Accessibility links

Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfovla Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü Departamentinin direktoru Aleksey Pavlovski arasında görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Xələfov Azərbaycan və Rusiya arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, iqtisadi, ticarət, sosial və humanitar sahələrdə də iki ölkə arasında əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini nəzərə çatdırıb.

İkitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Xələf Xələfov Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni mərhələyə çatdırılması üçün əlverişli zəminin olduğunu söyləyib.

Tərəflər münasibətlərin müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və inkişafı ilə bağlı fikir mübadiləsi aparıb və qarşılıqlı təklifləri müzakirə edib.

Aleksey Pavlovski iki ölkə arasında münasibətlərin mövcud yüksək inkişafında Azərbaycan və Rusiya rəhbərlərinin mühüm rol oynadıqlarını deyib. Azərbaycan prezidenti İlham Əliyevin faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Rusiyaya səfərinin və bu əsnada Rusiya prezidenti Vladimir Putin ilə görüşünün ölkələr arasındakı dostluğun bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycanın Cənubi Qafqaz regionunda Rusiyanın önəmli tərəfdaşı olduğunu qeyd edən Xələf Xələfov, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasının və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid doğurduğunu bildirib. O, münaqişənin həllinin yalnız işğal olunmuş ərazilərin azad olunması ilə mümkün olduğunu vurğulayaraq, münaqişənin həlli prosesində Rusiyanın vacib rola malik olduğunu, Rusiya tərəfindən ikitərəfli əsasda və ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistanın danışıqlarda konstruktiv mövqe tutmasına yönəlmiş təsirli addımların atılmasının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG