Accessibility links

“Azərbaycan və İsrail arasında tərəfdaşlıq strateji xarakterdən də üst səviyyədədir”, nazir müavinləri görüşüb


Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İsrail Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə direktoru Alon Uşpizlə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, X.Xələfov iki ölkə arasında münasibətlərin, o cümlədən hərbi-texniki əməkdaşlığın inkişafından məmnunluq ifadə edib, bu istiqamətdə qarşılıqlı fəaliyyətlərin davam etdiriləcəyini vurğulayıb.

Nazir müavini həmçinin İsraili təmsil edən şirkətlərin Azərbaycanda iştirakından razıdır. Azərbaycan İsraillə kənd təsərrüfatı, bərpa olunan enerji, turizm sektorları üzrə əməkdaşlığın geniş imkanlar vəd etdiyini qeyd edib. Xüsusilə kənd təsərrüfatı sahəsində həyata keçirilən stimulverici layihələrə yeni texnologiyaların cəlb edilməsinin prioritetlərdən olduğunu bildirən X.Xələfov bu sahədə İsrailin təcrübəsinin öyrənilməsinin faydalı olacağını vurğulayıb.

A.Uşpiz İsrail və Azərbaycan arasında tərəfdaşlığın strateji xarakterdən də üst səviyyədə olduğunu vurğulayıb, bunun xalqlar arasında tarixən formalaşmış dost münasibətlər, təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq, xüsusilə də iki dövlətin siyasi liderləri arasında şəxsi əlaqələrin təzahürü olduğunu əlavə edib.

A.Uşpiz iki ölkə arasında ticarət dövriyyəsinin artan tempinin məmnunluq doğurduğunu bildirərək, ikitərfli Birgə Komissiyanın bu istiqamətdə müzakirə və fikir mübadiləsinin aparılmasında mühüm platforma kimi çıxış edəcəyinə əminliyini ifadə edib. A. Uşpiz İsrailin Azərbaycanla münasibətlərin bütün sahələri üzrə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu deyib.

XS
SM
MD
LG