Accessibility links

Azərbaycan qəzeti: Almaniya bu gün: hegemon, yoxsa vassal?


Azərbaycan qəzeti

Azərbaycan qəzeti

Rəsmi dövlət qəzeti “Azərbaycan” son günlər dərc etdiyi anti-Amerika redaksiya məqalələrindən sonra bu gün Almaniyanı hədəfə alıb.

Rəsmi “Azərbaycan” qəzetinin “Almaniya bu gün: hegemon, yoxsa vassal?” başlıqlı redaksiya məqaləsində Almaniyanın ABŞ-ın təşəbbüsü ilə anti-Azərbaycan siyasəti yürütdüyü, kansler Angele Merkelin diplomatik danışıqlardakı firkirləri ilə real siyasətinin ikili standartlı olması, Alman nəşrlərinin Azərbaycanı insan hüquqlarının pozulması adı altında tənqid etməsi, beynəlxalq qurumlardakı Almaniya fraksiyalarının Azərbaycana qarşı olması yer alıb.

Məqalədə “Der Spiegel” nəşrinə istinadən bildirilir ki,

Almaniyanın ümumavropa hegemonluğu iddiası Avropada sərt müqavimətlə üzləşir.

“Almaniya kansleri Angela Merkel bu ekspanisiyanın müəllifi kimi təqdim olunur. Onun Hitlerin bığları ilə təsvir olunmuş karikaturaları, Avropanın alman tanklarının tapdağı altında təsvir olunduğu rəsmlər Yunanıstan, Bolqarıstan, İspaniya, Böyük Britaniya, Polşa, Portuqaliya və digər ölkələrdə ildırım sürəti ilə yayılır. Nasist simvolikası isə Almaniyanın ayrı-ayrı ölkələrə tətbiq etdiyi sərt qənaət siyasətinin ayrılmaz atributu kimi təqdim edilir. Avropa Almaniyada “Üçüncü Reyxin” xələfi olan “Dördüncü Reyxin” yaranmasından danışır”.

Dövlət qəzeti Azərbaycan-Almaniya əlaqələrinin tarixinə nəzər salır. Belə nəticəyə gəlmək olur ki, iki ölkə arasındakı münasibətlər mərhum prezident Heydər Əliyevin hakimiyyəti dönəmində müsbət tendensiyalı olub.

“Siyasi əlaqələrin möhkəmlənməsi, əlverişli investisiya mühiti alman şirkətlərinin Azərbaycana gəlməsi və uğurlu fəaliyyətinin başlıca səbəbləri kimi xarakterizə oluna bilər. “Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər də daxil olmaqla Almaniyanın 150-yə yaxın biznes subyekti Azərbaycanda aktiv fəaliyyət göstərməyə başlamışlar”, “Azərbaycan” yazır.

Almaniya bütün rəsmi səviyyələrdə

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu fikrin dəyişməz olaraq aldığını dəfələrlə vurğulayıb.

“2004-cü ildə bu ölkənin prezidenti Horst Keller bildirib ki, “Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və onun bu mövqeyi dəyişməz qalır”. Almaniyanın kansleri Gerxard Şreder isə Almaniyanın Azərbaycanın tərəfdaşı olduğunu vurğulamaqla onun “ərazi bütövlüyünü tanıdığını və böyük hörmətlə yanaşdığını” deyib. Almaniya Bundestaqı Federal Şurasının 14 may 2010-cu il tarixli “Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və güclənmə” adlı qətnaməsində isə qeyd edilib ki, “Almaniya beynəlxalq hüququn dövlətlərin razılığı olmadan onların sərhədlərinin dəyişdirilməsinin yolverilməzliyini ehtiva edən əsas prinsiplərini dəstəkləyir”, məqalədə deyilir.

