Accessibility links

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub


Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün qəbrini ziyarət edir

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün qəbrini ziyarət edir

Yanvarın 15-də Türkiyədə dövlət səfərində olan prezident İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub.

AzərTAc agentliyinin məlumatına görə görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkənin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olunub. Söhbət zamanı Türkiyənin “Böyük 20-liyin” növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edilib. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib.

Bu gün Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib.

AzərTAc bildirir ki, iclasda Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olundu. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanma mərasimi olub.

APA agentliyinin məlumatına görə, imzalanan sənədlərdən biri çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına qarşı məlumat bölüşdürülməsinin artırılması sahəsində əməkdaşlıq protokoludur.

Türkiyənin Gömrük və Ticarət Nazirliyi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığı gücləndirmək məqsədilə ortaq komitə qurulmasına dair razılaşma protokolu da imzalanıb

Daha sonra Türkiyə ilə Azərbaycan arasında yanvarın 15-də Ankarada keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının nəticələri ilə bağlı birgə bəyanat imzalanıb.

APA agentliyi həmçinin bildirir ki, Azərbaycan və Türkiyə prezidentləri Çanaqqala zəfərinin 100-cü ildönümünü birlikdə qeyd edəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında açıqlayıb.

Tədbirin aprelin 24-də keçiriləcəyini nəzərə çatdıran Azərbaycan dövlət başçısı bu tarixin seçilməsinə görə R. T. Ərdoğana təşəkkür edib: “Bu tarixin seçilməsinə görə sizə çox minnətdaram. Çox müdrik addımdır”.

XS
SM
MD
LG