Accessibility links

İki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması üçün texniki yardımın göstərilməsini nəzərdə tutan qrant sazişi imzalanıb.

Aprelin 18-də Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyası işini başa çatdırıb. Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifovun, ABŞ tərəfindən dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormatsın həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.
Amerikalı həmsədr Robert Hormats ölkəsinin Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduğunu, əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd edib.
”ABŞ Azərbaycanda ölkə vətəndaşlarının maraqlarına xidmət edən modern iqtisadiyyatın inkişaf etdirilməsini alqışlayır. İki ölkə təkcə enerji sahəsində deyil, qeyri neft sektorunun ortaq maraqlara cavab verən istiqamətləri üzrə də əməkdaşlığı genişləndirməlidir. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini daha da artırır”, - deyə o qeyd edib.
Robert Hormats Birləşmiş Ştatlardan olan iş adamlarının Azərbaycanda bir çox sahələr üzrə investisiya qoymaqda maraqlı olduğunu bildirib. “Bunun üçün ilk növbədə milli strategiyanın yaradılmasının vacibdir”.

Azərbaycan tərəfindən həmsədr Samir Şərifov bildirib ki, birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənib və dərinləşib. “Azərbaycanla Birləşmiş Ştatların münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O deyib ki, prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın üzvlərinə ABŞ və Azərbaycan arasındakı hazırki əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmağı tapşırıb.
Cənab Şərifov Azərbaycanla ABŞ müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlərin imzalandığını, çoxşaxəli əməkdaşlıq üçün müvafiq normativ hüquqi bazanın yaradıldığını və bu əməkdaşlıqda konkret nəticələrə nail olunduğunu vurğulayıb. “Bu gün Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ticarət üzrə ən mühüm tərəfdaşlarından biridir. 2011-ci ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 2,4 milyard ABŞ dollarına bərabər olub”.
O Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, transmilli layihələrin həyata keçirilməsində Birləşmiş Ştatlarının hərtərəfli dəstəyinin Azərbaycan üçün çox qiymətli olduğunu bildirib “Azərbaycan ABŞ-la münasibətləri həmişə diqqətdə saxlayır və onun strateji dostluq, tərəfdaşlıq, birgə fəaliyyət münasibətləri olmasına daim öz töhfəsini verir. Əminik ki, regional enerji təhlükəsizliyinin gücləndirilməsi, demokratik, hüquqi dövlət quruculuğu xəttinin davam etdirilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.
Cənab Şərifov 1992-ci ilin oktyabrında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa “907-ci düzəliş”in ləğvinin vaxtının çatdığını deyib. “Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və “907-ci düzəliş”in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil. Bu maddənin ləğvi ölkələr arasında münasibətlərinin möhkəmlənməsinə əngəl olan əsas maneələri aradan qaldıracaq".
O həmçinin qeyd edib ki, ABŞ strateji təhlükəsizlik və enerji tərəfdaşı olan Azərbaycana qarşı diskriminasiya xarakterli və köhnəlmiş Cekson-Venik tələbləri də aradan qaldırmalıdır. “1974-cü ildə qəbul olunan bu düzəliş yəhudilərə mühacirət etməyə imkan verməyən SSRİ ilə ticarət əlaqələri yaratmağı qadağan edirdi. SSRİ dağılsa da, yəhudilərin mühacirətinə qoyulan qadağalar qüvvədən düşsə də, Cekson-Venik düzəlişi sonradan bəzi respublikalara tətbiq olundu. Dövlət Departamenti tərəfindən Konqres qarşısında məsələ qaldırılmalı və nəhayət bu düzəlişinin ləğv edilməsinə nail olunmalıdır”.
