Accessibility links

Azərbaycan Deportasiya Qurbanları Mərkəzi təsis edilib


Azərbaycan Deportasiya Qurbanları Mərkəzi təsis edilib
Azərbaycan Deportasiya Qurbanları Mərkəzi təsis edilib

Qərbi Azərbaycandan deportasiya olunanların ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanladığı müraciətdə deyilir ki, ya referendum məsələsi “Madrid prinsiplərinin” gündəliyindən çıxarılsın, ya da Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən hər iki tərəfə - münaqişəyə qədər Ermənistanda kompakt şəkildə 14 rayonda yaşayan 220 min azərbaycanlıya və Dağlıq Qarabağda yaşayan ermənilərə eyni şərtlərlə aid edilsin.

Azərbaycan Deportasiya Qurbanları Mərkəzi yaradılıb. Aprelin 20-də Azərbaycan Deportasiya Qurbanları Mərkəzinin daimi fəaliyyət göstərəcək işçi qurumu elan edilib. Tanınmış politoloq Eldar Namazova qurumun adından beynəlxalq təşkilatlarla danışıqlar aparmaq səlahiyyəti verilib. Bu barədə qurumun məlumatında deyilir.
Mərkəzin nizamnaməsinə görə, ictimai birlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirak edən Azərbaycanın dövlət qurumlarına daim dəstək verəcək, işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonları təmsil edən icmalarla əlbir fəaliyyət göstərəcək. “Hər bir qərbi azərbaycanlı Azərbaycan Deportasiya Qurbanları Mərkəzinə üzv ola bilər. Təşkilat açıq və şəffaf fəaliyyət göstərir”, - sənəddə qeyd edilir.
Mərkəz bildirir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar təhlükəli həddə çatır: “ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar gizli saxlanılsa da, mətbuata sızan məlumatlara görə, “Madrid prinsipləri” deyilən sənədin sonuncu müddəası - Dağlıq Qarabağın hüquqi statusunun referendum yolu ilə həlli ətrafında müzakirələr gedir. Məsələnin bu istiqamətdə həlli isə münaqişənin nizamlanmasını yox, ziddiyyətlərin daha kəskin həddə çatmasını vəd edir”.

Azərbaycan Deportasiya Qurbanları Mərkəzi hesab edir ki, münaqişənin həllinə bu cür yanaşma daha böyük miqyaslı münaqişələrə yol aça bilər. “Dağlıq Qarabağ ətrafında baş verən ziddiyyətlər axarında öz tarixi vətənindən - Qərbi Azərbaycandan (indiki Ermənistandan) ən azı, sonuncu dəfə qovulan 220 min azərbaycanlının aqibəti qəsdən unudulur və hüquqları tapdana bilər. Belə olduqda ATƏT-in qəbul etdiyi, Avropa məkanında xalqların bərabərliyi və birgəyaşayış prinsipləri kobud şəkildə pozular. Bu narahatlıq əslən Qərbi Azərbaycandan olan ziyalıları bu il martın 24-də bir araya gətirib. Onlar qərara alıblar ki, bununla bağlı ilk olaraq Minsk Qrupuna üzv olan ölkələrin həmsədrlərinə müraciət edilsin”.

Qərbi Azərbaycandan deportasiya olunanların nümayəndələrinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanladığı müraciətində deyilir ki, ya referendum məsələsi “Madrid prinsiplərinin” gündəliyindən çıxarılsın, ya da Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən hər iki tərəfə - münaqişəyə qədər Ermənistanda kompakt şəkildə 14 rayonda yaşayan 220 min azərbaycanlıya və Dağlıq Qarabağda yaşayan ermənilərə eyni şərtlərlə aid edilsin.

XS
SM
MD
LG