Accessibility links

İlham Əliyev Türkiyədə rəsmi səfərdədir [Video]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

Martın 15-də Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 6 sənəd imzalanıb.

Öncə iki ölkə prezidenti “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu”nu imzalayıb.

Digər sənədlər hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsini, diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasını, məhkəmə ekspertizası sahəsində əməkdaşlığı, sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsini, texniki əməkdaşlığı nəzərdə tutur.

Prezidentlər birgə mətbuat konfransı keçirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycanlı qardaşlarına təşəkkürünü bildirib.

“Azərbaycan həm də qara günün dostu olduğunu bir daha göstərir. Qardaşım İlham Əliyev "biz gələk, Bakıda deyil, Ankarada görüşək" dedi və gəldi", o qeyd edib.

Prezident Ərdoğan bildirib ki, “Türkiyə işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın yanında olacaq”.

Türkiyə prezidenti Azərbaycanla birgə reallaşdırılan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə işlərin plana uyğun şəkildə sürətlə davam etdirildiyini deyib. .

“TANAP layihəsi planlaşdırılan müddətdən əvvəl tamamlana bilər”.

Onun szölırinə görə, iki ölkə arasında qarşılıqlı investisiyaların həcmi 13 mlrd. dollar təşkil edir.

"Bu rəqəmi artıraraq qarşıdakı beş ildə 20 mlrd. dollara çatdırmağı planlaşdırırıq".

Ərdoğan, həmçinin iclasda Naxçıvanın artan ixracını dəyərləndirmək üçün müştərək çalışmalara qərar verildiyini əlavə edib.

Azərbaycan prezidenti ilk öncə törədilmiş terrorla bağlı türk xalqına başsağlığı verib.

“Türkiyə nə qədər güclü olsa, biz də o qədər güclü olacağıq. Bizim gücümüz birlikdədir. Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir. Türkiyə kimi dövlətin bizə dəstəyi çox önəmlidir. Biz bu birliyi qoruyuruq və qoruyacağıq", o qeyd edib.

Əliyev diqqəti Türkiyədə pənah tapmış yüz minlərlə qaçqınlara cəlb edib.

“Türkiyə təmənnasız olaraq milyonlarla qaçqını öz ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Biz humanitar fəlakətdən əziyyət çəkən ölkə kimi bilirik ki, bu, nə qədər ağır məsələdir. İnsanlar nicat tapmaq, öz canlarını qurtarmaq üçün Avropaya üz tutduqda görün onları nələr gözləyir?! Onların ləyaqəti alçaldılır, qəfəslərə salınır, onlar haqqında olmazın yalanlar yayılır. Bəs haradadır ümumbəşəri dəyərlər, demokratiya, insan haqları, mərhəmət?! Biz bunu görmürük”, o qeyd edib.

Prezident Əliyev bildirib ki, Türkiyə və Azərbaycan hər zaman səsini ucaldır.

“Biz insanların acı taleyinə biganə qala bilmərik. Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, bu ağır yükü öz üzərinə götürüb. Bir daha bütün dünyaya nümayiş etdirir ki, qaçqın böhranından necə şərəflə çıxmaq olur”.

Onun fikrincə, Azərbaycanla Türkiyə arasında əlaqələr bütün sahələri əhatə edir.

“Əminəm ki, Türkiyə və Azərbaycanda da hamı bu fikirlə razı olar ki, bu gün dünya miqyasında bizim ölkələr qədər bir-birinə bağlı olan ölkələr yoxdur. Bu birlik bizim milli sərvətimizdir. Birliyimizi qoruyuruq və qoruyacağıq. Əminəm ki, gələcək illərdə biz bundan da böyük qələbələr əldə edəcəyik”, o qeyd edib.

***

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.

Türkiyə mediasının məlumatına görə, qarşılanma mərasimindən sonra prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.

Təkbətək görüşdə iki ölkə arasındakı əlaqələrin, regional və beynəlxalq məsələlərlə yanaşı, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı son vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan bu il fevralın 17-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Azərbaycana gəlməli idi. Fevralın 17-də Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror aktı ilə əlaqədar səfər təxirə salınıb. Həmin qanlı hadisə nəticəsində 29 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.

Bundan sonra Türkiyə prezidenti martın 15-də Azərbaycana səfər edəcəyini planlaşdırıb. Martın 13-də isə Türkiyə paytaxtı Ankarada yenidən terror aktı törədilib, 37 nəfər həlak olub, 125 nəfər yaralanıb. Beləliklə, prezident Rəcəb Tayyib Ərdoğan səfəri növbəti dəfə təxirə salıb.

Bu dəfə prezident İlham Əliyev həmrəylik nümayiş etdirərək, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Bakıda deyil, Ankarada keçirilməsini təklif edib.

XS
SM
MD
LG