Accessibility links

Həsən Ruhani: Araz çayı gərək iki ölkənin birliyini daha da möhkəmləndirsin


Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani danışıqların yekunu olaraq mətbuata birgə bəyanatlarla çıxış edib.

Prezident İlham Əliyev bildirib ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir.

“Sizin bugünkü səfəriniz bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bu gün imzalanan sənədlər, aparılan fikir mübadiləsi, sabah keçiriləcək biznes forum əlbəttə ki, əlaqələrimizin inkişafına xidmət göstərəcəkdir”.

Əliyevin fikrincə, iki ölkə arasında çox gözəl siyasi əlaqələr var.

“Biz üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik və bütün məsələlərdə bir-birimizin yanındayıq. Ölkələrimiz üçün ən vacib və həssas məsələlərdə də biz qarşılıqlı dəstək göstəririk. BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik”.

İranın mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir.

Dövlət başçısı deyib ki, Azərbaycan üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də İranın dəstəyini həmişə hiss edir.

“İranın mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir. Bildiyiniz kimi, bu münaqişə uzun illərdir ki, öz həllini tapmır. Azərbaycanın tarixi, əzəli torpağı Dağlıq Qarabağ və yeddi ətraf rayonu erməni silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur”.

Bu münaqişənin başqa həll yolu yoxdur.

Prezident bildirib ki, münaqişənin ərazi bölüvlüyü çərçivəsində həll edilməsi bölgəyə sülh gətirəcək.

“Bu münaqişənin başqa həll yolu yoxdur. Ədalət, beynəlxalq hüquq bərpa edilməlidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir”.

Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması hər iki tərəfin marağındadır.

Əliyev iqtisadi əlaqələrdən danışarkən deyib ki, energetika sahəsində əməkdaşlığı da müzakirə ediblər.

“Neft-qaz, elektrik enerjisi, qaz mübadiləsi sahələrində çox böyük imkanlar var. Artıq bir neçə layihə icra edilib. Yeni layihələrin icra edilməsi də gözlənilir. Eyni zamanda, biz bu gün nəqliyyatla bağlı məsələləri geniş müzakirə etdik. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması hər iki tərəfin marağındadır. Biz bu önəmli layihənin həyata keçirilməsində fəal iştirak edirik, öz səylərimizi qoyuruq. Şimal-Cənub nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmlidir”.

İ.Əliyevbildirib ki, İran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir kənar qüvvə bizim aramıza girə bilməz.

”Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır”.

Əgər desək ki, Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur, səhv etmərik.

Prezident Həsən Ruhaniiki ölkənin dostluğunu bədii ifadələrlə tərənnüm edib.

“Əgər desək ki, Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur, səhv etmərik. Bu insanların yaşayışının əsas mühüm hissələrindən biri mədəniyyətdirsə, deyə bilərik ki, bu iki ölkə, bu iki xalq birdir, həm məzhəbi, həm dini birdir, müştərək tarixə, keçmiş tarixə malikdirlər və bir-birinin mədəniyyətinə bələddirlər, bir-birini çox yaxşı başa düşürlər”.

Biz o Arazı qəbul edirik ki, iki dövləti, iki xalqı bir-birinə birləşdirir.

O deyib ki, Araz çayı gərək iki ölkənin birliyini daha da möhkəmləndirsin.

“Biz o Arazı qəbul edirik ki, iki dövləti, iki xalqı bir-birinə birləşdirir. Biz o Arazı qəbul edirik ki, bu, hər iki ölkənin inkişafının çiçəklənməsinə töhfə vermiş olur”.

Biz bu dəhliz vasitəsilə Qara dənizə və Avropaya, Rusiyaya çıxaq, onların dəmir yolu sisteminə birləşək.

Ruhani hesab edir ki, İran Azərbaycan və Qafqaz vasitəsilə Avropa ilə birləşə bilər.