Qəzetin qənaətinə görə,

əlaqələr 2011-ci ildə ABŞ-ın təhriki ilə pozulmağa başlayıb. İki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyi və strateji tərəfdaşlıq meyillərinin gücləndiyi bir ərəfədə - 2011-ci ildə Almaniya QHT-lərinin, mediasının və bir sıra hallarda rəsmi şəxslərinin Azərbaycana qarşı aqressiv davranışı düşündürücü haldır.

“Ekspertlər bunu Azərbaycan qazının Avropa bazarına çıxarılması, həmçinin Almaniyanın hegemonluq iddiası və ABŞ-ın təhriki ilə Cənubi Qafqazın mərkəzi ölkəsi olan Azərbaycanı öz təsiri altına salmaq cəhdləri ilə bağladılar. Söz yox ki, bu bədbin niyyət demokratiya və insan haqları iddiaları ilə pərdələnmişdi”, qəzet bu qənaətdədir.

Məqalədən məlum olur ki,

Azərbaycan Almaniya rəsmiləri ilə hətta yüksək səviyyəli görüşlərini belə tənqidlərin azalması üçün tədbirlərin görülməsi barədə məslələrin müzakirəsinə həsr edib.

“Ancaq az keçmədi ki, Almaniyanın “Spiegel”, ARD kimi aparıcı KİV-ində Azərbaycana qarşı əsassız, qeyri-obyektiv materiallar verilməsi bu ölkənin müəyyən dairələrinin Azərbaycanla bağlı maraqları ilə uzlaşdırıldı və total qarayaxma kampaniyasının tərkib hissəsinə çevrildi. Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondlar Azərbaycanda nəzərəçarpacaq dərəcədə aktivləşdi, Almaniyanın rəsmi şəxslərinin, parlamentarilərinin müxalifət partiyalarının rəhbərləri ilə görüşləri intensiv xarakter aldı. Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarından birinə çevrildi”.

Redaksiya məqaləsində

Almaniyanın xarici işlər naziri Guido Vestervellenin, bu ölkənin Azərbaycandakı səfiri Herbert Kvellenin müxalifət başçıları və fəalları ilə davamlı təmasları xüsusi qeyd edilir.

“Bu görüşlər onu deməyə əsas verirdi ki, Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya həyata keçirməyə başlamışdı. Təsadüfi deyil ki, 2012-ci ildə Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini və Fridrix Nauman Fondunun xəttilə Bakıda keçirilən bütün tədbirlərin aparıcı siması olan Mixael Linkin Almaniya xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunması AXCP-də böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. Əli Kərimli M.Linki “dostumuz” adlandıraraq öz ətrafına bildirmişdi ki, onun bu vəzifəyə təyinatı heç də təsadüfi xarakter daşımır. Ə.Kərimli bu fikirləri işlədərkən yəqin onu nəzərdə tuturdu ki, Fridrix Nauman Fondu Almaniya Azad Demokratlar Partiyası ilə sıx əlaqədədir”, qəzet qeyd edir.

Məqalədə deyilir ki, hətta prezident İlham Əliyev səviyyəsində Almaniya tərəfinə iradlar bildirsə də tənqidlər səngiməyib.

“Almaniya xarici işlər naziri Vestervelle Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla mətbuat konfransında da Almaniya mediasının Azərbaycana qarşı kampaniyası ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, “Almaniyada media azaddır və onun üzərində nəzarət yoxdur. Ancaq Almaniyada Azərbaycan haqqında fikir müxtəlifliyi də var və bəziləri hesab edirlər ki, Azərbaycan inkişaf edən ölkədir”.

Qəzet hesab edir ki,

“Eurovision” dövründə müşahidə olunan proseslərin təhlili göstərdi ki, Almaniyanın Azərbaycanla bağlı ciddi planları mövcuddur.

“Qərb nəyin bahasına olursa olsun Cənubi Qafqazın yeganə müstəqil siyasət yürüdən ölkəsinin müqavimətini qırmağa və onu öz təsir dairəsinə daxil edərək geostrateji əhəmiyyətə malik regionda dominant mövqe əldə etməyə böyük səy göstərir”.

