Accessibility links

Rusiya prezidentinin Azərbaycana səfərinin yekunlarına müxtəlif baxışlar


Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə imzalanma mərasimi

Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə imzalanma mərasimi

Müxalifət və müstəqil ekspertlər səfərin yekunlarına müxtəlif baxış bucağından qiymətləndirir. Müsavat başqanı İsa Qəmbər, YAP sədrinin müavini Əli Əhmədov və politoloq Ərəstun Oruclunun fikirləri

Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycanda səfərdə olub. Səfərin yekunu olaraq iqtisadi, ticarət, humanitar sahədə, fövqəladə hallar zamanı əməkdaşlıq və iki ölkənin sərhədində Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi ilə bağlı 6 sənəd imzalanıb.

Rusiya prezidentinin səfərinin yekunları ölkədə birmənalı müsbət qarşılanmayıb. Müxalifət, iqtidar və müstəqil ekspertlər səfərin yekunlarına müxtəlif baxış bucağından yanaşır.

“Rusiya prezidentinin səfərinə hər iki tərəfin, xüsusi ilə də İlham Əliyevin ehtiyacı var idi. Amma düşünürəm ki, nə İlham Əliyev, nə də Rusiya tərəfi bu səfərdən əldə etmək istədiklərinin əksər hissəsini əldə edə bilmədilər. Təbii ki, biz ancaq səfərin görünən hissəsini qiymətləndirə bilirik”.

Rusiya prezidentinin səfərinə hər iki tərəfin, xüsusi ilə də İlham Əliyevin ehtiyacı var idi.
Bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsinin Rusiya prezidentinin Azərbaycana səfərinin yekunları ilə bağlı sualının cavabında bildirib.

O qapalı danışıqlarda hansı məsələlərin müzakirə edildiyi, hansı razılığa gəlinməsi barədə dəqiq bir söz deyə bilmədiyini deyib.

“Hər halda bu səfər İlham Əliyevin nə dərəcədə xarici təsirdən asılı vəziyyətdə olduğunu çox aydın şəkildə göstərdi. Bu səfər Rusiyanın həm bölgəyə, həm də dünyaya öz iddiaları barədə mesajı kimi də qiymətləndirilə bilər”, o qeyd edib.

Müsavat lideri Rusiya prezidentinin səfərinin gizli məqamları barədə sualın cavabında deyib ki, tərəflərin istədiyi əsas məsələlər var.

“Rusiya tərəfi Azərbaycanın Avrasiya layihələrinə qoşulmasını və yaxud daha sıcax (isti) baxmasını istəyir. İlham Əliyev isə Rusiyadan prezident seçkilərində dəstək istəyir. Yəqin ki, qapalı söhbətlərdə bu mövzular müzakirə olunub”.

İ.Qəmbər “qapalı söhbətlərdə İlham Əliyevin Rusiyanın dəstəyinə nail ola bilib-bilməməsi” barədə suala cavabda bildirib ki, “tam dəstək ala bilməz”.

Hər halda bu səfər İlham Əliyevin nə dərəcədə xarici təsirdən asılı vəziyyətdə olduğunu çox aydın şəkildə göstərdi.
“Çünki İlham Əliyev Rusiyanın da istəklərinə tam cavab verə bilmir. Amma, bu mövzuların müzakirə olunduğuna şübhəm yoxdur”, o qeyd edib.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Rusiya prezidenti Azərbaycana səfəri zamanı istədiyinə nail ola bilməyib.

“Səfərin yekunlarını Azərbaycan üçün pozitiv qiymətləndirirəm. O baxımdan ki, ən azı Azərbaycanın Rusiyanın təsir dairəsinə düşməsi prosesi baş vermədi. Putinin səfərinin əsas məqsədi, obrazlı desək, - topla, tüfənglə gəlişi, yəni müdafiə, fövqəladə hallar naziri, böyük biznes təmsilçiləri, “Rossneft”, “Lukoil” şirkətlərinin prezidentləri, yəni bu formatda səfər göstərirdi ki, Putin bu səfərdən çox böyük dividentlər gözləyir. İddialı bir səfərə hazırlaşmışdı. Ehtimal etmək olar ki, əsas məqsəd də Azərbaycanın “Avrasiya Gömrük İttifaqına” daxil olmasına razılıq almaq idi. Amma bu baş vermədi və ehtimal çox az idi. Ona görə ki, Azərbaycan bu gün 85-87 faiz qeyri MDB məkanı ilə iqtisadi tərəfdaşdır. Rusiya-Azərbaycan ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 7-8 faizini təşkil edir. Belə halda Azərbaycanın bu ittifaqa daxil olması demək olar ki, qeyri-mümkündür”.

