Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan NATO qoşunlarının Əfqanıstandan çıxarılması üçün zəruri infrastrukturunu ayırıb


NATO qoşunları

NATO qoşunları

Azərbaycan xarici işlə naziri bildirib ki, iki əsas məsələ prioritet kimi ortaya çıxıb. Əfqanıstanda NATO missiyasının 2014-cü ildən sonrakı fəaliyyəti və qoşunların çıxarılması.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstandakı Beynəlxalq Təhlükəsizlik Yardımı Qüvvələrinə (ISAF) töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında çıxış edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir Məmmədyarov bildirib ki, xarici işlər nazirlərinin sonuncu görüşündən və müdafiə nazirlərinin bu yaxınlarda keçirdiyi görüşdən sonra iki əsas məsələ prioritet kimi ortaya çıxıb.

“Əfqanıstanda NATO missiyasının 2014-cü ildən sonrakı fəaliyyəti və qoşunların bu ölkədən çıxarılması”.

Onun fikrincə, NATO-nun etibarlı və sadiq tərəfdaşı kimi Azərbaycan ISAF missiyasının başa çatmasından sonra potensial əməliyyat tərəfdaşı olmaqla, "təlim, məsləhət və yardım" cəhdlərinə töhfə vermək məqsədilə zəruri maliyyə yardımı ayırıb və bu istiqamətdə zəruri imkanlara malikdir.

"Biz bunu faktiki olaraq artıq bir sıra sahələrdə etməyə başlamışıq. Qoşunların Əfqanıstandan çıxarılmasına gəldikdə isə, xatırlatmaq istərdim ki, ISAF missiyası üçün qeyri-ölümcül silahların 35%-i məhz Azərbaycan vasitəsilə daşınıb və bu gün ölkəmiz qoşunların çıxarılması üçün özünün zəruri infrastrukturunu ayırıb və bunu gələcəkdə daha da artıra bilər", nazir qeyd edib.

Cənab Məmmədyarov diqqətə çatdırıb ki, yaxınlarda Azərbaycan Türkiyə və Gürcüstanla birgə Şimali Atlantika Şurasında ISAF formatında Bakı-Tbilisi-Qars dəmiryolu və Azərbaycanda həyata keçirilən dəniz və hava limanları ilə bağlı müvafiq təqdimatla çıxış edib.

"Biz eyni zamanda inanırıq ki, hazırda tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmiryolu və Azərbaycanda tikilən yeni dəniz limanı qoşunlar çıxarıldıqdan sonrakı dövr üçün strateji əhəmiyyətli olacaq. Bu layihələr regionda tarixən inkişaf və rifahın mühüm ünsürü olan tarixi İpək Yolunu canlandıracaq. Layihələrdən ilk olaraq bizim əfqanıstanlı dostlarımız faydalanacaqlar. Bu, bizim əsas hədəfimizdir".

Xarici işlər nazirinin sözlərinə görə, Əfqanıstan xalqı çox yaxşı bilir ki, Azərbaycan nəinki bu formatda, həmçinin ikitərəfli formatda qarşıya qoyulan ümumi hədəfə sadiqliyini qoruyur. "Biz son məqsədə çatmaq üçün bütün səylərimizi göstərəcəyik", o vurğulayıb.
XS
SM
MD
LG