Accessibility links

Azərbaycanla Rusiya hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib


Azərbaycan müdafiə naziri Zakir Həsənov və Rusiya müdafiə naziri Sergey Şoyqu

Azərbaycan müdafiə naziri Zakir Həsənov və Rusiya müdafiə naziri Sergey Şoyqu

Rusiya müdafiə naziri Sergey Şoyqu Azərbaycanda səfərdədir. O oktyabrın 13-də prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparıb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə

Prezident Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirib.

Siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Azərbaycan prezidenti hərbi və hərbi-texniki sahədə əməkdaşlığın da ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmini qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev Rusiya müdafiə naziri Sergey Şoyqunu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya müdafiə naziri Sergey Şoyqunu qəbul edib

Dövlətimizin başçısı Rusiya müdafiə naziri Sergey Şoyqunun səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib.

Rusiya müdafiə naziri Sergey Şoyqu Xəzər dənizi hövzəsində hərbi əməkdaşlığın uğurla inkişaf etdirildiyini vurğulayıb və bugünkü görüşün də əlaqələrin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Müdafiə nazirlərinin görüşündən sonra keçirilən brifinqdə

Azərbaycanın müdafiə naziri Zakir Həsənov görüşdə beynəlxalq və regional təhlükəsizlik, habelə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə danışıqlarda Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunulduğunu da vurğulayan nazir deyib ki, Rusiyanın və Azərbaycanın Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub. Xəzərdə birgə komanda-qərargah təlimlərinin və taktiki təlimlərin, hərbi dəniz qüvvələri arasında əməkdaşlıqla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın Müdafiə naziri bildirib ki, danışıqlarda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. Bu istiqamətdə Azərbaycan Silahlı Qüvvələrinin Rusiyada istehsal edilən müasir silahlar və texnika ilə təchiz olunması proqramı, habelə hərbi təhsil məsələləri uğurla həyata keçirilir. Plana uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Rusiya Müdafiə Nazirliyinin müxtəlif təhsil müəssisələrində və tədris mərkəzlərində təlimlər, Rusiyanın nümayəndələri isə Azərbaycanın hərbi profilli tədris müəssisələrində hazırlıq keçəcəklər.

Z.Həsənov bildirib ki, regional təhlükəsizlik məsələlərinə də diqqət yetirilib, hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsi zamanı tərəflərin bütün bu məsələlərə baxışlarının eyni olması təsdiqlənib.

Rusiyanın müdafiə naziri deyib ki, 2013-2016-cı illərdə Rusiya ilə Azərbaycan arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi proqramının həyata keçirilməsi prioritet fəaliyyət istiqaməti sayılır.

"Biz Hərbi Dəniz Qüvvələri xətti ilə Xəzərdə əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Burada biz Həştərxanda keçirilmiş Dördüncü Xəzər Sammitinin yekunlarına əsasən dövlət başçılarının tapşırıqlarına ciddi əməl edir və onları yerinə yetiririk. Bu sahədə görüləsi işlər hələ çoxdur. Biz növbəti addımlar, əməkdaşlığın tənzimlənməsi, Ali Baş komandanlarımızın bizə verdikləri tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün məsələləri müzakirə etdik".

S.Şoyqu daha sonra bildirib ki, həm regionda, həm də başqa ölkələrdə sabitliklə bağlı təhlükəsizlik məsələləri müzakirə edilib. “Bütün bu işlər müxtəlif məsələlər və istiqamətlər üzrə qarşılıqlı fikir mübadiləsi çərçivəsində həyata keçirilir. Lakin başlıca məsələ bu regionda iki ölkənin hərbi-texniki əməkdaşlığı və strateji tərəfdaşlığıdır”.

Onun sözlərinə görə nazirliklər arasında əməkdaşlıq planının layihəsi artıq hazırdır. “Layihəyə əsasən, birgə əməliyyat və döyüş hazırlığı, həmçinin donanmanın iştirakı, hərbi-texniki əməkdaşlıq, hərbi kadrların hazırlanması və onların ixtisasının artırılması nəzərdə tutulur”, nazir qeyd edib.

XS
SM
MD
LG