Komissiya üzvləri gələcək əməkdaşlıq sahələrini daha da genişləndirmək məqsədilə nəqliyyat, aviasiya, infrastruktur sahələrinin inkişafı, informasiya və kommunikasiya texnologiyaları, enerji tədqiqatları, istehsalı və nəqli imkanları, bərpa olunan enerji təşəbbüsləri, ticarət və investisiya, maliyyə sektoru, o cümlədən dövlət investisiya strategiyası, nağd ödənişlər, qiymətli kağızlar bazarının modernləşdirilməsi, pensiya islahatları və maliyyənin idarə edilməsi, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın daha da sürətləndirilməsi, müvafiq sənədlərin layihələrinin baxılması prosesinin sürətləndirilməsi barədə razılığa gəlib.
İclasda hər iki tərəfin müvafiq strukturlarını təmsil edən nümayəndələr yeni İpək Yolu konsepsiyası, 2020-ci ilə strateji baxış, əməkdaşlığın inkişafı imkanlarının və CAREC-in iş planı, ticarət və investisiya mühiti, turizm, informasiya texnologiyaları, nəqliyyat, aviasiya, infrastruktur layihələrin inkişafı, gələcək yardım proqramları, birgə maliyyələşdirmə və digər sahələrdə aparılan islahatlarla bağlı təqdimatlarla da çıxış edib. ABŞ tərəfi Yeni İpək Yolu təşəbbüsü kontekstində Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrin regional nəqliyyat şəbəkələrinin inkişafına töhfə verəcəyini qeyd edib.
Cənubi və Mərkəzi Asiya regionları üzrə Dövlət katibinin müavini Robert Bleq qeyd edib ki, Amerika hökuməti Azərbaycan rəhbərliyi tərəfindən möhtəşəm infrastruktur layihələrin həyata kecirilməsini, ilk növbədə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsini yüksək qiymətləndirir və hesab edir ki, Yeni İpək yolu konsepsiyasının uğurlu həyata kecirilməsində bu layihə müstəsna əhəmiyyət daşıyır.
Günün ikinci yarısında energetika sektoru üzrə əməkdaşlıqla bağlı aparılan müzakirələr zamanı çıxış edən ABŞ-ın energetika nazirinin müavini Patrikia Hoffman bildirib ki, Azərbaycan regionda əsas enerji ixracatçısı kimi ABŞ-la müştərək məqsədlər güdür və bu məsələ ölkəsi üçün böyük əhəmiyyət daşıyır. “Hazırda Azərbaycanda olan qlobal enerji infrastrukturlarının zəlzələdən, mümkün terrorçuluq fəaliyyətlərindən və digər bu kimi hallardan daha peşəkar səviyyədə qorunmasına ehtiyac var. ABŞ bu sahədə öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Çünki Azərbaycanın təhlükəsiz bir şəkildə Avropaya neft və qaz nəql etməsi hər iki ölkənin ortaq məqsədidir”.
Dövlət katibi müavininin köməkçisi Xose Fernandes Azərbaycanın son illərdə qazandığı böyük iqtisadi uğurlardan bəhs edib, xüsusi ilə ölkədə yoxsulluğun azaldılması istiqamətində mühüm nailiyyətlər qazanıldığını bildirib. “ABŞ regionda iqtisadi baxımdan qüdrətli və firavan Azərbaycan görməkdən məmnundur”.
Dövlət katibi müavininin köməkçisi Villiam Kraft Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün ABŞ tərəfindən dəstəklədiyini bəyan edərək ölkəsinin Azərbaycana həm texniki, həm də digər məsələlərdə köməklik göstərəcəyini vurğulayıb.
Tərəflər həmçinin müəllif hüquqlarının qorunması, rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlarını ifadə edib, bu sahədə təcrübə mübadiləsinin aparılması üzrə razılıq əldə edib.
Komissiyanın iclası çərçivəsində Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması üçün texniki yardımın göstərilməsini nəzərdə tutan qrant sazişi imzalanıb.
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ hökumətlərarası Komissiyası “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti Arasında İqtisadi Əməkdaşlıq Komissiyasının Yaradılması Haqqında Əməkdaşlıq Memorandumu” əsasında yaradılıb və komissiyanın birinci iclası 2007-ci il fevralın 7-də Bakıda keçirilib.

XS
SM
MD
LG