Accessibility links

Qarşılıqlı hədələr: Cəbhədə gərgin durumla bağlı Ermənistan və Azərbaycanın mövqeyi


Ermənistan-Azərbaycan münaqişəsi xəritədə

Ermənistan-Azərbaycan münaqişəsi xəritədə

Təxribat nəticəsində öldürülmüş erməni əsgərlərinin həyatına görə Azərbaycan ağır əvəz ödəyəcək. Ermənistan prezidenti Serj Sarkisyan bu sözləri Müdafiə Nazirliyinin kollegiyasında çıxış edərkən söyləyib.

Turan agentliyinin məlumatına görə, dövlət başçısı Azərbaycan tərəfini ön cəbhədə çoxsaylı təxribatlarda ittiham edib.

“Bakı dünyada şıltaqlıqları təmin olunmadığı halda nə baş verəcəyini göstərməyə səy edir. Özü də bunlar düşünülmədən, mümkün nəticələri təhlil olunmadan edilir”, S.Sarkisyan bildirib.

“Hər dəfə Ermənistanda nəsə neqativ, problemli hadisə baş verəndə Azərbaycana nahaqdan elə gəlir ki, onun bəxt ulduzunun vaxtı çatıb”.

“Biz Azərbaycandakı “isti başlar” üçün çoxsaylı sürprizlər hazırlamışıq. Bundan əlavə, Azərbaycan daha irimiqyaslı canlı qüvvələrini, texnikasını bizim sərhədlərə və təmas xəttinə cəmləşdirdiyi halda biz qabaqlayıcı zərbələr endirmək hüququnu özümüzdə saxlayırıq. Biz əl-qolumuzu sallayaraq, bəlanın evimizə gəlməsini gözləmək fikrində deyilik. Biz amansız olacağıq. Biz başa düşürük ki, Azərbaycan hakimiyyəti kürsüsünü qorumaq üçün özünün yüz və minlərlə vətəndaşlarını ölümə göndrməyə hazırdır, amma biz imkan vermərik ki, bu bizim əsgər və zabitlərimizin həyatı bahasına olsun. Biz buna yol vermərik”, S.Sərkisyan bildirib.

Xatırladaq ki, son vaxtlar cəbhə xəttində çoxsaylı insident və toqquşmalar baş verir. Hər iki tərəfdən itkilər qeydə alınmaqdadır.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhində deyilir ki, “beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycana qarşı işğal və təcavüz törətmiş dövlət kimi vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.

Hacıyev bildirir ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu regional sabitlik və təhlükəsizliyi təhdid edən gərginliyin yaranmasının əsas səbəbidir.

“Ermənistanın məqsədyönlü şəkildə vəziyyətin gərginləşməsinə yönəlmiş təxribatçı əməlləri münaqişənin həllinə mane olmaq və Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaranmış mövcud status kvonu saxlamaq məqsədi daşıyır.

Ermənistan rejimi “cəbhədə vəziyyətin gərginləşməsi” bəhanəsini əlində alət edərək, bu vasitə ilə uğursuz şəkildə ölkədaxili siyasi-iqtisadi və demoqrafik böhrandan, xüsusilə son günlərdə ölkədə yaranmış gərgin siyasi vəziyyətdən diqqəti yayındırmağa çalışır. Ermənistanın cəbhədə son günlər ərzində verdiyi çoxsaylı itkilər Ermənistan rejiminin bu məsuliyyətsiz siyasətinin nəticəsidir.

Bütün bu təxribatçı əməllərin fonunda Ermənistanın münaqişənin həllinə dair danışıqlar prosesində iştirakı siyasi möhtəkirlik xarakteri daşıyaraq, yalnız danışıqların imitasiyasına və beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir.

Münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktı aradan qaldırılmalıdır”, mətbuat xidmətinin rəhbərinin şərhində qeyd edilir.

XS
SM
MD
LG