Digər tərəfdən, nə qədər ki, İlham Əliyev qərblə Rusiya arasında “oynamağı” bacarır, hər iki tərəflə əməkdaşlı qurur, burada müəyyən balans saxlayır, özünü və hakimiyyətini təhlükəsizləşdirmiş olur
Ekspert hesab edir ki, “Avrasiya Gömrük İttifaqı”na daxil olmaq yalnız iqtisadi kursun müəyyənləşdirilməsi deyil, bu həm də müasir geosiyasi konstruksiyada məhz geosiyasi mövqe müəyyənləşdirməkdir. Mənimcə Azərbaycanın bu ittifaqa qoşulması bu səbəblərdən də mümkün deyil. Digər tərəfdən, nə qədər ki, İlham Əliyev qərblə Rusiya arasında “oynamağı” bacarır, hər iki tərəflə əməkdaşlı qurur, burada müəyyən balans saxlayır, özünü və hakimiyyətini təhlükəsizləşdirmiş olur. Bu baxımdan da İlham Əliyevin Rusiyaya meyllənməsi mümkün deyil və bu da baş verdi. Yəni müəyyən qaz sazişləri, enerji sahəsində əməkdaşlıqla bağlı anlaşmalar, Rusiya şirkətlərinin yataqların işlənməsinə cəlb olunması, ticarətin inkişafı, iqtisadi əlaqələrlə bağlı anlaşma baş verdi . Amma əsas məsələ qaldı”.

Oruclu danışıqların gizli mövzusunun da məhz “Avrasiya Gömrük İttifaqı” ilə bağlı olduğunu güman edir.

“Rusiya hesab edir ki, qərbin və ilk növbədə ABŞ-nin regiona marağı azalıb və regionu təsir dairəsinə salması üçün münbit bir şərait yaranıb. Bütün hesablamalar buna idi. Amma hesab edirəm ki, Rusiyanın hesablamaları düzgün deyil. Nə qədər ki, Avropanın enerji diversifikasiyası siyasəti gündəmdədir, Avropanın Rusiya enerji daşıyıcılarından asılılığını azaltmaq siyasəti mövcuddur təbii ki, regiona maraq artmaqda davam edəcək. Başqa bir səbəb isə Yaxın Şərqdə, İran ətrafında, Suriyada, ümumiyyətlə orta şərq bölgəsindəki müharibələr, qarşıdurmalar Azərbaycanı qərb üçün çox önəmli tərəfdaş edib. Qərbin də Azərbaycanı belə asanlıqla Rusiya güzəştə gedəcəyi mənə inandırıcı görünmür”, o qeyd edib.

Müxalifətdən fərqli olaraq YAP dəstəyi xaricdə deyil, xalqda axtarır.

Öz nöbəsində, iqtidarda olan Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərinin qarşıdakı seçkilərdə İlham Əliyevə dəstəklə bağlı olması barədə bəzi KİV-də yayılan məlumatların həqiqətəuyğun olmadığını deyib.

Onun sözlərinə görə, prezidenti dəstəkləyən yeganə qüvvə Azərbaycan xalqı, seçicilərdi.

"Müşahidə və sorğular göstərir ki, əhalinin mütləq əksəriyyəti İ.Əliyevi dəstəkləyir", o qeyd edib.

Ə.Əhmədovun sözlərinə görə, müxalifətdən fərqli olaraq YAP dəstəyi xaricdə deyil, xalqda axtarır.

XS
SM
MD
LG