Accessibility links

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti London olimpiadasından uzaqlaşdırılıb

London olimpiadasında azərbaycanlı idmançıların ətrafında yaranan qalmaqal səngimir. Avqustun 2-də axşam Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevin olimpiadadan kənarlaşdırıldığı məlum olub. Qərar Beynəlxalq Boks Federasiyası qəbul edilib. Federasiya öz qərarını onunla əsaslandırıb ki, cənab Əbiyev qurumun davranış kodeksini bir neçə dəfə pozub.

Əbiyevin olimpiadadan uzaqlaşdırılması cümə axşamı Yaponiyadan olan boksçu Satoşi Şimizu ilə azərbaycanlı Maqomet Əbdülhəmidov arasındakı matçdan sonra beynəlxalq mətbuatda yer alan hiddətli reportajların ardınca baş verib. Aldığı zərbə nəticəsində 6 dəfə yerə yıxılmasına baxmayaraq türkmən hakimin qələbəni Əbdülhəmidova verməsi müşahidəçiləri heyrətləndirib və beynəlxalq boksda korrupsiyanın ayaq açmasına dair iddialara yol açıb.

İlkin iki raundda rəqibini üstələyən Əbdülhəmidov üçüncü raundda başından güclü zərbələr aldıqdan sonra səndirləməyə və yıxılmağa başladı. Türkmənistanlı hakim İşanquli Meretnyazov göz-görəti döyüşü davam etdirə bilməyən azərbaycanlı boksçuya oyunun qaydalarına uyğun 8 saniyəlik qoruyucu hesablama verməli idi. Belə ki, raund ərzində yerə yıxılan boksçuya ayağa durmaq üçün 8 saniyə vaxt verilir. Üç dəfə bu hal baş verdikdən sonra həmin boksçu avtomatik məğlub hesab olunur.

Meretnyazov yerə yıxılmış Əbdülhəmidova nəinki hesablama vermədi, əksinə onu sanki döyüşü davam etdirməyə məcbur edirdi. NBC telekanalının adətən təmkinini itirməyən şərhçisi Bob Papa hiddətini gizlədə bilməyərək hakimin dərhal Olimpiadadan çıxarılmasına çağırdı.

Ən təəccüblüsü isə matçın sonunda Əbdülhəmidovun 22-17 hesabı ilə qalib gəldiyinin elan edilməsi oldu. Belə məlum oldu ki, üçüncü raundda dəfələrlə yıxılmasına baxmayaraq hakimlər azərbaycanlı boksçuya əlavə 10 xal vermişdilər.

"Mən nəticələrdən şok oldum. O, o qədər yerə yıxıldı ki. Niyə mən udmadım? Başa düşmürəm," deyə yaponiyalı Şimizu heyrətini gizlətmədi.



Son skandalı şərh edən Nyu Yorker dərgisi Beynəlxalq Boks Federasiyasının Azərbaycandan rüşvət almasına dair dolaşan ittihamlara yer ayırıb. 2011-ci ilin sentyabr ayında BBC telekanlının apardığı araşdırma müəyyən etmişdi ki, Dünya Boks Federasiyasına mənşəyi Azərbaycandan olduğu üzə çıxan isveçrəli şirkət 9 milyon dollar pul verib. Federasiyanın rəhbəri İvan Xodabəxş həmin vaxt pulun alındığını inkar etməsə də, rüşvət ittihamlarını qətiyyətlə rədd etmişdi.

Bundan əvvəl Xodabəxşin həmkarları onun tez-tez Azərbaycanın "səxavətinə" şükran olması haqda eşitdiklərini deyirdilər. "Nə qədər ki, azərilər medal alır, bizim pul problemimiz olmayacaq," deyə o, dəfələrlə yaxın ətrafına bildirmişdi.

"Pulun Azərbaycana 2012-ci il Olimpiya Oyunları zamanı qızıl medal qazandırmaq üçün verilməsi haqda deyilənlər həqiqətə uyğun deyil," deyə Beynəlxalq Boks Assosiasiyası yaydığı bəyanatda bildirmişdi. Sonradan assosiyasyanın özünün apardığı tədqiqat assosiasiyanı təmizə çıxarmışdı.

Show comments

XS
SM
MD
LG