Accessibility links

Elmar Məmmədyarov: Enerji və nəqliyyat layihələri regionun inkişafı üçün zəmin yaradır


Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov və Tamar Beruçaşvili
Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov və Tamar Beruçaşvili

Fevralın 19-da Tiflisdə Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib.

APA agentliyinin məlumatına görə, nazirlər öncə təkbətək, sonra isə geniş formatda görüşüblər.

Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili Azərbaycanın ölkəsi üçün dost, yaxşı qonşu və strateji tərəfdaş dövlər olduğunu bildirib.

"Azərbaycan Gürcüstanla siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə fəal əməkdaşlıq edir, mühüm investisiyalar yatırır. Ən böyük layihələrin ölkəmizdən keçməsi vacib amillərdən biridir”, o qeyd edib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iki ölkənin münasibətlərindən danışıb.

“Biz bir çox layihələrdə Gürcüstanla birlikdə işləyirik. Belə layihələrdən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Dəmir yolu bu il istifadəyə veriləcək”.

E. Məmmədyarov bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələri Azərbaycan və Gürcüstanla bərabər bütün regionun inkişafı üçün zəmin yaradır. Nazir Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə Ermənistanın bu layihələrdən kənarda qaldığını və regional əməkdaşlıqdan bəhrələnə bilmədiyini söyləyib.

“Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycana deyil, Ermənistana da əziyyət verir, çünki Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Ermənistan öz siyasətini dəyişdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstək versə, əlbəttə, Ermənistan da bu layihələrdə ola bilər və olacaq. Biz inanırıq ki, gec-tez bu fikir Ermənistan rəhbərliyinin ağlına gələcək”, o qeyd edib.

Görüşdən sonra Gürcüstan və Azərbaycan xarici siyasət idarələrinin rəhbərləri jurnalistlər üçün mətbuat konfransı keçirib.

T. Beruçaşvili iki ölkə arasındakı əməkdaşlığın çoxşaxəli olduğunu bildirib. O qeyd edib ki, Gürcüstan üçün ticarət və iqtisadi əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir.

"Bizim üçün ən mühüm əməkdaşlıq enerji sahəsi ilə bağlıdır. Gürcüstanın energetika naziri Kaxa Kaladze bu yaxınlarda Azərbaycanda keçirilən beynəlxalq toplantıda bir daha Azərbaycanla əməkdaşlığımızın siyasi əhəmiyyətini təsdiq edib. Biz “Cənub qaz dəhlizi”nə əhəmiyyətli və səmərəli layihə kimi baxırıq".

T. Beruçaşvili ölkəsinin təhlükəsizlik məsələlərinə də xüsusi önəm verdiyini bildirib.

"Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirik. Öz növbəsində Azərbaycan da bizim ərazi bütövlüyümüzü dəstəkləyir”.

T. Beruçaşvili GUAM-ın Gürcüstan üçün aktual bir təşkilat olduğunu bildirib.

"Bizi bu təşkilatda eyni maraqlar birləşdirir".

Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığını da müsbət qiymətləndirib və bu formatda iki ölkənin uğurlu mexanizm yaratdığını bildirib.

E. Məmmədyarov bütün məsələləri hərtərəfli müzakirə etdiyini bildirib.

"Biz açıq və səmimi şəkildə Azərbaycan-Gürcüstan əməkdaşlığını müzakirə etdik. Gürcüstanla Azərbaycan lider ölkələrdir. Bizim ölkələr müxtəlif layihələr həyata keçirir".

E. Məmmədyarov həmkarı ilə Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərin problemlərini də müzakirə etdiyini bildirib.

"Biz həm azərbaycanlı və gürcü ailələrinə dəstək verəcəyimizi müzakirə etdik. Onlar özlərini rahat hiss edə bilərlər", nazir qeyd edib.

XS
SM
MD
LG