Accessibility links

Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslər and içib


Azərbaycan pasportu

Azərbaycan pasportu

Noyabrın 6-da Azərbaycan vətəndaşlığına qəbul edilmiş 267 şəxs və vətəndaşlığı bərpa edilmiş 9 şəxs təntənəli şəraitdə Azərbaycan Respublikasına sadiq olacaqları barədə and içib. Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, Dövlət Miqrasiya Xidmətində Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin təntənəli şəraitdə Dövlət bayrağı önündə Konstitusiyaya əl basmaqla dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə andiçmə mərasimi keçirilib.

Qeyd edək ki, andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a 30 dekabr 2014-cü il tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən ilk dəfə keçirilib. Xatırladaq ki, and içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Dövlət Miqrasiya Xidmətində saxlanılır.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev prezident İlham Əliyevin sərəncamları ilə vətəndaşlığa qəbul və bərpa edilmiş şəxsləri təbrik edib.

F.Nəbiyev xüsusi vurğulayıb ki, qanunvericiliyə əsasən Azərbaycan vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

“Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyinə və ya Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsinin 318-2-ci maddəsilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

Xidmət rəisi bildirib ki, ona görə də hər bir vətəndaş dövlətlə münasibətə məsuliyyətlə yanaşmalıdır.

XS
SM
MD
LG