Accessibility links

Azərbaycan - NATO məsləhətləşmələri olub


Azərbaycan - NATO məsləhətləşmələri olub

Azərbaycan - NATO məsləhətləşmələri olub

İPAP-ın növbəti iki illik mərhələsi, Azərbaycanın təhlükəsizlik sektorunda islahatlar, Azərbaycan və NATO güclərinin operativ uyğunlaşdırılması, regionda təhlükəsizlik məsələləri, Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakı müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 1-də Şimali Atlantika Şurası ilə “28+1” formatında görüşdə iştirak edib. Azərbaycan nümayəndə heyətinə milli təhlükəsizlik və fövqəladə hallar nazirlərinin müavinləri, daxili işlər və müdafiə nazirliklərinin idarə rəisləri daxil olub.

Nazir Məmmədyarov çıxışında NATO-nun yeni strateji konsepsiyası, Azərbaycanın NATO ilə tərəfdaşlığı, İPAP-ın (fərdi tərəfdaşlıq üzrə operativ plan) yerinə yetirilməsi və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələlərinə toxunub.
Danışıqlarda İPAP-ın növbəti iki illik mərhələsi, Azərbaycanın təhlükəsizlik sektorunda islahatlar, Azərbaycan və NATO güclərinin operativ uyğunlaşması, regionda təhlükəsizlik məsələləri, Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakı müzakirə edilib.

Xatırladaq ki, NATO ilə Azərbaycan arasında hər il bu spektirli məsləhətləşmə keçirilir. Hazırda İPAP-ın 2008-2010-ci illəri əhatə edən ikinci mərhələsi icra edilir. Növbəti mərhələ ilə bağlı isə razılaşma yaxın zamanda əldə ediləcəyi güman edilir. Ekspertlər hesab edir ki, Gürcüstanın NATO-ya qəbulla bağlı müraciətindən sonra Rusiyanın bu ölkəyə hücumu NATO strategiyasında dəyişikliklərə səbəb olub. “Gürcüstan müharibəsindən sonra ölkələr NATO-ya üzvlüyə müraciət məsələsində daha ehtiyatlı davranır”, - deyə “Doktirina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

Onun fikrincə, NATO-ya inteqrasiya prosesi ölkədə ləng aparılır. “Qanuvericilik bazasının inteqrasiya prosesi və güc strukturlarının NATO standartlarına uyğunlaşdırılması və hərbçilərin sosial vəziyyəti baxımından islahatlar ləng aparılır. Azərbaycan zabiti NATO zabitindən dəfələrlə az əmək haqqı alır. Müdafiə nazirliyində uyğunlaşdırma sonadək başa çatdırılmayıb”.

Ekspert Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətdə aparılan işləri müsbət qarşılayır. “Azərbaycan sülhməramlı qüvvələri NATO-nun beynəlxalq sülhyaratma əməliyyatlarına iştirak edir. Hesab edirəm ki, Azərbaycan Əfqanıstanda hərbçilərinin sayını yenə artıracaq. Azərbaycan həmçinin Əfqanıstanda hüquq mühafizə orqanlarının quruculuğunda və mülki işlərdə yaxından iştirak edir” - deyə o qeyd edib.

XS
SM
MD
LG