Accessibility links

Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planını sistemli icra etmir


Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planını sistemli icra etmir

Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planını sistemli icra etmir

Şəffaflıq Azərbaycan təşkilatı ümid edir ki, bu hesabat, hökumətə təcili islahatların həyata keçirilməsinin vacib olduğu sahələrin müəyyənləşdirilməsi işində köməklik edəcək və hökumətin Avropa Qonşuluq Siyasəti qarşısında götürdüyü öhdəliklərin sistemli şəkildə icrasına gətirib çıxaracaq.

“Şəffaflıq Azərbaycan” İctimai Birliyi Azərbaycanın 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində götürdüyü öhdəliklərin həyata keçirilməsinin monitorinqinin nəticələrini açıqlayıb.
Hesabatda deyilir ki, nisbi irəliləyiş qeydə alınmasına baxmayaraq (ötən illə müqayisədə göstərici 63%-dən 67% qədər yüksəlib), məhkəmələrin icra hakimiyyətindən yüksək asılılığı hələ də qalır və bunu tənzimləyən qanunlar effektiv icra mexanizmləri ilə dəstəklənmir. “Dövlət qulluğu sahəsində irəliləyişlərin ümumi göstəricisi 44%-dən 56%-ə yüksəlib. Dövlət qulluğuna qəbul və dövlət qulluqçularının peşəkarlıq kurslarına, eyni zamanda etik davranış və düzgün idarəçiliklə bağlı təlimlərə cəlb edilməsi istiqamətində xeyli irəliləyişlər əldə olunub. Bununla belə, dövlət qulluqçularını rəhbərlərinin qərəzli qərarlarından qoruyan effektiv mexanizmlərin mövcudluğu sahəsində boşluqlar qalır. Dövlət qulluğu sahəsində korrupsiyaya ən çox şərait yaradan satınalma qaydalarında dəyişikliklər edilsə də, proses hələ də qaranlıq olaraq qalır”.
Sənədə görə, GRECO tövsiyələrinin icra vəziyyətinin analizi göstərir ki, çirkli pulların yuyulmasının qarşısının alınması istiqamətində ötən illə müqayisədə kiçik irəliləyiş qeydə alınıb. Göstərici 64%-dən 67%-ə yüksəlib. “Amma bir sıra qanunlar və normativ hüquqi aktların qəbul olunmasına ehtiyac var. Bunlar “Hüquqi şəxslərin cinayət məsuliyyəti haqqında”, “Dövlət rəsmilərinin maliyyə deklarasiyasının tərtibatı və maraqların toqquşması haqqında”, eyni zamanda dövlət məmurlarının dövlət qulluğundan kənar digər hüquqi sahədə fəaliyyətinə yol verilməməsi ilə bağlı qanunlardır.
Bununla yanaşı, Azərbaycan tərəfindən beynəlxalq tövsiyələrin yerinə yetirilməsi səviyyəsi eyni deyil. “Bəzi sahələrdə kifayət qədər uğurlu fəaliyyət nəzərə çarpır, bəzi sahələrdə uğurlu addımlar atılsa da, bu, tam deyil, bəzi konkret sahələrdə isə ümumiyyətlə xeyli sayda çatışmazlıqlar mövcuddur. Bütün bunlar belə bir mənzərə yaradır ki, uzunmüddətli islahatların strategiyası hələ tam formalaşmayıb və islahatlar müntəzəm qaydada həyata keçirilmir”.
Şəffaflıq Azərbaycan təşkilatı ümid edir ki, bu hesabat, hökumətə təcili islahatların həyata keçirilməsinin vacib olduğu sahələrin müəyyənləşdirilməsi işində köməklik edəcək və hökumətin Avropa Qonşuluq Siyasəti qarşısında götürdüyü öhdəliklərin sistemli şəkildə icrasına gətirib çıxaracaq.
Bu layihə Norveç Xarici İşlər Nazirliyinin regional layihəsinin tərkib hissəsidir və Transparency International təşkilatının koordinasiyası ilə Ermənistan, Gürcüstan və Azərbaycan tərəfindən Avropa Qonşuluq Siyasətinin yerinə yetirilməsinin monitorinqini həyata keçirir. Əsas məqsəd monitorinq işinin nəticələrini yüksəltmək, o cümlədən Avropa Qonşuluq Siyasəti çərçivəsində korrupsiya ilə mübarizə ilə əlaqəli olan sahələrdə əldə edilən irəliləyişlərin səviyyəsinin indikatorlara əsaslanan qiymətləndirilməsidir. Hesabatda yer alan materiallar qanunvericilikdən və müvafiq sənədlərdən, eyni zamanda 2011-ci ilin fevral və mart aylarında bu sahə üzrə ixtisaslaşmış şəxslərdən alınan müsahibələrdən əldə edilib. Hesabat 2010-cu ilin sonuna olan vəziyyəti əhatə edir. 2010-cu ilin sonunda qəbul edilib, 2011-ci ildə qüvvəyə minən qanunlar hesabat hazırlanarkən nəzərə alınmayıb və bu istiqamətdə olan məlumatlar toplanmayıb.

XS
SM
MD
LG