“Almaniyanın xarici siyasəti riyakarlığın bariz nümunəsidir”, qəzet öz təhlilləri nəticəsində belə qənaətə gəlib.

Rəsmi Berlin ABŞ-ın təsirində olduğuna

və hegemonluq iddiasını ram edə bilmədiyinə görə, Azərbaycana qarşı yeni riyakarlıq yolunu tutub. Bu riyakarlığın ilk işartıları prezident İlham Əliyevin 2015-ci ilin yanvarında Almaniyaya işgüzar səfəri zamanı özünü büruzə verib.

Angele Merlkellə danışıqlarda vacib razılıqlar əldə edilsə də, “lakin birgə mətbuat konfransı əvvəlcədən İlham Əliyevə qarşı hazırlanmış təxribatla yadda qaldı. Belə ki, tədbirin keçirildiyi zala daxil olan bir nəfər plakat qaldıraraq Azərbaycana qarşı şüar səsləndirdi. Həmin şəxsin kimliyi bəlli olsa da, onun həmin yerə necə keçməsi məsələsi hələ də müəmmalı qalır”.

Məqalədə sonra deyilir ki,

Angele Merkel Avropa Parlamenti və digər Avropa qurumlarındakı nəzaərtində olan fraksiyalar vasitəsi ilə Azərbaycana qarşı tənqidlərə rəvac verir.

I Avropa Oyunları ərəfəsində - iyunun 11-də yenə də Yaşılların birləşdiyi Avropa Azad Alyansının təşəbbüsü ilə “İdman və insan hüquqları” adlı dinləmələrin təşkil edilməsinin, bundan bir gün əvvəl ABŞ-ın məlum “qvardiyasının” alman “legionu” ilə birləşib etiraz aksiyası, mətbuat konfransı təşkil etməsinin arxasında kimlərin durduğu yaxşı bəllidir. Burada “ABŞ-Almaniya alyansı”nın silueti tam aydın göründü.

“Sual olunur:

nəyə görə Avroparlamentdəki dinləmələr baş tutmadıqdan dərhal sonra - iyunun 12-də analoji dinləmələr Böyük Britaniya parlamenti, Fransa Senatı, Danimarka Folketinqi, İsveç Rikstaqında və ya başqa bir Avropa ölkəsinin qanunvericilik orqanında deyil, məhz Almaniya Bundestaqında keçirildi? Hansı səbəbdən “Azərbaycanda insan hüquqlarına riayət olunmasına dair tələblər” və “Azərbaycanda 2015-ci il Avropa Oyunları zamanı demokratiyaya, hüquqi dövlətə və insan haqlarına riayət olunması” adlı qətnamələrin müzakirəsində 631 deputatdan cəmi 35 nəfər iştirak edib?”

Qəzet Almaniya bundestaqında

Azərbaycanla bağlı qətnamənin qəbulu barədə bunları yazır.

“Görəsən ABŞ-ın Almaniya üzərində hökmü o qədər böyükdür ki, bir gündə həm strateji marağı olan müstəqil bir dövlətlə münasibətlərini korlayır, həm də ölkə parlamenti məzhəkə salonuna çevrilir?! Hər halda bu, Angela Merkel hakimiyyəti üçün əsl rəzalətdir”.

Məqalədə Avropa Oyunları zamanı Azərbaycana qarşı yazılan tənqidlərin arxasında ABŞ-ın, Almaniyanın, Böyük Britaniyanın durduğunu güman edir.

