Accessibility links

Berlindən qayıdan kinematoqrafçıların Tehranda pasportlarını alıblar


Kinematoqrafçılar Kamboziya Pərtov və Məryəm Müqəddəm
Kinematoqrafçılar Kamboziya Pərtov və Məryəm Müqəddəm

Onlar azərbaycanlı kinorejissor Cəfər Pənahinin “Pərdə” adlı filminin qazandığı “Gümüş ayı” mükafatını gətirirmişlər

Berlin film festivalından ölkəyə qayıdan kinematoqrafçılar Kamboziya Pərtovi və Məryəm Müqəddəmin pasportlarını Tehran aeroportunda əllərindən alıblar. Onlar azərbaycanlı kinorejissor Cəfər Pənahinin “Pərdə” adlı filminin qazandığı “Gümüş ayı” mükafatını gətirirmişlər.

Cəfər Pənahi “Pərdə” filmini Kamboziya Pərtovi, Məryəm Müqəddəm və digər iki-üç həmkarı ilə gizli çəkib Berlin festivalına göndərmişdi.

“Media forum” saytının məlumatına görə, festivala qatılan Kamboziya Pərtovi “Gümüş ayı” mükafatını aldıqdan sonra jurnalistlərə açıqlamasında ölkədə kinorejissorların fəaliyyətinə qoyulan qadağadan gileylənib:

“Ölkə rəsmiləri bu günə qədər bu filmin mükafat qazanmasına reaksiya verməyiblər. Bundan sonra isə necə olacağını indidən deyə bilmərəm. Lakin bu hadisə göstərdi ki, incəsənət adamlarının fəaliyyətinə qoyulan qadağalar onların yaradıcılığına mane ola bilməz”.

Cəfər Pənahi İrandakı müxalif “yaşıl hərəkat” və onun liderlərindən olan Mirhüseyn Musəviyə dəstək verməkdə, 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlarla bağlı sənədli film çəkməkdə günahlandırılaraq tutulub, 2010-cu il mayın 25-də 200 min dollarlıq mülk girovu qarşılığında sərbəst buraxılıb.

Tehran məhkəməsi Pənahinin 20 il müddətinə kino fəaliyyətinə, ssenari yazmasına və ölkədən çıxmasına qadağa qoyub.
XS
SM
MD
LG