çevik tədbirləri bu şəxslərin əməllərinin və əsl niyyətlərinin tez bir zamanda ifşa edilməsinə, Viktoriya Nulandın koordinatoru olduğu layihənin iflasa uğramasına gətirib çıxardı. Bu, əslində, Azərbaycanın Avropada hakim kəsilən “ABŞ-ın qarşısında müti davranış” stereotipinin dağıdılması demək idi”.

Dövlət qəzet Viktoriya Nulandın Azərbaycana səfərinə də geniş diqqət çəkib.

Əslində, xanım Nuland Azərbaycana səfəri ilə konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və “siyasi məhbus” kimi təqdim edilən bəzi “5-ci kolon” nümayəndələrinin azadlığa buraxılmasına nail olmaq istəyirdi.

“Ukraynada proseslərin gərginləşdiyi, hərbi əməliyyatların intensivləşdiyi bir dövrdə Azərbaycanda okeanın o tayından alovlandırılan “inqilabi” meyillərin qarşısının alınması, ABŞ-ın “5-ci kolon”unun tam neytrallaşdırılması 2015-ci il fevralın 18-də Viktoriya Nulandı Azərbaycana gəlməyə məcbur etdi. Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlama verən Nuland Azərbaycan prezidenti ilə ölkədə insan haqlarının vəziyyəti barədə müzakirələr apardığını bildirmişdi. Əslində, xanım Nuland Azərbaycana səfəri ilə konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və “siyasi məhbus” kimi təqdim edilən bəzi “5-ci kolon” nümayəndələrinin azadlığa buraxılmasına nail olmaq istəyirdi. Bu baş vermədikdə isə, antiazərbaycan kampaniyası yenidən alovlandırıldı, həm ABŞ, həm də Avropa QHT-ləri, mediası Azərbaycana qarşı total hücuma keçdilər”.

Qəzet Azərbaycanda insan hüquqları ilə bağlı ABŞ Dövlət Departamentinin və beynəlxalq hüquq müdafiə təşkilatlarının səsləındirdiyi çoxsaylı bəyanatları sadalayır, olimpidalar qabağı durumlara nəzər salır.

Məqalədə iddi olunur ki, 2015-ci ilin martında Azərbaycanın aparıcı KİV-ləri ABŞ Dövlət Departamentinin I Avropa Oyunları ərəfəsində Azərbaycanda həyata keçirmək istədiyi layihələr haqqında təkzibolunmaz faktları ictimailəşdirib.

Medianın əlinə düşmüş sənədin preambula hissəsində açıq şəkildə bildirilmişdi ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı çatıb”.

“Sənədlərdə açıq şəkildə bildirilirdi ki, cari ildə və qarşıdan gələn dövrdə Azərbaycanda I Avropa Oyunları, parlament seçkiləri, “Formula-1” yarışması, İslam Həmrəylik Oyunları və digər mühüm beynəlxalq və yerli tədbirlər keçiriləcəyinə görə dünya ictimaiyyətinin diqqəti bu ölkəyə yönələcək. Fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir. İnsan hüquqları, media azadlığı, korrupsiya və digər bu kimi neqativ tezislər üzərində qurulmuş təbliğat kampaniyası ilə paralel olaraq, idman təşkilatları üçün də “təkliflər paketi” hazırlanmışdı: l Avropa Oyunlarını boykota çağırış. Kampaniyanı icra edəcək subyektlər - hüquq müdafiə təşkilatları və KİV “I Avropa Oyunlarının Avropa üçün əhəmiyyətsizliyindən” başlamış möhtəşəm “idman yarışları insan haqları pozulan ölkədə keçirilə bilməz” tezislərinə qədər ən müxtəlif şüarları gündəmə gətirməklə I Avropa Oyunları proqramının pozulmasına nail olmalı, nəticədə Azərbaycan fakt qarşısında qalmaqla ABŞ-ın təzyiqlərinə boyun əyməli idi. Medianın əlinə düşmüş sənədin preambula hissəsində açıq şəkildə bildirilmişdi ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı çatıb”.

Dövlət qəzeti həmçinin iddia edir ki, ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə edilən kampaniyanın əlaqələndiricisi qismində “National Endowment for Democracy” (NED - Demokratiyaya Dəstək Milli Fondu) təşkilatı seçilib.

Proqramın icrasına onlarla müxtəlif Avropa təşkilatlarının cəlb edilməsinə baxmayaraq, prosesdə təkanverici qüvvənin ABŞ donor təşkilatları olması açıq göstərir ki, bütün sifarişlər bir mərkəzdən gəlir və idarə olunur.

“Əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması ilə məşğuldur və hakimiyyət çevrilişi planının fəal təşkilatçılarından biri kimi çıxış edir. “İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci layihənin isə Avropadan həyata keçirilməsi, bu prosesə hüquq müdafiə təşkilatlarının, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatların cəlb olunması nəzərdə tutulurdu. Maraqlıdır ki, Danimarkanın “International Media Support” (IMS) təşkilatı bu kampaniyanın koordinatoru təyin edilsə də, ona ABŞ vətəndaşı Rebekka Vinsent rəhbərlik edir, maliyyə mənbələri qismində isə Amerikanın NED təşkilatı və Soros Fondu çıxış edirdi. Proqramın icrasına onlarla müxtəlif Avropa təşkilatlarının cəlb edilməsinə baxmayaraq, prosesdə təkanverici qüvvənin ABŞ donor təşkilatları olması açıq göstərir ki, bütün sifarişlər bir mərkəzdən gəlir və idarə olunur”.

Müəllif hesab edir ki, hətta Azərbaycanda insan hüquqlarının vəziyyətinin qərəzli şərhi, ATƏT-in Bakı layihə əlaqələndiricisinin öz fəaliyyətini dayandırması, “Platform London” təşkilatının əməkdaşı Emma Hyuzun hava limanında saxlanması, guya “Amnesty International” təşkilatının əməkdaşlarının Azərbaycana buraxılmaması I Avropa Oyunları ərəfəsində reallaşdırılan təxribatların bir hissəsidir.

İyunun 10-dan isə xaricdə məskunlaşmış “5-ci kolon”un nümayəndələrinin məqalələri Avropanın aparıcı nəşrlərinin səhifələrini bəzədi.

“İyunun 10-dan isə xaricdə məskunlaşmış “5-ci kolon”un nümayəndələrinin məqalələri Avropanın aparıcı nəşrlərinin səhifələrini bəzədi. Burada maraq doğuran məqam təkcə doğma dillərində cümləni cümləyə qoşa bilməyən adamların dünyanın ən nüfuzlu nəşrlərinə - “The Guardian”, “The Independent”, “The Teleqraph”, “Deutsche Welle” və digər bu kimi nüfuzlu media orqanlarına gedib çatmaları deyil, bu qədər nəşrin eyni zamanda eyni tezislər əsasında materiallar yaymasıdır. Deməli, bu qədər redaksiyanı lazımi anda bir cərgədə düzmək iqtidarında olan güc mərkəzi var”.

Qəzetin yazdığına görə antiazərbaycan kampaniyasına qoşulmuş vətəndaş cəmiyyəti institutlarının maliyyə mənbələri ABŞ donorlarına bağlanır.

Azərbaycan üzərində oynanılan oyunlar isə bu sxemin aydın dərk edilməsinə yardım göstərdi.

“Belə ki, onların da büdcəsi USAID vasitəsilə ABŞ Dövlət Departamentindən asılıdır. Sadəcə, kələfin ucu elə dolaşdırılıb ki, sona çıxmaq hər kəsə nəsib olmasın. Azərbaycan üzərində oynanılan oyunlar isə bu sxemin aydın dərk edilməsinə yardım göstərdi. ABŞ-ın Avropanın təkcə QHT sektorundan deyil, bu məkanda yerləşən beynəlxalq təşkilatlardan və hakimiyyət strukturlarından da istifadə etdiyi faktdır. ATƏT-in təsisçiləri sırasında olan və onun büdcəsinin əhəmiyyətli hissəsini ödəyən ABŞ bu təşkilatda öz maraqlarını kifayət qədər keçirə bilir. Təsadüfi deyil ki, ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri təşkilatın rəhbərindən daha güclü şəxs hesab olunur. Xüsusilə qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Media Ofisi tam ABŞ-ın nəzarətindədir və onların rəhbərləri ya Vaşinqtondan təyin olunur, ya da bu təyinat onunla razılaşdırılır. ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Daniyel Boyenin qurumun Azərbaycandakı layihə əlaqələndiricisi olan Aleks Şahtaxtinski ilə davranışı bu mülahizəni təsdiq edən tutarlı faktlardan biridir. Diqqət edin: AŞ PA-nın insan haqları üzrə komissarı Nils Mujneks milliyyətcə latış olsa da, Los-Ancelesdə, latviyalı emiqrant ailəsində doğulub. Bütün şüurlu həyatını Amerikada yaşayıb, orada təhsil alıb. 1992-ci ildən başlayaraq öz tarixi vətəni ilə əlaqə qurub və 1992-1995-ci illərdə Soros Fondunun Latviya bölməsinin direktoru olub. Hazırda bu şəxs Azərbaycana qarşı kəskin çıxışlar etmək üçün bütün imkanlardan yararlanır. Vaxtilə Avropa Şurasında irqçilik və dözümsüzlüyə qarşı komissiyanın sədri olsa da, öz elmi işini bu mövzuya həsr etsə də, Rusiyaya və ruslara qarşı kəskin şovinist mövqe tutur”, deyə rəsmi dövlərt qəzeti faktiki Ruisyanı müdafiə edir.