“Antiazərbaycan kampaniyası beynəlxalq QHT-lərin bəyanatları, mediada gedən hədəf yazıları ilə başladı. Bir sıra ölkələri əhatə edən media infrastrukturuna eyni tezislər əsasında materiallar vermək tapşırıldı. Buna görə də Britaniyada BBC, “Reuters”, “The Guardian”, “The İndependent”, “The Telegraph”, Almaniyada “Der Shpiegel”, “Shtern”, “Deutche Welle”, Fransada “Le Monde”, “Frans Press” və digər ölkələrdə aparıcı media qurumları bir birini təkrarlayan materiallar verdilər. Materialların əsas məğzini konkret cinayət əməllərinə görə həbs olunmuş ABŞ-ın Azərbaycandakı “5-ci kolon” üzvlərinin azadlığa buraxılmasına dair çağırış-tələblər təşkil etdi. Bu kampaniya beynəlxalq təşkilatların ABŞ-ın təsiri altında olan məsul işçilərinin Azərbaycana qarşı çıxışları ilə möhkəmləndirildi (Nils Mujnieks, Dünya Miyatoviç, Ulrike Lunaçek, Mişel Forst, Vilfrid Lemke, Elmar Brok, Zeyd Raat əl Hüseyn və s.).

… Çox maraqlıdır ki,

ABŞ-dan idarə olunan bu prosesdə cəmi bir neçə adam iştirak etdi. Ortada yalnız illərlə yaradılmış infrastrukturdan başqa heç nə yox idi: tanınmış beynəlxalq QHT-lər və ayrı-ayrı ölkələrin aparıcı mediası. Sonrakı mərhələdə isə nüfuz agentləri işə salındı: U2, CNN-də Kristin Amanpur, Britaniyadan şou aparıcısı Con Olivyer.

Beləliklə, “beynəlxalq ictimai rəy” kimi təqdim olunan bu məfhum, əslində insan resursunun olmadığı böyük adlar toplusundan başqa bir şey deyil. Bu, adi sabun köpüyüdür ki, Azərbaycan da buna həm layiqli müqavimət göstərdi, həm də onu açıb bütün dünyaya nümayiş etdirməyi bacardı”, qəzet hökumətin qələbəsini qeyd edir.

Sonra qəzet ABŞ-da, Almaniya və Avropanın

digər ölkələrində insan hüquqları ilə bağlı problemlərdən bəhs edən çoxsaylı nümunələrə istinad edir. Bu fonda məqalə müəllifləri anlatmağa çalışır ki, Azərbaycandakı həbslər, QHT-lərlə bağlı insidentlər hüquq pozuntusu təsiri bağışlamamalıdır.

“Avropanın hegemonu, yoxsa Amerikanın vassalı?” yarımbaşığında Almaniyanın Amerikanın təsiri altında olduğu və Avropada hegemonluğa can atdığı qeyd edilir.

“Avropa ekspertləri hesab edirlər ki, Almaniyanın hazırda Avropanın bir sıra ölkələrinə dair irəli sürdüyü tələblər anti-humanist xarakter daşıyır. Angela Merkeli ümumavropa maraqları deyil, Almaniyanın iqtisadi gücünün nəyin bahasına olursa olsun, daha da artması maraqlandırır”.

Qəzet isteza ilə bildirir ki,

nə qədər ekzotik görünsə də, İkinci Dünya müharibəsindən ötən dövr ərzində Almaniya tam suverenliyə qovuşmayıb və faktiki olaraq ABŞ-ın işğalı altındakı ölkə qismində qalır.

“İkinci Dünya müharibəsində faşist Almaniyasının məğlubiyyətə uğradılmasında Azərbaycan neftinin də rolu az olmadı. İndi də neft və qazımız Avropaya ayaq açır. Amma əminliklə demək olar ki, Almaniya Avropada hökmranlığı ələ alacağı təqdirdə avropalılara Azərbaycan nefti də kömək etməyəcək. Azərbaycan da bundan sonrakı dövrdə kiminlə əlaqələri necə qurmağı, kimə inanıb, kimə inanmamağı yaxşı ölçüb-biçəcək. İxtiyarı özündə olmayan hakimiyyətlərlə münasibətlərdə hansı etimaddan və səmimiyyətdən danışmaq olar?!” qəzet qeyd edir.

Öz növbəsində, Almaniyanın Azərbaycandakı səfirliyi rəsmi Azərbaycan qəzetinin redaksiya məqaləsini hələ şərh etməyib.

XS
SM
MD
LG