Accessibility links

Azərbaycan və Əfqanıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Əfqanıstan xarici işlər naziri Zarar Əhməd Osmanın birgə mətbuat konfransı

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Əfqanıstan xarici işlər naziri Zarar Əhməd Osmanın birgə mətbuat konfransı

Bu bəyanatla hər iki ölkənin xarici işlər nazirləri Bakıda birgə mətbuat konfransında çıxış edib. İki ölkənin əməkdaşlıq perspektivləri və Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yük daşıması məsələləri müzakirə edilib

Azərbaycan Ukraynada sabitliyin bərpasına tərəfdardır. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov martın 18-də Əfqanıstan xarici işlər naziri Zarar Əhməd Osmanla danışıqlardan sonra keçirilən mətbuat konfransında Amerikanın Səsinin rəsmi Bakının və Əfqanıstanın Krım referendumuna münasibəti barədə sualının cavabında bildirib.

“Biz Ukraynada bu məsələlərin həllini istəyirik. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Çünki Azərbaycan özü də ərazi bütövlüyünün pozulması problemi ilə üzləşib”, nazir vurğulayıb.

Məmmədyarov qeyd edib ki, Azərbaycan Ukrayna ilə bağlı problemlərin həllini bu ölkənin konstitusiyası çərçivəsində görür.

Əfqanıstanın xarici işlər naziri isə bildirib ki, rəsmi Kabil Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi üzrə qətnamələrini dəstəkləyir. O xatırladıb ki, Əfqanıstan başqasının ərazilərinin işğalını pisləyir. “Sovet işğalı illərində əfqan xalqı 2 mln. adam itirib”.

Zarar Əhməd Osman Rusiya və Ukrayna yaranmış problemləri dinc yolla həll edəcəyini ümid etdiyini vurğulayıb.

Əfqanıstanın xarici işlər naziri Azərbaycana səfəri zamanı iqtisadi, siyasi, təhsil və başqa maraq doğuran məsələlər müzakirə olunub.

Martın 18-də Bakıda Azərbaycan və Əfqanıstan xarici işlər nazirləri keçirdiyi birgə mətbuat konfransında bildiriblər ki, Əfqanıstan Bakı-Tbilisi-Qars dəmiryol marşrutundan istifadədə maraqlıdır. Hazırda bu məsələlər Türkmənistanla da müzakirə olunur. Əfqanıstandan yüklərin Azərbaycana və oradan Gürcüstan və Türkiyəyə göndərilməsi üçün Türkmənistan ərazisindən istifadə olunur.

Məmmədyarovun sözlərinə görə, NATO ilə də müvafiq danışıqlar aparılır, anti-terror əməliyyatı başa çatdıqdan sonra Əfqanıstandan sözügedən dəmir yolu ilə yüklərin daşınması müzakirə olunur.

Əfqanıstan xarici işlər naziri bildirib ki, bu məsələləri regiona səfəri çərçivəsində artıq Gürcüstanda və Türkiyədə müzakirə edib.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun 2014-cü ilin sonlarında istismara verilməsi nəzərdə tutulur.

Məmmədyarov bildirib ki, Azərbaycan koalisiya qüvvələri çıxarıldıqdan sonra da Əfqanıstana yardımı davam etdirəcək. “Əfqanıstanda ANAMA - minaların təmizlənməsi üzrə milli agentliyin mütəxəssisləri işləyir. Əfqan mütəxəssislər Azərbaycanda diplomatiya, polis və digər akademiyalarda təhsil alır. Azərbaycan Əfqanıstana enerji yardımı da göstərməyə hazırdır. İkitərəfli iqtisadi komissiyanın yaradılması haqqında razılaşmalar əldə olunub”, deyə o bildirib.

Zarar Əhməd Osman Azərbaycanın terrorizmə qarşı mübarizəyə verdiyi töhfəni yüksək qiymətləndirib və iki dövlət arasında əlaqlərin yüksək səviyyədə olduğunu bəyan edib.

Nazir Məmmədyarov isə Əfqanıstandakı əməliyyatda 94 Azərbaycan hərbiçisinin iştirak etdiyini xatırladıb. O deyib ki, Azərbaycanın köməyi 2015-ci ildə də davam etdiriləcək. İki ölkə arasında təhsil, investisiya, maliyyə sahələrində əməkdaşlığın inkişaf etdiyi qeyd edilib.
XS
SM
MD
LG