Accessibility links

Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundov martın 5-də Urmiyədə Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət ilə görüşüb. İran mediasının məlumatına görə, Axundov və Səadət İran və Azərbaycan Respublikası arasındakı mədəni əlaqələrdən danışıb, iqtisadi və ticari münasibətlər, habelə Urmiyə gölü böhranı ilə bağlı müzakirə keçirib.

“İki ölkə ortaq mədəni, ictimai və məzhəbi dəyərləri paylaşırlar. Mən İran İslam Respublikasında olarkən özümü qürbətdə imiş kimi hiss etmirəm. Urmiyə kimi şəhərlərdə isə bu yaxınlıq daha çox hiss olunur,” deyə Cavanşir Axundovun sözləri yarsı-rəsmi Fars xəbər agentliyində əks edilib.

Axundov İran-Azərbaycan münasibətlərinin yaxşı səviyyədə olduğunu vurğulayaraq, bunu iqtisadi və ticari əlaqələrin genişləndirilməsi istiqamətində yaxşı fursət kimi dəyərləndirib. O, bu xüsusda iki tərəfin qərarlı olduğunu dilə gətirib.

İki azərbaycanlı həmçinin Urmiyə gölü böhranını müzakirə ediblər. Cavanşir Axundov Urmiyə gölü böhranını beynəlxalq bir böhran kimi qiymətləndirib. “Bu böhran bölgəyə düzəlməz zərərlər verəcək. Birgə fəaliyyət edib, özəl layihələr həyata keçirərək böhranın həll ediləcəyinə ümid edirəm,” deyə Azərbaycan Respublikasının İrandakı səfiri bəyan edib.

IRNA xəbər agentliyi bildirir ki, Qurbanəli Səadət Qərbi Azərbaycan vilayətinin qonşu ölkələrlə iqtisadi münasibətlərini genişləndirməyə çalışdığını vurğulayıb. O, vilayətin Naxçıvan Muxtar Respublikası ilə sərhəd qonşusu olduğunu önəmli bir fürsət hesab edib.

“Azərbaycan Respublikasının Qərbi Azərbaycan vilayəti və Naxçıvan arasında gediş-gəlişin asanlaşdırılması istiqamətində addım atmasını gözləyirik,” deyə Qərbi Azərbaycan valisi Axundov ilə söhbətdə dilə gətirib.

Mərkəzi Urmiyə olan İranın Qərbi Azərbaycan vilayəti Azərbaycan Respublikası, Türkiyə və İraqla ortaq sərhədlərə malikdir. Vilayətdə türklərdən əlavə kürd, aysor və erməni kimi azlıqlar yaşamaqdadır.
XS
SM
MD
LG