Məqalədə daha sonra BMT İnsan Hüquqları Ali Komissarlığının düşüncə və ifadə azadlığının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi Devid Kaye də ABŞ vətəndaşı olduğun diqqət çəkir.

“Təsadüfi deyil ki, Devid Kaye Nils Mujneks və ATƏT-in Media Ofisinin rəhbəri Dunya Miyatoviçlə birlikdə l Avropa Oyunları ərəfəsində məqalə ilə çıxış edərək Azərbaycanı tənqid hədəfinə çevirmişlər”.


Sonda ABŞ-ın dünyada medianı, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumları, aparıcı beynəlxalq təşkilatların üzv ölkələrdə insan hüquqlarının icrası ilə məşğul olan struktur bölmələrini tam nəzarətdə saxladığı xatırladılır.

Görünən odur ki, Avropa Birliyi və ya xanım Nulandın dili ilə desək “...EU” müstəqil güc mərkəzi deyil, daha böyük qüvvənin - ABŞ-ın planlarını reallaşdırmaq üçün bir vasitə, silah, iradəsi öz əlində olmayan kölədir.

“Görünən odur ki, Avropa Birliyi və ya xanım Nulandın dili ilə desək “...EU” müstəqil güc mərkəzi deyil, daha böyük qüvvənin - ABŞ-ın planlarını reallaşdırmaq üçün bir vasitə, silah, iradəsi öz əlində olmayan kölədir. ABŞ “EU” çərçivəsində hətta ən yaxın müttəfiqlərini belə dinləyir, onların haqqında kompromat toplayır və itaətsizliyə görə ciddi cəzalandırmaq iqtidarındadır. Əks təqdirdə Edvard Snoudenin məlum açıqlamalarından sonra aşağılanmış Avropa liderləri bu biabırçılığa sərt reaksiya verər, hər hansı tədbir görərdilər. Ən azından Almaniya hakimiyyəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Bavariyadakı mərkəzini qapadardı, kansler Angela Merkel isə Bundestaqda utanc gətirən hesabat vermək məcburiyyətində qalmazdı. Belə nəticə çıxır ki, ayrı-ayrı rəsmi şəxsləri dinləyib haqqında kompromat toplamaqla ABŞ kəşfiyyatı sonda onları da öz maraqlarının icraçısına çevirməyi bacarır. Məhz bu səbəbdən də Avropa liderləri özlərində qətiyyət tapıb l Avropa Oyunlarının açılışına gəlmədilər. Böyük əminliklə demək olar ki, Oyunlardan əvvəl Nulandın “qvardiyası” azadlığa çıxsaydı, ABŞ Dövlət Departamenti Azərbaycanı təqdir edən bəyanat versəydi və Avropa liderlərinə göz ağartmasaydı, onlar ard-arda Bakı Olimpiya Stadionunun ən rahat kürsülərində bu mühüm Ümumavropa bayramının açılış mərasimini izləyəcəkdilər. Ancaq onların heç birində İlham Əliyev qədər cəsarət və prinsipiallıq yoxdur! Onların heç biri öz xalqlarının gələcəyi naminə Vaşinqtona, Nulandlara dirəniş göstərmək iqtidarında deyil! Avropa zahirən azad görünsə də, dərin köləliyin məngənəsindədir!”

Maraqlı cəhətlərdən biri də rəsmi dövlət qəzetinin redaksiya məqaləsini Belorus liderinin sitatı ilə tamamlamasıdır.

“O ki, qaldı Avropa Oyunlarına qarşı təxribat planının icrasına, bu mafioz işbirliyinə ən yaxşı cavabı Belarus Prezidenti Aleksandr Lukaşenko verdi: “Azərbaycan bu tədbiri təşkil etməklə öz səviyyəsini nümayiş etdirdi və ona hücum edənlərin hamısının burnunu ovdu”, müəllif qeyd edir.

Məqalədə irəli sürülən ittihamlarla bağlı nə ABŞ, nə Avropa dövlətləri, nə də beynəlxalq təşkilatlar hələ şərh verməyib.

XS
SM
MD
LG