Accessibility links

Azərbaycan və İsveçrə vizaları sadələşdirir


İsveçrə bayrağı

İsveçrə bayrağı

Oktyabrın 10-da Azərbaycan və İsveçrə XİN başçıları Elmar Məmmədyarov və Didye Burkhalterin görüşündə ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunub.

Nazir Məmmədyarov İsveçrədə rəsmi səfərdədir.

Tərəflər iki ölkə arasında fəal siyasi dialoqun səviyyəsindən məmnun olduqlarını bildiriblər. Həmçinin, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensial olduğu qeyd edilib. Bu xüsusda, İsveçrənin 70-dən artıq şirkətinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə uğurlu fəaliyyəti qeyd olunub. Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti yayıb.

Tərəflər peşə təhsili və təlim sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq və İsveçrənin bu sahədə təkmil sistemə malik olduğunu qeyd edərək, peşə təhsili üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini bildiriblər. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı şəkildə beynəlxalq qurumlara olan namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.

Görüşdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişlər imzalanıb.

Sazişlər ratifikasiya edildikdən sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza rəsmiləşdirilməsi asanlaşacaq.

XS
SM
MD
LG