Accessibility links

Notada Uruqvay Nümayəndələr Palatasının sədrinin Azərbaycanın işğal edilmiş ərazisinə səfərinə etiraz bildirilir

Azərbaycanın Argentinada və eyni zamanda Uruqvayda akkreditə olunmuş səfirliyi Uruqvay Nümayəndələr Palatasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə əlaqədar Uruqvay Respublikasının Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Notada uruqvaylı parlamentarilərin bu səfərinin qeyri-qanuni olduğu bildirilib və onların səfər zamanı keçirdikləri görüşlərin, verdikləri açıqlamaların Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik olduğu vurğulanıb. Həmçinin qeyd olunub ki, məsuliyyətsizlik və etinasizlıq nümayiş etdirən bu qanunsuz səfər münaqişənin sülh yolu ilə həlli prosesinə xələl gətirir.

Notada bildirilib ki, səfərdən öncə Azərbaycanın səfiri və Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Orriko arasında keçirilmiş görüşdə Uruqvay Nümayəndələr Palatasının sədri Azərbaycan səfirini əmin edib ki, regiona səfəri zamanı Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməyəcək.

Səfirlik bir daha Uruqvay tərəfinə xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu, onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunub. 1 milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün tarixi və mədəni irs dağıdılıb və məhv edilib. BMT-nin Təhlükəsizlik Şurası 822, 853, 874, 884 saylı, Baş Assambleyası isə 62/243 saylı qətnamələrlə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdalarına qaytarılmasını tələb edib.

Bu mövqe bir sıra beynəlxalq və regional təşkilatların, o cümlədən ATƏT, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Qoşulmama Hərəkatının qəbul etdikləri çoxsaylı qətnamə və sənədlərdə də öz əksini tapıb.

Qeyd olunanları nəzərə alaraq, səfirlik Uruqvay Xarici İşlər Nazirliyindən baş vermiş insidentin araşdırılmasını və məsələyə münasibət bildirilməsini xahiş edib.
XS
SM
MD
LG