Accessibility links

“Diffamasiya haqqında” qanunun olmaması Azərbaycan mətbuatının əsas problemlərindən biridir, bu, jurnalistləri cinayət təqibinə məruz qoymağa imkan verir. Bu qanunun zəruriliyi haqqında müzakirələr 15 ildir davam edir və mövzuya maraq artıq sönməyə başlayıb.

”Diffamasiya haqqında” qanun layihəsi Media Hüququ İnstitutu (MHİ), ABA CELLİ (Amerika Hüquqşünaslar Assosiasiyası) tərəfindən təşkil edilmiş müsabiqənin mövzusu olub.

MHİ-nin proqram meneceri Xalid Ağalıyev nəhayət “Diffamasiya haqqında” qanunun qəbuluna nail olmaq üçün səyləri birləşdirməyə çağırıb. Bu məsələ prezidentin təsdiq etdiyi İnsan Hüquqları üzrə Milli Fəaliyyət Proqramına daxil edilsə də, hökumət dairələrində indiyədək sənədə ehtiyac olmadığını deyirlər.

ABA CELLİ direktoru Robert Stir (Robert Steere) gənc jurnalistlərin müsabiqəyə böyük maraq göstərməsini sevindirici hal adlandırıb. Lakin münsiflər heyəti üzvlərinin jurnalist işləri ilə bağlı fikirləri fərqli olub.

Ekspert Zeynal Məmmədli müsabiqə işlərində “Diffamasiya haqqında” qanunun qəbul edilməsi zərurətinin insan hüquqlarının müdafiəsi nöqteyi-nəzərdən əsaslandırılmamasından təəssüfünü bildirib.

Hüquqşünas Ənnağı Hacıbəyli gənc jurnalistlərin ekspert rəylərindən istifadə etdiklərini, müəllif rəylərinə yer vermədiyini qeyd edib. Bu zaman jurnalist-publisist sözündən daha çox quru hüquq dilinə üstünlük verilib.

Jurnalist Çingiz Sultansoy əksinə, gənc həmkarlarının yaradıcı axtarışlarını müsbət qiymətləndirərək, onlara beynəlxalq mətbuat standartlarını daha çox rəhbər tutmağı tövsiyə edib.

Publisist Şahvələd Çobanoğlu müəlliflərin hüquq məsələlərinə marağını qanunauyğun sayır, belə ki, Azərbaycan jurnalistikası daim öz hüquqlarını müdafiə etmək məcburiyyətində qalır. “Qanunvericilikdə hakim ailənin biznesinin məxfi saxlanmasına yönələn son dəyişikliklərdən sonra isə təkcə jurnalistlərin hüquqları deyil, cəmiyyətin həqiqəti öyrənmə hüququ da tapdanıb”, deyə Çobanoğlu bildirib.

Müzakirələrə yekun vuran media hüququ sahəsində ekspert Ələsgər Məmmədli qeyd edib ki, diffamasiya problemləri cinayət cəzasını ləğv edən qanunun qəbulundan daha genişdir.

Vətəndaş məsuliyyəti çərçivələri də müəyyən olunmalıdır. Belə ki, media üçün böyük məbləğdə məhkəmə cəzaları da jurnalistlərin həbsi qədər təhlükəlidir.
O, dediklərinin isbatı üçün məhkəmə iddiaları əsasında əmlakı müsadirə olunan “Xural” qəzetinin taleyini misal çəkib.

Avropa İnsan Hüquqları Məhkəməsinin qəzetlərə qarşı cərimələrin maksimum hüdudlarını müəyyən edən presedentləri var. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Bolqarıstan üzrə qərarında qəzetlərdən birindən minimal əmək haqqının 50 mislinə bərabər cərimə alınmasının qanunsuz hesab edib. Azərbaycanda isə təkcə bu il məhkəmələr “Xural” və “Azadlıq” qəzetlərinə müvafiq olaraq 50 min manat və 30 min manat cərimə kəsib ki, bu da minimal əmək haqqından 370 və 250 dəfə çoxdur.

XS
SM
MD
LG