Accessibility links

Azərbaycandan övladlığa uşaq götürmüş Amerika ailələrinin illik toplantısı keçirilib


Tədbir Amerika-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil edilib

Iyulun ilk həftəsi Florida ştatının Orlando şəhərində Azərbaycandan övladlığa uşaq götürmüş Amerika ailələrinin illik toplantısı keçirilib. Bu haqda məlumatı Amerika-Azərbaycan Cəmiyyəti açıqlayıb.

Amerika ailələrinin 11-ci belə toplantısı Amerika-Azərbaycan Cəmiyyətinin dəstəyi və sponsoruğu ilə təşkil edilmişdir. Tədbirin Orlandoda keçirilməsinə 2003-cü ildə Azərbaycan övladlığa götürülən 10 yaşlı Aleksandranın valideynləri yardım göstərmişlər.

Amerika-Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri bildirib ki, builki toplantıya ABŞ-ın müxtəlif ştatları, o cümlədən, Nyu-Cersi, Nyu-York, Florida, Missuri, Corciya, İllinoys, İndiana ştatlarında yaşayan ailələr qatlımışdır. Tomris Azəri sədrlik etdiyi Amerika-Azərbaycan Cəmiyyətinin missiyalarından birinin Azərbaycandan övladlığa götürülmüş uşaqların Azərbaycan haqda məlumatlandırılmasından ibarət olduğunu deyib.

Amerika-Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri deyib ki, Azərbaycandan övladlığa götürülmüş bu uşaqlar Amerika ailələrində onların əziz övladları kimi böyüyür. Lakin amerikalı valideynlər bu uşaqların Azərbaycanı tanıması üçün səy göstərir.

Azərbaycanlı övladları olan Amerika ailələrinin toplantısında həm valideynlər, həm də uşaqlar üçün müxtəlif proqramlar hazırlanıb. Bu toplantılarda amerikalı ailələr öz təcrübələri ilə bölüşür, digər tərəfdən, uşaqların vətəni olan Azərbaycanı təqdir edir. Tədbirdə adətən, Azərbaycan musiqisi səslənir, rəqslər ifa edilir.

Bu il Amerika-Azərbaycan Cəmiyyəti valiydenlərə və uşaqlara Azərbaycanın mədəniyyəti və ABŞ-da Azərbaycan icması haqda prezentasiya təqdim etmişdir. Tədbirdə Azərbaycan haqda video film nümayiş etdirilib. Uşaqların əksəriyyəti yaxın gələcəkdə Azərbaycana səfər etmək istədiyini bildirib.

Toplantı iştirakçıları üçün hazırlanmış xüsusi naharda Azərbaycanın ənənəvi yeməkləri təqdim edilib, uşaqlara xüsusi hədiyyələr verilib. Hədiyyələr Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova, “Azerbaijan İnternational” jurnalının redaktoru Betti Bleyer və Aksu şirkəti tərəfindən hazırlanmışdır.

Amerika ailələrinin toplantısında Azərbaycanda uşaq evlərinə yardım göstərən “United Aid for Azerbaijan” təşkilatı üçün maliyyə yardımı toplanmışdır.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG