Accessibility links

Azərbaycan və İspaniya müdafiə nazirləri görüşüb


Azərbaycan müdafiə naziri Səfər Əbiyev və İspaniyanın müdafiə naziri Pedro Morenes Alvaro de Eulate
Azərbaycan müdafiə naziri Səfər Əbiyev və İspaniyanın müdafiə naziri Pedro Morenes Alvaro de Eulate

Müdafiə nazirləri hərbi əməkdaşlıq barədə sazişin imzalanması zəruriliyi barədə nəticəyə gəlib

İspaniyanın müdafiə naziri Pedro Morenes Alvaro de Eulaten və İspaniya SQ Baş Qərargahının rəisi admiral Fernando Qarsia Sançesin Azərbaycana rəsmi səfəri başlayıb.
İkigünlük səfər zamanı İspaniya müdafiə naziri Azərbaycanın ali rəhbərliyi ilə görüşlər keçirəcək, hərbi sahədə ikitərəfli münasibətlərin inkişafına dair danışıqlar aparacaq.
İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatellə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin görüşündə ikitərəfli münasibətlər, regiondakı durum ətrafında fikir mübadiləsi aparılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin müasir standartlara uyğunlaşdırılması və NATO ilə əlaqələrin genişləndirilməsi istiqamətində əldə edilən müsbət nəticələrdən danışıb.

Nazir İspaniya Krallığının müdafiə nazirliyi ilə əməkdaşlığın üstünlükləri barədə də öz fikrini bildirib.

Regionda hərbi-siyasi vəziyyətdən danışarkən Əbiyev deyib ki, Azərbaycan torpaqları 20 il işğal altında olmasına baxmayaraq təcavüzkar Ermənistan geri çəkilmək istəmir.

“Buna görə də Azərbaycan bu gün bütün vasitələrlə Silahlı Qüvvələrini gücləndirmək məcburiyyətində qalıb. BMT-nin qəbul etdiyi dörd qətnamə indiyəcən icra olunmayıb. Minsk Qrupunun fəaliyyəti də göründüyü kimi nəticəsizdir”.

İspaniya Krallığının müdafiə naziri bildirib ki, əgər BMT işğal faktoru ilə bağlı 4 qətnamə qəbul edibsə və həmin qətnamələr icrasız qalıbsa, bunun gələcəkdə hansı ağır vəziyyətlər yarada biləcəyini düşünmək çətin deyil.

“Mən bu qətnamələrin icrasının tərəfdarıyam. Çünki səbrin tükəndiyi an daha dəhşətli mənzərələr yarana bilər. Mən bunu başa düşürəm. Ona görə də, bir daha təkrar edirəm ki, sülhə yönələn BMT qətnamələri sərt şəkildə yerinə yetirilməlidir”.

Danışıqların yekunu olaraq tərəflər hər iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq barədə sazişin imzalanması zəruriliyi barədə nəticəyə gəlib.
XS
SM
MD
LG