Accessibility links

Zakir Həsənov: Azərbaycan Qazaxıstanla Xəzərdə birgə təlimlər keçirməyə hazırdır


 Zakir Həsənov və İmanqali Tasmaqambetov

Zakir Həsənov və İmanqali Tasmaqambetov

Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov noyabrın 4-də bu ölkənin müdafiə naziri İmanqali Tasmaqambetov ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə hazırkı mərhələdə diqqəti Azərbaycan və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri arasında praktiki əlaqələrin qurulmasına yönəltməyin vacibliyi bildirilib.

“Bu istiqamət Xəzər dənizində qonşuluq münasibətlərinin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edər. Bu, Xəzəryanı dövlətlərin rəhbərlərinin yüksək səviyyəli görüşlərdə əldə etdikləri razılığa da uyğundur”, Qazaxıstanın müdafiə naziri qeyd edib.

Zakir Həsənov və İmanqali Tasmaqambetov

Zakir Həsənov və İmanqali Tasmaqambetov

Azərbaycan müdafiə naziri isə deyib ki, ölkəsi birgə təlimlərin keçirilməsinə hazırdır.

“Çünki Qazaxıstanla təlimlərin və yarışların keçirilməsi sahəsində təcrübəyə malikik. Bu cür tədbirlərin keçirilməsi silahlı qüvvələrimizin qarşılıqlı təcrübə əldə edərək yaxınlaşmasına xidmət edər”, nazir bildirib.

İ. Tasmaqambetov Z. Həsənovu gələn il Astana şəhərində keçirilməsi planlaşdırılan “KADEKS-2016” Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət edib.

"Ümid edirəm ki, bu sərgidə iştirakınız ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişafına əlavə təkan verəcəkdir”, o bildirib.

Görüşdə ölkələr arasında mövcud əlaqələrin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığına xüsusi diqqət yetirilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi də aparılıb.

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb.

XS
SM
MD
LG