Accessibility links

Dünyada və Azərbaycanda narkomaniya artıb


Narkotiklərə dair hesabatların təqdimatı

Narkotiklərə dair hesabatların təqdimatı

Dünyada təqribən 250 milyon insan narkotiklərdən əziyyət çəkir. Azərbaycanda isə 26 717 nəfər narkoman var. Onların 60 faizindən çoxu gənclərdir.

Azərbaycanın Narkotiklərə Qarşı Təbliğat İctimai Birliyi BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) eksperti Platon Nozadzenin Azərbaycana səfəri çərçivəsində “Narkotiklərsiz sağlam həyata qlobal yanaşma” mövzusunda konfrans keçirib. P.Nozadze BMT-nin narkotiklərə dair illik hesabatını hazırlayan əsas şəxslərdəndir.
Forumda BMT-nin narkotiklərə dair illik hesabatının və Azərbaycanda narkotiklə bağlı durumu əks etdirən milli hesabatın təqdimatı olub. Narkotiklərə dair informasiya portalı təqdim edilib.


Konfransda 2011-ci ildən başlayaraq dünyada, o cümlədən də Azərbaycanda qanunsuz narkotik istehsalının və narkomanların sayının artdığı qeyd edilib. BMT-nin hesabatlarına görə, hazırda dünyada təqribən 250 milyon insan narkotiklərdən əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin 5 faizi deməkdir.
“Həyəcan doğuran odur ki, bu sahədə görülən böyük işlərə baxmayaraq, Azərbaycanda narkotikdən istifadə meylləri artıb və xüsusən gənclər arasında bu, özünü daha qabarıq göstərir. Rəsmi statistikaya görə, son beş ildə narkotikdən istifadə yaş senzi 30-dan 17-yə düşüb. Regionlarda, xüsusən cənub regionunda hətta 14-15 yaşında yeniyetmələrin də narkotikdən istifadə etmə hallarına rast gəlinir”, - deyə Azərbaycanın Narkotiklərə Qarşı Təbliğat İctimai Birliyinin rəhbəri Məzahir Əfəndiyev qeyd edib.
Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycanda 1999 nəfər yeni narkoman qeydə alınıb. “Beləliklə, 2011-ci ildə ölkədə qeydiyyata alınmış narkomanların ümum sayı 26 717 nəfərə çatıb. Narkomanların 60 faizindən çoxu gənclərdir”.
M.Əfəndiyev bildirib ki, 2011-ci ildə hüquq mühafizə orqanları 2921 fakt üzrə 1 ton 549 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürüb. “2011-ci ildə qeydə alınan cinayətlərin 1762 faktı narkotik vasitələrin qanunsuz saxlanması, 917 faktı qanunsuz satışı, 111 fakt qanunsuz becərməsi, 10 faktı isə digər cinayətkarlıqlara aiddir. Bu faktlar üzrə 5785 nəfər məhkum olunub və onlardan 3289 nəfərinə məcburi müalicə təyin edilib”.
O, eyni zamanda Azərbaycandan keçən narkotik marşrutlarından danışıb. “Ən təhlükə törədən marşrutlardan biri Azərbaycanın işğal olunmuş ərazisindən keçir. Azərbaycan hüquq-mühafizə orqanlarının əməliyyat məlumatlarına görə, Dağlıq Qarabağ və onun ətrafında işğal edilmiş ərazilərdə onlarla narkotik laboratoriyaları fəaliyyət göstərir”, - M.Əfəndiyev bildirib.
Narkomaniya dünyanın bütün regionlarında təhlükə yaratdığı üçün ona qarşı mübarizə də qlobal səviyyədə olmalıdır. “Azərbaycan və Rumıniya narkotiklərə qarşı birgə mübarizə aparır. Azərbaycanın coğrafi durumu Əfqanıstandan narkotiklərin tranzitinə imkan verir. Azərbaycanın silahlı münaqişə şəraitində olan nəzarətsiz əraziləri var. Bu ərazilərdən narkotiklər daha çox Rusiyaya daşınır”, - deyə Rumıniyanın Azərbaycandakı səfiri Kristian Ciobanu qeyd edib.
BMT-nin 2011-ci ildə narkotiklərə dair hesabatını BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə idarəsinin beynəlxalq eksperti Platon Nozadze təqdim edib.
Hazırda dünyada 208 milyondan artıq insan narkotik vasitədən istifadə etməkdədir. Bu isə dünya əhalisinin təxminən 4,8 faizi deməkdir. Son dövrlər heroindən, tiryəkdən istifadə edənlərin sayı daha çox artmaqdadır.
“2000-2009-cu illərlə müqayisədə Əfqanıstanda narkotik istehsalı qat-qat artıb. 2007-ci ildə dünyada narkotik əkilən sahələr 235 min 700 hektar idisə, 2011-ci ildə bu rəqəm 238 hektara çatıb”, - deyə P.Nozadze qeyd edib.
Beynəlxalq ekspert hesab edir ki, Əfqanıstan narkotiki həm də Azərbaycan üzərindən keçərək Rusiya və Avropaya daşınır. “Əfqanıstan narkotikinin 18 faizi Avropaya, 15 faizi isə Rusiyaya daşınır. Əfqanıstan narkotiki İran vasitəsilə, o cümlədən Azərbaycan üzərindən keçməklə daşınır. Azərbaycandan keçən marşrutlar ildən ilə fərqlənir. Bir neçə il əvvəl İran-Azərbaycan, Azərbaycan-Rusiya və ya İran-Azərbaycan, Azərbaycan-Gürcüstan-Avropa marşrutu ilə daha çox daşınırdısa, indi Xəzər dənizi vasitəsi ilə Əfqanıstan-Orta Asiya-Xəzər dənizi-Azərbaycan və sonra quru sərhədləri boyunca gürcüstan-Avropa marşrutları narkotacirlər üçün əsas rol oynayır”, - deyə o bildirib.
P.Nozadze il ərzində Əfqanıstan narkotikindən 2,4 milyard dollar gəlir əldə edildiyini deyib. Ölkədə 500-dək narkotik hazırlayan laboratoriya müəyyən edilib. “Bu narkotiklər İran, Çin və Orta Asiya marşrutları ilə daşınır. Orta Asiyaya ildə orta hesabla 90 ton Əfqanıstan heroini daşınır. Heroinin 85 faizinə qədəri Tacikistan ərazisi vasitəsi ilə daşınır. Ümumilikdə bu regionda narkotiklərin 75 faizə qədəri yük avtomobilləri, 20 faizə qədəri qatarlarla. Qalan hissəsi isə təyyarələr vasitəsilə daşınır”.
Ekspert həmçinin Rusiyada müsadirə olunan narkotiklərin 2 faizinin Azərbaycan sərhədlərinin payına düşdüyünü bildirib. Onun sözlərinə görə, 2010-cu ildən Əfqanıstan narkotiklərinin Azərbaycan-Gürcüstan-Qara dəniz və ya Bolqarıstan vasitəsi ilə Ukraynaya daşınması da qeydə alınmaqdadır.
XS
SM
MD
LG