Accessibility links

The Economist Intelligence Unit araşdırma şirkətinin “2012-ci ildə dünya ölkələrində demokratiya indeksi” adlı hesabatında belə nəticəyə gəlinib.

Turan Agentliyinin məlumatına görə, Azərbaycan avtoritar dövlətlərin siyahısında öz yerini saxlayır.

"The Economist Intelligence Unit" araşdırma şirkətinin (Britaniyanın Economist jurnalının analitik bölməsi) 2012-ci ildə dünya ölkələrində demokratiya indeksi adlı hesabatında belə nəticəyə gəlinib.

Ölkə siyahıda 3.15 balla 139-cu yeri tutaraq Ruanda, Anqola, Qambiya, Kamerun, hətta Komor adalarını qabaqlayıb. Lakin hələlik Belarus, Çin, Qazaxıstan, Konqodakı avtoritarizm dərəcəsinə çata bilməyib. 2011-ci ilin hesabatında Azərbaycan 167 ölkənin yer aldığı siyahıda 140-cı və 50 avtoritar ölkə arasında 28-ci yeri tutub. Region üzrə qonşuları Azərbaycanı demokratiyanın səviyyəsinə görə qabaqlayıblar: Gürcüstan – 90-cı yer, Ermənistan 114. Onlar hibrid rejimli ölkələr sırasına daxil olublar.

Azərbaycan elektoral proses və plüralizm, hökumətin effektivliyi, cəmiyyətin siyasətdə iştirakı, siyasi mədəniyyət, vətəndaş azadlıqları kimi göstəricilər üzrə nəzərəçarpacaq dərəcədə geri qalır.

Hesabatı dərc edən Moskva Texnoloji Araşdırmalar Mərkəzi bildirir ki, demokratiyanın indeksi dövlət daxilində demokratiyanın səviyyəsini ölçür və ekspert qiymətləndirmələri metodologiyasına əsaslanıb. Bundan başqa indeks beş əsas kateqoriyada qruplaşdırılmış 60 mühüm göstərici üzrə vəziyyəti xarakterizə edən müvafiq ölkələrdə ictimai rəy sorğularına əsaslanıb:

Seçki prosesi və plüralizm.

Hökumətin fəaliyyəti.

Siyasi iştirak.

Siyasi mədəniyyət.

Vətəndaş azadlıqları.

“Demokratiya indeksi” hesabatının hazırki nəşri sayca dördüncüdür və 2012-ci ilin sonları üçün vəziyyəti əks etdirir. Birinci nəşr 2006-cı ilin sonlarında dərc olunub. İndiki reytinqin hazırlanması zamanı araşdırmaçılar 167 dövləti təhlil ediblər. Onların hamısı hakimiyyətin dörd tip rejimindən birinə aiddir:

Tam demokratiya.

Natamam demokratiya.

Hibrid rejim.

Avtoritar rejim.

Bu il ən demokratik ölkələr sırasında Skandinaviya ölkələri yer alıblar. Dünya reytinqində ilk yeri Norveç (9.93 bal) tutub. Onluğa İsveç, İslandiya, Danimarka, Finlandiya, Niderland daxildir. Birləşmiş Ştatlar və Böyük Britaniya “tam demokratiyalı” dövlətlər sırasında yer alıblar. ABŞ-da siyasi qüvvələrin qütbləşməsinin dərinləşməsi demokratiyanın vəziyyətinə mənfi təsir göstərir. Böyük Britaniya isə dərin institusional böhrandan əziyyət çəkir.

“Tam demokratiya”ya malik ölkələr kateqoriyasında 25 dövlət yer alıb ki, onlarda planetin 12% əhalisi yaşayır. İndiki araşdırmanın yekunlarına görə, dünya ölkələrinin demək olar ki, yarısı demokratik ölkələr sırasına daxil edilə bilər, lakin onların böyük hissəsi - 54 dövlət “natamam demokratiya”ya malik ölkələr kimi qiymətləndirilib. 37 dövlət “hibrid rejimli” (yəni ölkədə həm demokratiya, həm də avtoritarizm elementləri var), 51 ölkə “avtoritar rejim”ə malik dövlət kimi yer alıb. Bu məlumatlara əsasən dünya əhalisinin üçdə birindən çoxu (2,6 milyard nəfərə yaxın) avtoritar idarəetmə şəraitində yaşayır ki, bunun da böyük hissəsi Çinin payına düşür.

Sənəddə qeyd olunur ki, bu il “qlobal demokratiya dalana dirənib”, çünki bütün dünya üzrə demokratiyanın səviyyəsində nə mühüm irəliləyiş, nə də geriləmə qeydə alınmayıb. Lakin ümumilikdə, son illər bir çox dövlətlərdə demokratik proseslərin azalması ilə bağlı ümumi tendensiya qeyd olunub. 1974-cü ildə başlayan çoxillik dünya demokratikləşmə tendensiyası hazırda dayanıb və “demokratik resessiya” müşahidə olunur. Son illər dünya regionlarında üstünlük təşkil edən model demokratikləşmədə əvvəllər əldə olunmuş irəliləyişdən geri çəkilmə olub. Dünyanın bir çox regionlarında demokratik proseslərlə bağlı ümidsizlik müşahidə olunur və siyasi institutlara (xüsusən də Avropada) inam azalmaqda davam edir

Show comments

XS
SM
MD
LG