Accessibility links

Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçirilib


Azərbaycan-İran dövlətləqrarası komissiya

Azərbaycan-İran dövlətləqrarası komissiya

Sənaye, energetika, kənd təsərrüfatı, su təsərrüfatı, nəqliyyat, rabitə, turizm, təhsil və başqa sahələrdə əməkdaşlıq müzakirə edilib

Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib

Komissiyanın iclasında Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İran tərəfdən rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iştirak edib.

Dövlət komissiyasının həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və sosial-humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın bərabərhüquqlu və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb.

İndiyədək iki ölkə arasında 103 sənəd, o cümlədən iqtisadi sahədə 30-a yaxın sənəd imzalanıb.

“Belə ki, 2013-cü ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi 7% artıb. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 441 İran investisiyalı şirkət fəaliyyət göstərir. İran tərəfindən Azərbaycanda əsas kapitala 382 mln. dollar, qeyri-neft sektoruna isə 105 mln. dollar investisiya yatırılıb. Təkcə 2013-cü ildə İranın əsas kapitala sərmayələrinin həcmi 158 mln. dollar təşkil edir. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ticarət və investisiya sektorlarında əməkdaşlığın inkişafı üçün böyük imkanlar var”, Şahin Mustafayev qeyd edib.

Onun dediyinə görə iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, iqtisadi, sənaye, energetika, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də humanitar sahələrdə əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb.

Bu ilin aprelində Azərbaycan prezidentinin İrana səfəri zamanı "Ordubad" və "Marazad" Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş" imzalanıb. Naxçıvan ilə İranın Şərqi Azərbaycan vilayəti arasında Culfa (Azərbaycan)-Culfa (Iran) yeni avtomobil yolu körpüsünün istifadəyə verilməsi nəqliyyat əlaqələrinin genişlənməsi, beynəlxalq tranzit yüklərin daşınması, vətəndaşların rahatlığının təmin olunması baxımından xüsusi önəm kəsb edir”.

İranın rabitə və informasiya texnologiyaları naziri, dövlət komissiyasının həmsədri Mahmud Vaezi iki ölkə iqtisadi əlaqələrinin inkişafı üçün böyük potensialın olduğunu və mövcud imkanlardan səmərəli istifadənin Azərbaycan və İran arasında əməkdaşlığın inkişafında faydalı olacağını diqqətə çatdırıb.

Sonda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunlarına dair Protokol imzalanıb.

Sənəddə sənaye, energetika, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, investisiya, ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı, əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

Azərbaycanla İran nəqliyyat sahəsində də iki razılaşma əldə edib.

Belə ki, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan “Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi barədə qərar qəbul olunub.

“Dəmir yolu sahəsində artıq bir sıra işlər görülüb. Qəzvin-Rəşt dəmir yolunun 80%-də işlər İran tərəfindən görülüb, 20%-də işlər sürətləndiriləcək. Artıq bu dəmir yolunun tikintisi üçün Azərbaycan-İran-Rusiya üçtərəfli konsorsium yaradılıb. Azərbaycan tərəfinin payına düşən hissəsi Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək”, Mustafayev qeyd edib.

Nazirin dediyinə görə Şimal–Cənub avtomobil magistralının Bakıdan Rusiya sərhədinə qədər hissəsində 90%-ə qədər yenilənmə işləri görülüb. “Bakıdan Astaraya qədər olan yolun inşası üçün isə bütün maliyyə mənbələri müəyyən edilib və bu, Şimal-Cənub dəhlizinin genişlənməsinə böyük tranzit potensialının yaranmasına imkan yaradacaq. Rusiyadan Azərbaycan vasitəsi ilə İran və körfəzə və əksinə yüklərin daşımasına imkan yaradacaq”, o bildirib.

XS
SM
MD
LG