Accessibility links

İran-Azərbaycan əlaqələrində şiə məzhəbi, təhlükəsizlik və ticarət faktorları [Audio-Müsahibə]


Nazim Cəfərsoy İlham Əliyevin İrana səfərinin nəticələrini dəyərləndirir

Nazim Cəfərsoy prezident İlham Əliyevin İran səfərinin İrana qarşı beynəlxalq sanksiyaların ləğvı prosesinin sürətləndiyi bir dövrdə həyata keçirilməsinin xüsusi önəm daşıdığını söyləyir. Siyasi elmlər doktoru Amerikanın Səsi ilə söhbətdə Əliyevin İrana rəsmi səfərinin sonuclarını açıqlamaqla yanaşı İran-Azərbaycan arasındakı iqtisadi, ticari və təhlükəsizlik əməkdaşlıqların səviyyəsi, istiqaməti və əsaslandığı motivləri şərh edib.

O, həmçinin İranın ali ruhani lideri Seyid Əli Xamneyinin prezident Əliyev ilə görüşdə Azərbaycanda şiəliyin yayılmasına dair tövsiyələri haqqında düşüncələrini ifadə edərək İranın məzhəb təbliğatları üçün Azərbaycan Respublikasında mövcud olan potensial bazanı dəyərləndirib.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaların ləğvi prosesinin başlanmasını Azərbaycan Respublikası üçün də bir fürsət hesab edir.

Azərbaycanla İran arasında 11 sənəd imzalanıb

Azərbaycanla İran arasında 11 sənəd imzalanıb

Onun sözlərinə görə, “prezident Əliyevin İrana səfərinin həyata keçirilməsinin zamanı çox əhəmiyyətlidir. Çünki, İrana qarşı sanksiyaların ləğvi prosesinin sürətləndiyi bir dövrdə baş verir. Buna görə də, burada həm İran həm də Azərbaycan açısından müəyyən və mühüm fürsətlər doğub. Belə ki, Azərbaycan İranın bazarına girmək, İranla ticari-iqtisadi əməkdaşlıqlarını artırmaq istəyir. Siyasi və təhlükəsizlik kontekstindəki problemləri də ən azından yumuşatma və yoluna qoyma istiqamətində İranın Qərblə yaxınlaşmasının müəyyən fürsətlər yaradacağını düşünür...”

Prezident Əliyevin İrana səfərinin həyata keçirilməsinin zamanı çox əhəmiyyətlidir. Çünki, İrana qarşı sanksiyaların ləğvi prosesinin sürətləndiyi bir dövrdə baş verir. Buna görə də, burada həm İran həm də Azərbaycan açısından müəyyən və mühüm fürsətlər doğub.

Cəfərsoy iki ölkə arasında əməkdaşlıq anlayışının daha irəli səviyyəyə daşınması istiqamətində addımların atıldığını müşahidə etdiyini və ikisinin buna möhtac olduğunu söyləyir.

Ekspert İran-Azərbaycan arasında təhlükəsizlik əməkdaşlıqların genişlənməsi istiqamətində Rusiyanın müdaxilə etdiyini düşünmədiyini vurğulayır. “Rusiya Azərbaycanın özü xaricində ya özünün əsas söz sahibi olmadığı bir təhlükəsizlik bloku içərisində yer almasına xoş baxmır,” deyə o düşündüyünü bildirir.

Cəfərsoy həmçinin İranın ali ruhani lideri Seyid Əli Xamneyinin prezident Əliyevə Azərbaycanda şiəliyi yaymasını tövsiyə etməsi haqda danışıb.

Xamneyi Əliyevlə görüşdə şiəliyin Azərbaycanda yayılmasını istəyib

Xamneyi Əliyevlə görüşdə şiəliyin Azərbaycanda yayılmasını istəyib

Onun söylədiklərinə görə, İran şiə məzhəbi üzərindən bölgə siyasətində mövqeyini gücləndirmək istəyir:

“Bunu İraq və Suriyada gördük. Yəni özünü şiə blokunun lideri kimi göstərir və o çərçivədə xarici siyasətinə daha geniş perspektiv və güc qazanmağa çalışır... Azərbaycanda həm də bundan istifadə edərək özünə qarşı mövcud olan mənfi imici aradan qaldırmaq istəyir.”

Nazim Cəfərsoyun fikrincə, İran İslam Respublikası şiəliyi yaymaq istiqamətində Azərbaycanın bəzi bölgələri o cümlədən, Bakıda kütlə üzərində təsir imkanına malik olsa da müəyyən problemlərlə də qarşı qarşıyadır.

İran şiə məzhəbi üzərindən bölgə siyasətində mövqeyini gücləndirmək istəyir... Azərbaycanda həm də bundan istifadə edərək özünə qarşı mövcud olan mənfi imici aradan qaldırmaq istəyir.

“Azərbaycan cəmiyyətində İranın imici ilə bağlı ciddi problemlər var. Bunun birincisi Qarabağ məsələsidir. Çünki, Qarabağda göstərdiyi mövqe və Ermənistana verdiyi dəstək İranın inandırıcılığına ciddi zərbə vurur. İkinci, cəmiyyət İran hakimiyyətinin İrandakı soydaşlarına qarşı ayrı-seçkiçi mövqeyindən narahatdır. Üçüncü, Azərbaycanda ənənəvi olaraq dinin siyasətə alət edilməsi nümunəsi çox zəifdir. Dördüncü, Azərbaycan xalqında məzhəb təəssübkeşliyi ciddi məqam deyil,” deyə siyasi ekspert əlavə edir.

Güneyli ekspertlər isə İslam Respublikasının İran Azərbaycanı və İranın digər bölgələrində yaşayan türklərin əksəriyyətinin şiə olmasını nəzərə alaraq türk kimliyini zəiflətmək və türkləri assimilyasiya etmək istiqamətində məzhəb amilindən istifadə etdiyini önə çəkirlər.

XS
SM
MD
LG