Accessibility links

Azərbaycan xarici işlər naziri Ermənistanlı həmkarı ilə görüşə razılıq verib


Elmar Məmmədyarov və Jan-Mark Eyro

Elmar Məmmədyarov və Jan-Mark Eyro

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində noyabrın 17-də Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində ikitərəfli əlaqələrin indiki durumu və perspektivləri, o cümlədən son zamanlar sürətlə inkişaf edən regionlararası əməkdaşlıq məsələlərini müzakirə edib. Nazirlər Azərbaycan-Fransa münasibətlərin bütün sahələrdə müsbət və davamlı şəkildə inkişaf etməsindən məmnunluq ifadə edib.

Elmar Məmmədyarov və Jan-Mark Eyro

Elmar Məmmədyarov və Jan-Mark Eyro

Nazirlər Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə nəzər salaraq, bu günlərdə Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş layihəsi üzrə danışıqların başlanılması üçün Avropa Komissiyasına müvafiq mandatın verilməsi faktını alqışlayıb.

Mətbuat xidməti bildirir ki, nazirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Onlar münaqişənin tezliklə siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin məntiqlı və nəticəyə yönəlmiş əsasda davam etdirilməsinin vacibliyini təsdiq edib.

Bu xüsusda nazir Elmar Məmmədyarov fransalı həmkarı tərəfindən irəli sürülmüş, dekabrın 8-də Hamburqda keçiriləcək ATƏT-in nazirlər toplantısı çərçivəsində xarici işlər nazirləri səviyyəsində "3+2" formatında (ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycan, Ermənistan xarici işlər nazirləri -red) görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirib.

Səfər əsnasında nazir Elmar Məmmədyarov, həmçinin Fransanın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri səfir Stefan Viskonti ilə ayrıca görüş keçirib.

Show comments

XS
SM
MD
LG