Accessibility links

"Azərenerji"nin maliyyə sənədləri hakerlərin əlindədir


Azərbaycanın rəsmi saytlarına haker hücumları olub (münasibətlər)
Azərbaycanın rəsmi saytlarına haker hücumları olub (münasibətlər)

Haker qrupu 80 sənəd yayıb

Dünən dövlət enerji istehsalı, nəqli və paylanması şirkəti "Azərenerji"nin maliyyə sənədləri İnternetə qoyulub.

Sənədləri beynəlxalq haker qrupu Anonymous yayıb. Cəmi 80 sənəd dərc edilib.
Texniki təhlükəsizlik sahəsində ixtisaslaşan SC Magazine jurnalı da “Azərenerji” Dövlət Energetika Şirkətinin saytının sındırıldığını təsdiqləyib.

SC Magazine bildirir ki, oğurlanmış informasiya 7hb təşkil edib. Bura maliyyə təfərrüatları, dəniz kommunikasiyaları, müqavilələr, elmi-araşdırma sənədləri, fotolar, elanlar və qanunsuz fəaliyyət sxemləri daxil olub. Bütün bunlar sentyabrın 3-də cyberguerilla.org anonim forumunda yerləşdirilib. Paket 13 hissəyə bölünərək AnonFiles.com veb-saytının anonim fayl-hostinqində yerləşdirilib. Lakin cümə axşamı sözügedən resurslara daxil olmaq mümkün olmayıb.

“Biz Əliyevin siyasətindən razı deyilik. Odur ki, bu reliz Azərbaycanın mafioz klanı ilə mübarizə üçün növbəti addımdır”, - qrup öz məlumatında yazıb.

Bu, “Anonimus”un Azərbaycanın dövlət saytlarına üçüncü hücumudur. Yanvarda qrup Xüsusi Dövlət Mühafizə Xidmətinin dmx.gov.az saytını sındırıb, halbuki, sonuncu bunu təkzib edib.

Apreldə “Anonimus” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatlarını sızdırıb. Hakerlər qrupu bildirib ki, terrorçu qruplaşmaların maliyyələşdirilməsi ilə bağlı müxtəlif korporasiyalar və dövlət orqanları arasında əlaqə var.

“Anonimus” 2003-cü ildə bir qrup haker tərəfindən yaradılıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsinə bundan öncə də Azərbaycan dövlət saytlarına haker hucumlarını xatırladıb.
Onun sözlərinə görə, hücumlardan sonra prezident İlham Əliyevin fərmanı ilə 2012-ci il sentyabrın 26-da Xüsusi Dövlət Muhafizə Xidmətinin yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb.

“Hazırda bu cür faktlar təkrarlanırsa, deməli, dövlət qurumlarının informasiya təhlükəsizliyi yenə də yetərincə qorunmur”, - O.Gündüz bildirib.

Ekspert qeyd edib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanlarının İnternet saytlarının standartlarını müəyyən edib.

“Əgər “Azərenerji” ASC bu standartları yerinə yetirməyibsə günah onun özündədir. Yox, əgər bu standarları “Azərenerji” ASC yerinə yetiribsə, deməli, bu agentlik yetərincə təhlükəsizlik tədbirirləri görülməyib”, - bildirib.

Öz növbəsində Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi dövlət Agentliyi yayılmış məlumatla bağlı bilgisiz olduğunu və suala bir neçə saat ərzində cavab veriləcəyini deyib.

“Azərenerji" ASC-nin məlumatına görə, hazırda qurumun saytının fəaliyyətində heç bir problem yoxdur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidməti də onlara bu hücumla bağlı məlumat daxil olmadığını bildirərək, hər bir İnternet saytını yaradan şirkətin onun təhlükəsizliyini də təmin etməli olduğunu önə çəkib.
XS
SM
MD
LG