Accessibility links

Rusiya Azərbaycanı Vahid Gömrük İttifaqına dəvət edir. İki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollara yaxındır.

Bakıda “Rusiya-Azərbaycan dialoqu -2012” üçüncü Rusiya-Azərbaycan regionlararası forumu açılıb. Tədbiri “Avrasiya Araşdırmalar İnstitutu” İnkişaf Fondu, Azərbaycan və Rusiya Prezident administrasiyalarının dəstəyi ilə təşkil edib.
Forum çərçivəsində “Rusiya ilə Azərbaycanın regionlararası əməkdaşlığının müasir vəziyyət və inkişaf perspektivləri”, “Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsini önə çəkən birgə enerji layihələri”, “Bank sahəsi və investisiyalar”, Rusiya ilə Azərbaycan arasında regionlararası əməkdaşlığın inkişafı kontekstində”, “Rusiya-Azərbaycan regionlararası əməkdaşlığında humanitar əlaqələrin potensialı və əhəmiyyəti”, “Rusiya və Azərbaycanın Xəzər regionunda strateji qarşılıqlı fəaliyyəti”, “Rusiya və Azərbaycan gəncləri - əməkdaşlıq üfüqləri” mövzuları müzakirə olunur.
Əsas diqqət Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə yönəlib. Azərbaycanın Rusiyanın regionları ilə ticarət dövriyyəsini artırması notları daha çox səslənib. Azərbaycanın Rusiya iqtisadiyyatında əlaqələrini yalnız bir neçə sahədə yox, bütün istiqamətləri üzrə artırmalı olması tövsiyə edilib.
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya və Azərbaycanın bir-biri ilə əlaqələri gücləndirməkdə maraqlı olduğunu deyib. Forum bu istiqamətdə ölkələrarası əlaqələrin inkişafına yaxşı perspektiv vəd verən tədbir kimi dəyərləndirilib. Cənab Mehdiyevə bildirib, Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir. O, Azərbaycanda rus icmasının yaşadığını xatırladaraq belə faktorların ölkələri bir-birinə yaxınlaşdırdığını vurğulayıb. Rusiyada isə Azərbaycan diasporunun bu ölkənin həyatında fəal rol oynadığı nəzərə çatdırılıb. İki ölkə arasında münasibətlərin yaxşı olmasına sübut kimi Azərbaycanda rus dilində 50-yə yaxın, qəzet və jurnalın çap olunmasını göstərib.
Rusiya Prezidentinin regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəisi Vladimir Çernov Azərbaycan kimi Rusiyanın da iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı odluğunu vurğulayıb. Rusiyanın 7 regionu ilə Azərbaycanın güclü iqtisadi əlaqələrinin olması xatırladılıb. Hazırda Rusiyanın Azərbaycanda 500-ə yaxın şirkəti fəaliyyət göstərir, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard dollara yaxındır.
Azərbaycanın Rusiyanın Şimali Qafqaz, Həştərxan, Krasnodar, Tatarıstan, Kemerovo və digər vilayətlərlə əlaqələrinin inkişafı təqdir edilib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın Rusiya iqtisadiyyatına 570 milyon manat investisiya qoyduğunu qeyd edib.
Natiqlər MDB ölkələri, o cümlədən Azərbaycan-Rusiya arasında ticarəti daha da inkişaf etdirməyə maneə kimi gömrük orqanlarını göstərib. Buna görə, Rusiyanın MDB məkanında Vahid Gömrük İttifaqı yaradılması təklifinin verildiyi xatırladılıb. Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündən sonra iqtisadi əlaqələrin daha da sadələşdiriləcəyi qeyd edilib. Bununla bağlı Azərbaycanın bundan bəhrələnə bilməsi üçün Vahid Gömrük İttifaqına daxil olması təklif edilib.
Müzakirələrdən sonra Forum Yekun bəyanat qəbul edib. Sənəddə iqtisadi əlaqələrin gücləndirilməsinin bütün tezisləri əksini tapıb.
XS
SM
MD
LG