Accessibility links

Azərbaycan Avropa Parlamentinə və Polşaya etiraz notası verib


Azərbaycan Avropa Parlamentinə və Polşaya etiraz notası verib

Azərbaycan Avropa Parlamentinə və Polşaya etiraz notası verib

Avropa Parlamentinin Ermənistanda səfərdə olan məruzəçisi Ermənistan ərazisindən Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa səfər edib

Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomas Porebanın Azərbaycanın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etməsi ilə əlaqədar olaraq, 21 dekabr 2010-cu il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rolan Kobiya və Polşa Respublikasının Azərbaycandakı səfiri Mixal Labenda Xarici İşlər Nazirliyinə dəvət edilib və məsələ ilə bağlı Azərbaycan tərəfinin etiraz notası qarşı tərəfə təqdim edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Baş vermiş hadisənin Azərbaycan tərəfinin ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılmış və respublikamızın işğal edilmiş ərazilərinə onun razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına girişi arzuolunmaz şəxslər siyahısına daxil edildiyi qeyd edilmişdir.

Avropa İttifaqı institutları və eyni zamanda, Polşa hökumətindən bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür təhrikçi addımlara qarşı zəruri tədbirlər görülməsi təkidlə xahiş edilmişdir”, - deyə mətbuat xidmətinin məlumatında qeyd edilir.

Xatırladaq ki, Avropa Parlamentinin Ermənistanda səfərdə olan məruzəçisi Ermənistan ərazisindən Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa səfər edib.

XS
SM
MD
LG