Accessibility links

Azərbaycan ATƏT-in Sahə Qiymətləndirmə hesabatına münasibət bildirib


Azərbaycan ATƏT-in Sahə Qiymətləndirmə hesabatına münasibət bildirib
Azərbaycan ATƏT-in Sahə Qiymətləndirmə hesabatına münasibət bildirib

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədi ilə 7-12 oktyabr 2010-cu il tarixlərində Sahə Qiymətləndirmə Missiyasını həyata keçirib. Missiya Azərbaycanın işğal olunmuş yeddi rayonunda qeyri-qanuni şəkildə məskunlaşmış ermənilərin sayının təqribən 14000 şəxs təşkil etdiyini bildirir.

Azərbaycan həmsədrlərin işğal olunmuş ərazilərdə münaqişənin təsir etdiyi sahələrdə demoqrafik, sosial və yaxud mədəni xüsusiyyətləri dəyişə biləcək (davam edən qeyri-qanunu məskunlaşma, infrastrukturun inkişafı, iqtisadi istismar və mədəni dəyişikliklər) hər bir fəaliyyətdən və yaxud status-kvonu dəyişməyə və münaqişənin sülh yolu ilə həllinə imkan verməyən addımlardan çəkinməyə dair müraciətini dəstəkləyir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Xarici İşlər nazirliyi bildirir ki, ATƏT həmsədrlərinin Sahə Qiymətləndirmə Missiyası və həmsədrlərin tövsiyələri bu problemin gələcəkdə baxılması və tənzimlənməsi üçün əsas yaradır: “Azərbaycan bu ərazilərin işğalına son qoymaqda beynəlxalq aləmin güclü dəstəyinə inanır. Azərbaycan, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının və Azərbaycanın ərazi bütövlüyünün bərpasının regionda mövcud ciddi təhdid və riskləri azaldacağına və nəinki sülh şəraitində birgə yaşamağa, həmçinin hər bir insanın inkişaf və tərəqqisinə yol açacağına dair dünya miqyasında mövcud anlayışla qəbul edilməsi ilə razılaşır”.
Məlumatda qeyd olunur ki, Sahə Qiymətləndirmə Missiyası bir daha Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlayıb ki, bu da Ermənistanın 1993 ildə birləşdiyi 12 avqust 1949 tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara ziddir.
Əyani qiymətləndirmə və yerli əhali tərəfindən verilmiş məlumatlara əsasən Azərbaycanın işğal olunmuş yeddi rayonunda qeyri-qanuni şəkildə məskunlaşmış ermənilərin sayı missiya tərəfindən təqribən 14000 şəxs təşkil edir. Bu köçkünlərin bir hissəsi bərpa edilmiş və ya yenidən inşa edilmiş evlərdə yaşayır. Sahə Qiymətləndirmə Missiyasının müşahidələrinə əsasən missiyanın baş çəkdiyi bir sıra inzibati, təhsil və tibbi binalar xaricdən göndərilmiş erməni diasporunun maddi yardımı ilə inşa olunub və avadanlıqlarla təchiz edilib. Sahə Qiymətləndirmə Missiyasının nəticələri işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin aparılması ilə bağlı Azərbaycanın narahatçılığının əsaslı olduğunu təsdiqləyir. Missiyanın müşahidələri Ermənistanın əsas norma və prinsipləri, xüsusilə güc tətbiq etməmək prinsipini pozduğunu və işğal ilə bağlı status-kvo-nu (mövcud vəziyyət) möhkəmlətmək cəhdlərini bir daha təsdiqləyir.
Nazirlik bildirir ki, bu faktlar və müşahidələr həmsədrlər tərəfindən hələ 2005-ci ildə qeydə alınıb və o zaman öz tövsiyələrində onlar “bundan sonra işğal olunmuş ərazilərdə hər hansı məskunlaşmaya yol verilməməlidir” və “bu durumun davam etməsi fait accompli (baş vermiş fakt) vəziyyətinə gətirib çıxara bilər ki, bu da sülh prosesini ciddi əngəlləyə bilər” kimi çağırışlar edib.
Həmsədrlər indiki tövsiyələrində də eyni narahatlıqları və çağırışları ifadə ediblər. “Təəssüf ki, Ermənistan son altı il ərzində həmsədrlərin çağırışlarına əməl etməyib və münaqişənin həlli prinsipinə hörmətsizlik nümayiş etdirməkdədir”, - məlumatda vurğulanır.
Nazirlik bildirir ki, Azərbaycan Sahə Qiymətləndirmə Missiyanın status-kvonun saxlanılmasının qəbul olunmazlığı ilə bağlı əsas bəyanata diqqəti yönəldərək, Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətinə son qoymağı tələb edir. “Azərbaycan aydın şəkildə bəyan edir ki, Ermənistanın bu istiqamətdə davamlı siyasətinə dözüm göstərilməyəcək. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmaların mövcudluğu həyata keçirilən danışıq prosesinə əngəllər yaradır və münaqişənin davamlı həllinə nail olunması perspektivlərini ciddi sual altına qoyur. Buna görə də bu problemə çevik və xüsusi yanaşma tələb olunur”.
Xarici İşlər nazirliyi bəyan edir ki, münaqişənin davamlı həlli işğal olunmuş ərazilərdən zorla qovulmuş bütün Azərbaycanlı əhalinin öz doğma yurdlarına qayıtması yolu ilə əldə edilə bilər: “İşğal olunmuş ərazilərdəki hazırkı vəziyyət erməni hərbi qüvvələrinin bu ərazilərdən çıxarılmasının və orada bərpa işlərin aparılmasının ləngitməsinə hər hansı bir bəhanə kimi göstərilə bilməz”. Xatırladaq ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müraciəti əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində Sahə Qiymətləndirmə Missiyasını (SQM) həyata keçirib.
Bu missiyanın həyata keçirilməsində ATƏT sədrinin xüsusi nümayəndəsi və onun komandası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından iki mütəxəssis və ATƏT-in 2005-ci ildəki faktaraşdırıcı missiyasının bir üzvü həmsədrlərə qoşulub.

XS
SM
MD
LG