“Azərbaycan da İran vasitəsilə cənub dənizləri ilə, okeanlarla birləşmiş olar. Biz gərək bu dəhlizdən çox yaxşı istifadə edək, bundan faydalanaq və bunu daha da genişləndirək və çalışaq ki, bir-birimizə kömək etməklə Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yolunun tikintisinə və birləşməsinə nail olaq. Biz bu dəhliz vasitəsilə Qara dənizə və Avropaya, Rusiyaya çıxaq, onların dəmir yolu sisteminə birləşək. Biz bu sahədə əməkdaşlıq etməliyik”.

İran prezidenti hesab edir ki, Xəzər dostluq, inkişaf dənizidir.

“Bu dəniz hər iki millətin inkişafına öz töhfəsini verən dənizdir. O millətlər ki, uzun illər, əsrlər boyu bu dənizin sahilində yaşamışlar və bu dənizin Allahın verdiyi nemətlərindən istifadə etmişlər”.

Biz istəyirik ki, İran vətəndaşları Azərbaycana, Azərbaycan vətəndaşları isə İrana çox asanlıqla, rahatlıqla səfər etsinlər.

Prezident turizm sahəsində də geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

“Biz istəyirik ki, İran vətəndaşları Azərbaycana, Azərbaycan vətəndaşları isə İrana çox asanlıqla, rahatlıqla səfər etsinlər. Biz buna hər iki millətin, hər iki ölkənin mənafeyinə və təhlükəsizliyinə xidmət göstərən bir amil kimi yanaşırıq. Hər iki ölkənin potensialından istifadə etməliyik və bununla əlaqədar razılaşmalar əldə olunmalıdır. Sərhəd məsələlərində də əməkdaşlığı daha da genişləndirməliyik. Narkotiklərə, qaçaqmalçılığa qarşı mübarizədə əlaqələri möhkəmləndirməliyik”.

Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun.

İran Qarabağın bugünkü vəziyyətini bəyənmir. Prezident deyib ki, İranbölgədə ədalətin olmasını istəyir.

“Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun. Biz bütün ölkələr arasında dostluğun, təhlükəsizliyin, sabitliyin, ədalətin bərqərar olması üçün əlimizdən gələni etməyə, öz tərəfimizdən lazımi addımı atmağa hazırıq. Biz bunu beynəlxalq təşkilatlar çərçivəsində, hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq. Biz bilirik ki, Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır. Bu, müharibə yolu ilə həll olunası məsələ deyil. Ona görə də bu istiqamətdə bütün köməyimizi göstərməyi öz vəzifəmiz hesab edirik və bunu etməyə hazırıq”.

İndi çox böyük bir böhran ətəyimizdən yapışıb.

O Yaxın Şərqdə, Afrikanın şimalında baş verən böhranla, hadisələrlə əlaqədar müzakirələr aparıldığını da deyib.

“İndi çox böyük bir böhran ətəyimizdən yapışıb. Bu, separatizm, terrorizm, radikalizmdir. Biz istəyirik ki, bunlar bizim bölgədən kənarda olsun və bizim ölkələrdə sabitliyə, sülhə maneə yaratmasın”.

Azərbaycan uranın sülh məqsədləri üçün zənginləşdirilməsində, nüvə məsələsində İrana dəstək verib.

Ruhani bildirib ki, iki prezidentin təkbətək görüşündə heç bir kənar qüvvələrin əlaqələrə ixtilaf salmasına və heç bir qruplaşmanın, heç bir partiyanın, heç bir ittifaqın əlaqələrin inkişafına xələl gətirməsinə imkan verilməyməcəyi qeyd edilib.

“Azərbaycan uranın sülh məqsədləri üçün zənginləşdirilməsində, nüvə məsələsində İrana dəstək verib. Biz bununla əlaqədar təşəkkürümüzü bildiririk. İnkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrin haqqı çatır ki, bu sülhməramlı proqramdan istifadə etsinlər. Onların yeni texnologiyanın əldə edilməsində, yeni texnologiyaya nail olmaqda haqları var və bundan istifadə etməlidirlər. Biz inanırıq ki, bugünkü paslanmış silahlar, yəni, bu sanksiyalar öz rolunu oynamayacaq, öz təsirini göstərməyəcək. Bu, keçmişdə qalmış formalardır”, o qeyd edib.

XS
SM
MD
LG