Accessibility links

2012-ci ilin avqustunda baş verən zəlzələ bölgəsinin Vəzirqan şəhərinin İran parlamentindəki deputatı Allahverdi Dehqani Şərqi Azərbaycan vilayəti valisinin sözlərini rədd edərək, hələ də bir çox insanın çadırlarda yaşadığını bildirib.

Yerli xəbər agentlikləri azərbaycanlı millət vəkilinin sözlərini yanvarın 3-də yayıb:

“Rəsmilərin iddiası doğru deyil. Bir çox insan hələ də çadırlardadır. Bəziləri soyuq hava şəraiti səbəbi ilə yarı dağılmış evlərin çatlamış tavanları altında yaşayır”.

Cənab Dehqani əlavə edib ki, “Çadırlarda yaşayanlar belə sərt soyuğa tab gətirə bilməzlər. Daha yaxşısı yarı dağılmış evlərin çatlaq tavanları altında yaşamaqdır. Onlar bəlkə belə canlarını soyuqdan qurtardılar”.

İran xəbər agentlikləri son bir ay ərzində dəfələrlə Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygiyə istinadən artıq heç kimin çadırlarda yaşamadığını yazır.

Amma azərbaycanlı deputat hər dəfə valinin sözlərini rədd edərək mətbuata açıqlama verir. Yerli jurnalistlər, xəbər saytları və rəsmi xəbər agentlikləri zəlzələ bölgəsindən çadırlarda yaşayan insanları əks etdirən yeni şəkillər yayır.

Allahverdi Dehqani İran parlamentindəki çıxışlarında dövləti zəlzələ bölgəsindəki problemlərlə bağlı tənqid edib.

O, 2012-ci ilin noyabrında ailəsi ilə birlikdə avtomobil qəzasına düşüb. Qəzada millət vəkili yaralanıb, həyat yoldaşı, qızı və oğlu isə qəza yerində ölüb. Azərbaycan veb səhifələri qəzanı “şübhəli” adlandırıb və “cəsur millət vəkilini ortadan qaldırmaq istəyirlər”, deyə yazıb.
XS
SM
MD
LG