Accessibility links

Şimali Amerika, Avropa və Türikiyədə yaşayan güneylilər 1945 dekabrın 12-də güneydə Seyyid Cəfər Pişəvərinin öndərliyi ilə qurulmuş Azərbaycan Milli Hökümətinin 70-ci quruluş ildönümü münasibəti ilə tədbirlər təşkil ediblər.

Ankara, Vaşinqton və Vankuver kimi şəhərlərdə keçirilən tədbirlərdə Demokrat Firqəsinn hakimiyyəti dönəmində həyata keçirilmiş layihələr, eləcə də türk dilinin rəsmiləşdirilməsi, qadınların seçmə və seçilmə hüququnun təmin edilməsi və fərdi azadlıqların artırılması kimi reformlar müzakirə edilib.

Toronto və Stokholm şəhərlərində isə Milli Hökümətin 70 illiyi bu gün dekabrın 13-də qeyd ediləcək.

Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu

Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu

İnsan haqları qruplarına istinadən İran İslam Respublikası ölkə daxilində bu növ mərasimlərin keçirilməsinə icazə verməməklə bərabər Milli Hökümətin liderlərinin məzarı başında toplananları da nəzarət altına alır.

2013-cü ilin dekabr ayında İranın təhlükəsizlik qüvvələri Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində Milli Hökümətin qurulmasında iştirak etmiş Xanəli Mütiyinin məzarı yanında toplanan 5 türk fəalı nəzarət altına aldı. Fəalar daha sonra Mahabad İnqilab məhkəməsi tərəfindən 91 gündən 9 aya qədər həbsə məhkum edildilər.

Azərbaycan Milli Höküməti 1946-cı ilin dekabrında İran ordusunun Azərbaycan şəhərlərinə hücumu ilə devrildi.

“İran ordusu bir gurultu ilə Azərbaycana geri döndü. Əsgərlər başıpozuq şəkildə yağma və qarət edərək istədikləri hər şeyi götürürdülər... İran ordusu -- azadlıq ordusu -- [əslində] vəhşi bir işğal ordusuydu. O, xalq üzərində zalım bir iz buraxdı. Kəndlilərin məhsulu yandırıldı, qadınlar və qızlarına təcavüz edildi. Evlər talan edildi, mal-qara oğurlandı. Ordu nəzarətdən çıxmışdı. Onun missiyası azad etmək imiş, ancaq o, qeyri-hərbi insanları ovladı, arxada ölüm və yıxıntı buraxdı,” deyə o illərdə Azərbaycana səfər etmiş ABŞ Ali Məhkəməsinin hakimi William O. Douglas Qəribə torpaqlar və mehriban xalq adlı kitabında İran ordusunun Azərbaycan şəhərlərinə hücumunu təsvir edib.

XS
SM
MD
LG